Dövlət müşaviri
Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi
göz qabağındadır
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Misirin məşhur “Əl-Əxbar” media holdinqinin geniş oxucu kütləsinə malik “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti haqqında məlumat verməyinizi xahiş edirəm.
- Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü
fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə
dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Prezidentin Sərəncamı
ilə 2016-cı il Azərbaycanda
“Multikulturalizm ili” elan edilib. Bu, o deməkdir ki,
Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələri
multikulturalizm istiqamətində müəyyən fəaliyyət
göstərir, fikirlərini söyləyir, Azərbaycan
multikulturalizmini, yəni, Azərbaycan insanının
canına, qanına xas olan dəyərləri dünyaya
çatdırmaq istəyirlər.
İki il bundan əvvəl Prezidentin müvafiq fərmanları
ilə Azərbaycan Respublikasının millətlərarası,
dini və multikulturalizm məsələləri üzrə
Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradılıb.
Həm dini və etnik məsələlər, həm
multikulturalizm bir-biri ilə sıx əlaqəlidir. Azərbaycanda
çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif
dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər boyu bunlar bir-birinə xoş
qardaşlıq münasibətləri sərgiləyiblər.
İslam dini heç zaman başqa dinlərin
nümayəndələrinə yuxarıdan aşağı
baxmayıb. Biz müsəlman olmuşuq,
amma Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi
dinlərin nümayəndəsi kimi həmişə müsbət
münasibət bəsləmişik. Bütün
bu insanlar arasında olan münasibət, müxtəlif
xalqların və fərqli dinlərin nümayəndələrinə
münasibət əsrlərdən bəri Azərbaycan
yazıçılarının və şairlərinin əsərlərində
öz təsvirini tapıb.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin bu yaxınlarda Azərbaycan
və rus dillərində nəşr etdiyi “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında
X-XI əsrlərdən bəri Azərbaycan ədəbiyyatının
böyük söz ustadları başqa dinlərin və digər
millətlərin nümayəndələrinə öz gözəl
hisslərini və arzularını bildirirlər. Bizim yazıçılarımızın, şairlərimizin
əsərlərində İsa peyğəmbərə, Musa
peyğəmbərə, Süleyman peyğəmbərə, Məryəm
Anaya, eləcə də başqa dinin nümayəndələrinə
son dərəcə yüksək tolerant münasibət bəslənilir.
Onların həm adları, həm də
gördükləri işlər təbliğ olunur. Bütün bu münasibət Azərbaycan cəmiyyətində
bu günə qədər yaşayır. Bu,
bir azərbaycanlı dünyagörüşünün,
psixologiyasının və əxlaqının təzahürüdür.
Nəhayət, Azərbaycanda əsrlərdir
mövcud olan belə bir multikulturalizm dağ
çayını Ulu öndərimiz Heydər Əliyev siyasi
bir məcraya saldı. Azərbaycan Konstitusiyasında, Ulu
öndərin verdiyi sərəncamlarda, fərmanlarda Azərbaycanda
yaşayan müxtəlif xalqların dilinin, mədəniyyətinin,
tarixinin öyrənilməsinin və inkişaf etdirilməsinin
siyasi cəhətdən təsbiti öz əksini tapdı. Ulu
öndər məşhur bir sitatında vurğulayır: “Azərbaycanda
yaşayan xalqların gücü bütünlükdə Azərbaycanın
gücüdür”. Ümummilli lider Prezidentliyi
dövründə bu xalqların dillərinin, mədəniyyətlərinin
inkişafı üçün çox işlər həyata
keçirib. Bu siyasi xətti öz fəaliyyətində
əsas götürən Prezident İlham Əliyev o ənənələri
davam etdirməyi qarşısına məqsəd qoyub. Dövlətimizin başçısı Azərbaycan
multikulturalizminin gözəl ənənələrini
dünyaya təqdim etmənin yollarını göstərir,
eyni zamanda, dünyadakı multikultural proseslərdən Azərbaycanda
istifadə olunmasının şərtlərini önə
sürür.
Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı,
xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin
nümayəndələri çox normal tolerant münasibətlə
yanaşı yaşamaqdadırlar. Azərbaycanda
multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə
çatıb ki, buradakı məzhəblərin nümayəndələri
də bir -biri ilə son dərəcə isti və mehriban
münasibətdədirlər. Məsələn,
dünyanın ən böyük və ən gözəl məscidlərindən
biri olan Heydər məscidində bu gün Azərbaycan
sünniləri və Azərbaycan şiələri bir cərgədə
namaz qılırlar. Müxtəlif dinlərə
məxsus insanların bir-birinə belə mehriban münasibətini
görəndə bəzən Avropadan gələn xaricilər
təəccüblənirlər. Onlar bizə tez-tez sual
verirlər: “Necə olur sizdə belə bir əhvali-ruhiyyə
mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum
yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik:
“Başqa cür necə ola bilər ki?”
Biz əsrlər boyu həmin o xristianlarla, yəhudilərlə
bir yerdə yaşayıb bir yerdə
formalaşmışıq. Mənəviyyatımız, mədəniyyətimiz
bir regionun daxilində, bir vətənin içindədir: əsrlər
ərzində biz azərbaycanlılaşmışıq.
Bu gün Azərbaycanı gəzsəniz, adı “Ərəb”
olan bir neçə kənd görərsiniz. Onlar bəlkə
də nə vaxtsa ərəb olublar. Amma bu
gün onlar azərbaycanlıdırlar. Eyni
şəkildə bu gün Azərbaycanda yaşayan ruslar da,
gürcülər də, ləzgilər də, talışlar
da, yəhudilər də və başqa xalqların nümayəndələri
də bu gün azərbaycanlıdırlar. Biz dünyaya bu gün bu multikulturalizm modelini, bu Azərbaycanı
təqdim etməyə çalışırıq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılandan bəri çox böyük layihə həyata keçirir. Bu layihəyə
əsasən, hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan
multikulturalizmi fənni tədris edilir. Mərkəz
xarici ölkələrdə Azərbaycan multikulturalizmini
öyrənən tələbələr üçün
mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və
qış məktəbləri təşkil edir. Bununla
da həmin gənclər nəzəri şəkildə
öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani
şəkildə tanış ola bilirlər.
Bu, o deməkdir ki, onlar burada Azərbaycan
tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini,
mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər
və bu fənni öyrənə-öyrənə onların
Azərbaycana olan məhəbbəti artır. Azərbaycanın
multikultural dəyərlərini dərindən mənimsəyən
və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva,
İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan,
İndoneziya, Bolqarıstan, Çexiya və Polşa
universitetlərindən olan gənclər keçən il təşkil
olunan yay məktəbində öz təşəbbüsləri
ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai
Birliyini yaradıblar.
Biz Misir səfirliyinin mədəniyyət attaşesi ilə
danışıqlar zamanı qərara gəlmişik ki,
yaxın gələcəkdə Misir Ərəb
Respublikasında da Azərbaycan multikulturalizmi fənni tədris
edilməyə başlansın. Bu addımın hər
iki ölkə üçün faydalı olacağını
düşünürəm. Yəni, biz Azərbaycanı
həmin ölkədə təbliğ etməklə
yanaşı, eyni zamanda, həmin ölkəni də Azərbaycanda
təbliğ etmiş oluruq.
- Sizin
fikirlərinizə istinad olaraq bilmək istərdim, cəmiyyətin,
xalqın multikultural olması üçün hansı şərtlər
vacibdir?
- Bu
gün müxtəlif təhlükəsizlik doktrinaları
mövcuddur: Qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik,
enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik. Düşünürəm ki, bunlarla yanaşı,
multikultural təhlükəsizlik anlayışı da var.
Bugünkü dünyada bütün ölkələrin öz
multikultural təhlükəsizliyini təmin etməsi gərəkdir.
Bu, o deməkdir ki, ölkə daxilində
müxtəlif konfessiyaların, müxtəlif dinlərin məzhəblərinin,
fərqli millətlərin nümayəndələrinin
qardaş kimi mehriban yaşaması təmin olunmalıdır.
Buna nail olmaq üçün ölkə rəhbərinin
siyasi iradəsi lazımdır. Azərbaycanda bu,
belə həll olunur. Azərbaycanın rəhbəri
Prezident İlham Əliyev müxtəlif konfessiyalara və
müxtəlif xalqların nümayəndələrinə bərabər
münasibət bəsləyir. Bu,
özünü onlara olan mənəvi və maddi münasibətdə
özünü göstərir. Prezident
dini və etnik icmaların heç birini o birindən
üstün və ya aşağı tutmur, buradan isə
onların bir-biri ilə mehribanlığı ortaya
çıxır.
Faktiki olaraq bu gün Avropada multikulturalizm siyasəti ilə
bağlı iki qütb formalaşıb. İki
qütbün birində Qərbi Avropanın aparıcı
ölkələri - Fransa, Almaniya, İngiltərə qərar
tutub. Onlar multikulturalizmin öz ölkələrində
iflas etməsini önə çəkirlər.
Onların fikrincə, multikulturalizm bu ölkələrdə
heç cür inkişaf edə bilməz, çünki o
ölkələrə gələn miqrantlar, o ölkələrin
dinini, mədəniyyətini qəbul edib assimilyasiya ola bilmirlər. “Bədbin
qütb” adlandırdığımız bu qütbün siyasi
ifadəsini İngiltərənin keçmiş Baş naziri
Devid Kemeron ifadə edib. O, 2011-ci ildə Münxen Təhlükəsizlik
Konfransındakı çıxışını hətta “Mənim
multikulturalizmə qarşı müharibəm”
adlandırmışdı.
Digər qütbü “nikbin qütb” adlandırmaq olar. Mən bu
qütbdə Azərbaycanı və Azərbaycan Prezidentinin
multikulturalizmin bu gününə və gələcəyinə
nikbin münasibətini görürəm. Azərbaycanda
multikulturalizmin çiçəklənməsi göz
qabağındadır. Azərbaycan cəmiyyətində
nə üçün multikultural bir əhvalın hökm
sürməsinin bir başqa cavabı da var. Multikulturalizm əslində
müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi ölkələrdə multikulturalizm
müxtəlifliklərin birliyi kimi ilkin mahiyyət
daşıyır, yəni, burada ilkin müxtəliflik
özünü göstərir. Ən qədim
zamanlarda müxtəlif xalqlar, fərqli din
daşıyıcıları bir-birinin yanında
yaşayıb formalaşıblar. Nə
anlaşılmazlıqlar olubsa tarixin uzaq dövrlərində
qalıb. Bu gün bu müxtəlifliklər
Azərbaycan adlı birliyin içindədir. Onlar bir-birilərinin mədəniyyətinə,
bir-birilərinin fərqlənən xüsusiyyətlərinə
hörmət və ehtiramla yanaşa bilirlər. Avropa ölkələrində isə belə deyil.
Orada multikulturalizmin iflasa uğramasının
obyektiv səbəbləri də var. Bu, ondan ibarətdir ki,
orada həmin müxtəliflik sonrakı müxtəliflikdir.
Avropa ölkələrinə gələn
başqa dinin, başqa millətin nümayəndələri
artıq özünü təsbit etmiş, özünəinamlı
mədəniyyətləri gətirirdilər və yerli mədəniyyətlə
gəlmə mədəniyyət arasında qarşıdurma,
ziddiyyət baş verirdi. Görünür,
belə ölkələrdə siyasi müdaxilə daha kəskin
və daha məqsədəuyğun qurulmalıdır.
Müxtəlifliyin ilkin olduğu ölkələrdə
multikulturalizmin təntənəsini görə bilirik. Bunun baş
verməsi üçün sadəcə siyasi iradə və
siyasi dəstək lazımdır. Bu siyasi
dəstək də xalqın, cəmiyyətin daxili ruhuna
uyğun olanda multikultural əhval hökm sürür.
- Prezident
İlham Əliyev 2016-ci ili Azərbaycanda
“Multikulturalizm ili” elan edib. Bu il çərçivəsində
Azərbaycanda və Azərbaycandan kənarda hansı layihələr
həyata keçirilir?
- Bununla
bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə
yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının,
Azərbaycan universitetlərin, müxtəlif nazirliklərin və
təşkilatların həyata keçirdiyi tədbirlər
planı var. Həmin qurumların hər birinin irəli
sürdüyü təkliflər bütövlükdə
Prezident tərəfindən təsdiqlənmiş ümumi bir
Tədbirlər Planına çevrildi. Bu Tədbirlər
Planına əsasən adıçəkilən qurumlarda
müxtəlif konfranslar keçirildi. Eyni
zamanda, müxtəlif universitetlərdə, elmi, dini məclislərdə
Azərbaycan multikulturalizminin təbliği və təşviqi
ilə bağlı tədbirlər oldu. Azərbaycanda fəaliyyət
göstərən dini konfessiyaların rəhbərləri
Almaniyada, İngiltərədə, İspaniyada,
İsveçdə və başqa ölkələrdə həmin
ölkələrin din xadimləri ilə görüşlər
təşkil etdilər, çox böyük və faydalı
müzakirələr keçirildi, islamla xristianlıq, islamla
yəhudilik arasında olan məsələlər müzakirə
olundu, ölkələrarası münasibətlər nəzərdən
keçirildi, Azərbaycan multikulturalizminin bu elçilərini
xarici ölkələrdə in ən yüksək səviyyədə
qəbul etdilər.
O elçilərin
sırasında Qafqaz Müsəlmanlar İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadənin
adını çəkə bilərəm.
Şeyxülislamla birgə Roma-Katolik Kilsəsinin Azərbaycandakı
apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri dağ yəhudiləri
dini icmasının sədri Milix Yevdayev, Azərbaycan
Respublikasının Alban-Udi Xristian icmasının sədri
Robert Mobili və başqa konfessiya nümayəndələri
bir yerdə bir çox xarici ölkələrdə Azərbaycan
həqiqətlərini dilə gətirdilər.
Əslində, biz Azərbaycan multikulturalizmi çərçivəsində
öz həqiqətlərimizi bir daha dünyaya
çatdırmaq imkanı əldə etmişik. Siz bilirsiniz
ki, bizim Dağlıq Qarabağ problemi kimi böyük bir
problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan
tərəfindən sovet imperiyası zamanı işğal
olunub. Bütün dünyanın
sülhsevər ölkələri Ermənistanı bu
işğala son qoymağa çağırır, amma Ermənistan
rəhbərliyi hətta öz xalqının belə
düşməninə çevrilərək bu
işğalçı siyasətini davam etdirir. Sizə
bir fakt deyim: Bakının mərkəzində gözəl bir
bina var - erməni kilsəsi, bu gün kitabxana kimi fəaliyyət
göstərir. Amma Dağlıq Qarabağda bu
gün Azərbaycan müsəlman məscidləri, mədəni,
mənəvi abidələr hamısı darmadağın
edilib.
Xaricdə
həyata keçirdiyimiz layihələrə gəlincə,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya,
İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və
Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində
filialları fəaliyyət göstərir. Bununla
biz öz işimizi bitmiş saymırıq. Başqa
layihələr də var və bu çərçivədə
xarici ölkələrdə və Azərbaycanda ən uzaq kəndlərdə
belə müxtəlif konfranslar, “dəyirmi masa”lar
keçirilir və keçiriləcək. Əslində
multikulturalizmi təbliğ etməklə xalq və cəmiyyət
bir daha öz keçmişinə dönür və öz gələcəyini
daha aydın şəkildə görür. Görülən işlər çoxdur. Mən ancaq kiçik bir hissəsini diqqətinizə
çatdırdım.
- Bildiyimə
görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
“Kitabi-Dədə Qorqud”dan “Basatın Təpəgözü
öldürdüyü” boyu 25 dildə nəşr etdirib. Bunu da Azərbaycan multikulturalizminin bir hissəsi hesab
edə bilərikmi?
- “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri,
mifologiyası üzərində yaranmış xalq
dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycanın
ən qədim dövründən təxminən X əsrə
qədərki tarixini özündə əks etdirən mənəvi
bir xəzinədir. Ona görə də “Kitabi-Dədə
Qorqud” dastanından bir boyun 25 dildə çap
olunmasının öz mənası var. Azərbaycan Prezidenti
bir il bundan əvvəl “Kitabi-Dədə Qorqud”
dastanının alman dilində ilk tərcüməsi və nəşrinin
200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam
imzaladı. Düz 200 il bundan əvvəl 1815-ci ildə Alman
alimi Fridrix Henrix Fon Dits “Kitabi-Dədə Qorqud”
dastanlarının əlyazmasını nəşr edib və
“Basatın Təpəgözü öldürdüyü” boyu
alman dilinə tərcümə edib. Onun vasitəsilə
dünya “Kitabi -Dədə Qorqud”la tanış
oldu. Multikulturalizm Mərkəzi tərəfindən həmin
boy və alman alimin yazdığı müqəddimə Azərbaycan,
ingilis, alman, rus, türk, macar, italyan, fransız, yunan,
Çin, krayna, fars, hind, gürcü, erməni, yapon, ivrit,
talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq, o
cümlədən gözəl və möhtəşəm ərəb
dilinə tərcümə edilərək ayrıca
kitabçalar şəklində nəfis tərtibatla çap
edildi. Bu layihənin icrası ilə Azərbaycanın
multikultural dəyərləri bir daha dünyaya təqdim edildi.
- Son
sualımın istiqaməti bir az
başqadır. Necə oldu ki, siz
“Yarımçıq əlyazma”da bütün dünyanın
diqqətini çəkəcək şəkildə tarixi və
ədəbiyyatı möhtəşəm bir şəkildə
əlaqələndirdiniz?
- Onu Allah
bilir, Allah güc verdi bacardım. İndi hərdən
romanı vərəqləyəndə öz-özümə
deyirəm: “Mən bunu necə oldu yazdım?” Bilmirəm.
Ona görə də Allah bilməyənləri
bilənlərin qəzəbindən qorusun. Amma orası da var ki, “Yarımçıq əlyazma”
mənim həm elmi, həm də bədii
araşdırmalarımın fokusuna çevrildi. Azərbaycan mənəviyyatının iki
aparıcı təmayülünün birləşdiyi bədii
məkan oldu. Daha dərindən
Qorqudçuluq mədəniyyəti və onun üstünə
gələn Səfəvilik mədəniyyəti bu romanda
bir-birinin yanındadır. Hər birinin
dünya mədəni xəzinəsinə töhfələri
şübhəsizdir. Başqa mədəniyyətlərin
də bu müstəvidə öz görüntüsü var.
Bəzən bu görüntü gizlinə, əndəruna
çəkilir. Məncə, siz dediyiniz
kimi, romana qarşı maraq və diqqət bolluğu məhz
başqa məkanlarda yaşayanların həm uzaq Oğuz elinə,
həm də öz-özlərinə daha dərindən
baxmaq, bələd olmaq ehtirasından yarandı.
- Bildiyimə
görə, Azərbaycanda çox az sayda
akademik dərəcəsinə nail olmuş şəxsiyyət
var. Siz də bunlardan birisiniz. Bu dərəcəyə nail
olmaq çox çətin oldumu?
-
Universitetin filologiya fakültəsini bitirmişəm, sonra
magistr, elmlər namizədi, aspirantura, elmlər doktoru...
Dilçi türkoloq kimi namizədlik
dissertasiyam “Kitabi-Dədə Qorqud”un dilindən idi. Doktorluq
dissertasiyam Azərbaycan dilinin sintaksisi ilə bağlı olub.
Bu da mənə imkan verib ki, öz dilimin sintaksisini və
üslubi xüsusiyyətlərini cilalaya bilim. Ondan əvvəl
və sonra bədii əsərlərim işıq üzü
görüb. “Gizli Dədə Qorqud” adlı monoqrafiyam
çap olunub. İndi də “Kitabi-Dədə Qorqud”un
poetikası üzərində işləyirəm. Yəni, Dədə
Qorqud sanki işıq saçan bir nur dağıdır.
Bütün gördüyüm işlər bir-biri ilə əlaqəlidir.
Bütün bunlardan sonra təbii ki, yazdıqlarıma qiymət
verən insanlara minnətdar olmalıyam. Mənə qiymət
verən insanlar Azərbaycanın dəyərli alimləri, dəyərli
şəxsiyyətləri və dəyərli vətəndaşlarıdır.
Yeni Azərbaycan.-
2016.- 2 dekabr.- S.5