Vyana Ştraus Festival Orkestrinin
Heydər Əliyev Mərkəzində konserti
olub
Məşhur Vyana Ştraus
Festival Orkestri dekabrın
1-də Heydər Əliyev
Mərkəzində “Mənim
həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.
Konsertdə dünya şöhrətli
avstriyalı bəstəkar,
“Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin
əsərləri ifa
olunub.
Orkestrin
yaradıcısı və
bədii rəhbəri
Peter Qut Ştraus
dövrünün ənənələrinə
sadiq qalaraq konsertdə həm skripkada ifa edib,
həm də dirijorluq edib. İohan Ştraus
ənənəsinin davamçısı
olan sənətkarın
ifası böyük maraqla qarşılanıb.
Peter Qut bu dəfə də konsert boyu tamaşaçılarla
səmimi ünsiyyət
qurub. O, Bakıya ikinci dəfə gəlişindən və
nadir memarlıq nümunəsi
olan Heydər Əliyev Mərkəzində
bir daha konsert verməyindən böyük şərəf
duyduğunu bildirib.
Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim
olunub. Solist öz ifası
və yüksək artistik məharəti ilə tamaşaçıları
ifa olunan əsərlərin qəhrəmanlarına
qısa zaman kəsiyində olsa da yaxınlaşdırıb.
Qeyd edək
ki, Peter Qut konsertdən əvvəl jurnalistlərə müsahibəsində
Bakıya hələ
ilk gəlişində bu
şəhərin gözəlliyinə
və müasirliyinə
valeh olduğunu söyləyib. Vyanada gözəl tikililərin
olduğunu qeyd edən görkəmli musiqiçi Heydər Əliyev Mərkəzinin zalında akustikanın mükəmməlliyini xüsusilə
vurğulayıb. O, həmçinin
diqqətə çatdırıb
ki, Vyana musiqisi çox müsbət və optimistdir. Təəssüf ki, dünyanın
bəzi ölkələrində
müharibə gedir, böhranlar baş verir. Bizim orkestr musiqinin
dili ilə insanlara dünyanın gözəl olduğunu aşılamağa, konsert
müddətində tamaşaçılara
xoş anlar bəxş etməyə çalışır.
Xatırladaq ki, Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzinin səhnəsində ilk dəfə
2014-cü ildə çıxış
edib və tamaşaçılara bayram
əhvali-ruhiyyəsi yaşadıb.
Ştraus Festival Orkestri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu,
Avropanın aparıcı
musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.
Dünya şöhrətli orkestrin
Bakıda ikinci çıxışı da
tamaşaçıların sürəkli alqışları
ilə qarşılanıb.
Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı
və bədii rəhbəri Peter Qutla görüşüb.
Yeni Azərbaycan.- 2016.- 2 dekabr.- S.2