Regionlarda
ixracyönümlü məhsul istehsalının genişləndirilməsi
diqqət mərkəzində saxlanılır
Mütəxəssislərin qənaətinə görə, bölgələrdə meyvə bağlarının, texniki bitkilər becərilən sahələrin genişləndirilməsi, baramaçılıq üçün etibarlı yem bazasının yaradılması aqrar sektorda istehsal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə artıracaq
Hazırda Azərbaycanın qarşıya qoyduğu mühüm hədəflərdən biri ölkəmizin qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsi ilə bağlıdır. Xarici mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bütünlüklə neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına istiqamətlənib. Yaranmış vəziyyətdə müəyyənləşdirilən vəzifələr neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağa hesablanıb. Respublikamızın yeni ixrac imkanlarının yaradılması baxımından regionlarda kənd təsərrüfatının potensialından səmərəli istifadə olunması da böyük aktuallıq daşıyır.
Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir
Son illərdə davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Ölkədə bir sıra ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi olduqca böyük nailiyyətdir.
Eyni zamanda, Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə olunması və ölkənin aqrar sektorunda ixractutumlu məhsulların istehsalının genişləndirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixractutumlu məhsul istehsalının artırılması, o cümlədən də pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu strateji vəzifə kimi qarşıya qoyub.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.
Paralel şəkildə regionlarda aqrar sektorda ixracyönümlü məhsul istehsalının artmasına nail olmaq məqsədilə davamlı tədbirlər həyata keçirilir. Bir qədər bundan əvvəl İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının (PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixracyönümlü məhsulların sərgisi təşkil edilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və hüquqlarının etibarlı müdafiəsi istiqamətində islahatların həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apelyasiya şuralarının yaradılması, eyni zamanda, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədilə “ABAD” mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir.
Səmərəli təşviq mexanizminin işə salınması yeni ixrac potensialının yaradılması baxımından böyük önəm daşıyır
Ölkəmizdə ixrac tutumlu məhsullar istehsalının genişləndirilməsi ilə paralel surətdə ixracın təşviqi ilə bağlı ardıcıl tədbirlər görülür. Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər. Fərmana əsasən, Qaydada müəyyənləşdirilən dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılıb.
Regionların ixrac imkanlarının artmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər
Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində də yüksək olub. Belə ki, cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir.
Xarici ölkələrin istehlak bazarlarında respublikamızın ayrı-ayrı bölgələrində yetişdirilən xurma da yaxşı tanınır. Hazırda regionlarda, o cümlədən də Ağstafada bağlardan xurma yığımı intensiv şəkildə davam etdirilir. Ağstafalı fermerlər öz məhsullarının Rusiya bazarlarına ixracında maraqlı olduqlarını bildirirlər.
Goranboyda da xurma yığımı davam edir. Bu il rayonda xurmanın məhsuldarlığı və satış qiyməti fermerlərin ürəyincədir. Onlar bir hektar sahədən 10 tona yaxın məhsul götürürlər. Yığılan məhsul iritonnajlı yük maşınlarına yüklənərək dəmir yol stansiyasına daşınır. Buradan isə qatarlar vasitəsilə Rusiya bazarlarına göndərilir.
Respublikamızda gəlirli sahə olan fındıqçılığın geniş inkişaf perspektivləri var
Xarici bazarlarda Azərbaycanda yetişdirilən yüksəkkeyfiyyətli fındığın satışı ilə də bağlı hər hansı bir problem yoxdur. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir.
Yaxın perspektivdə ölkəmizdə fındıq istehsalının daha da artırılması hədəflənib. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına fındıq pöhrələrinin alınmasına 700 min manat ödəniləcək.
Ümumiyyətlə, respublikamızda ixrac potensialı yüksək olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü iş aparılır. Qısa müddətdə Zaqatala rayonunda 300 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş sürətlə davam etdirilir. Yaxın illərdə rayon ərazisində 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. İlkin mərhələdə rayonda fındıq əkinləri ilə əlaqədar 1086 hektar torpaq sahəsi ayrılıb. Fındıq əkini ilə əlaqədar mövcud fındıq bağlarından indiyədək 180 min ədəd pöhrə tədarük olunub.
Qax rayonunda da fındıqçılıq əhalinin əsas gəlir mənbələrindən biri hesab olunur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində iş aparılır. Yaxın illərdə rayon ərazisində 4 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.
İsmayıllıda və Balakəndə yeni fındıq bağları salınır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il avqustun 10-da İsmayıllıda “İSMA BİKES” velosiped zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı iqlim və torpaq şəraitinin əlverişli olduğu İsmayıllıda minlərlə hektar sahədə fındıq əkilməsi barədə tapşırıq vermişdi. Dövlətimizin başçısının tapşırığından sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə bölgədə bar verən 87 hektar fındıq bağlarının nəzarətə götürülərək mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb və bu məqsədlə xüsusi qərargah yaradılıb.
Cari mövsümdə rayonda mövcud bağlardan 250 ton fındıq yığılıb ki, bu da ötənilkindən 38 ton çoxdur. Hazırda bağlarda becərmə işləri, əsasən də budama aparılır. Əksər ərazilərdə, o cümlədən Tircan, Qalınçaq, Topçu, Talıstan, Kürdmaşı, Sumağallı və digər ərazi vahidlərində yeni bağlar salınır. Əkində Qəbələ, Qax, Balakən, Oğuz rayonlarından gətirilən fındıq tinglərindən istifadə olunur. Bu tinglər də tezyetişən “Futkurami”, “Cərkəz-1”, “Cərkəz-2”, habelə “Əşrəfi”, “Qəbələ-17” və digər yerli sortlardır.
Balakəndə də fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində zəruri işlər aparılır. Bu ilin payız əkini mövsümündə rayon ərazisində artıq 1413,2 hektar sahədə yeni fındıq bağları salınıb.
Texniki bitkilərin becərilməsinə diqqətin artması ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək
Cari ilin əvvəlindən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır.
Qeyd edək ki, hazırda 24 rayonda
pambıqçılıq inkişaf edir. 2015-ci ildə 18 min hektardan cəmi 30
min ton pambıq yığılıb. Cari ildə
respublikanın müxtəlif bölgələrində 52 min
hektarda pambıq əkini təmin edilib. Bu isə ötən
ilə nisbətən 2,8 dəfə
çoxdur. 2016-cı ildə ən çox
pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı
yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar),
İmişli (5051 hektar) və Beyləqan (3958 hektar)
rayonları gəlir. Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, dekabrın əvvəlinədək
ölkə üzrə pambıq tədarükü 78 min 210,5 ton təşkil edib. Bu isə 2015-ci il
noyabrın 30-dək olan göstərici ilə müqayisədə
2,3 dəfə çoxdur (34 min 296 ton). Pambıq tədarükünə görə Saatlı
rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 10858,2 ton “ağ qızıl” yığıblar.
Biləsuvarda 9730,9 ton, İmişlidə 8931,3 ton, Ağcabədidə
7861,2 ton, Beyləqanda 6946 ton pambıq tədarük olunub.
Ölkəmizdə pambıqçılığın
inkişaf perspektivləri isə daha genişdir. Gələn il
ayrı-ayrı bölgələrdə 120 min hektar ərazidə
pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya yeni texnologiyaların, yeni suvarma sistemlərinin
tətbiqi sayəsində hər hektardan məhsuldarlığı
indiki 20 sentnerdən minimum 30 sentnerə qaldırmaq kimi mühüm
vəzifə qoyulub. Bu yolla 2017-ci ildə
respublikada pambıq tədarükünü 300 min tona
çatdırmaq realdır.
Yeni iqtisadi şəraitdə tütün kimi gəlirli
sahəyə də diqqət artırılması böyük
perspektiv vəd edir. Tütünçülük
respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi
rayonlarda geniş yayılıb. Hazırda
respublikamızda tütünün əkini ilə 4 şirkət
- “Araz” , “İntertabako” , “İlham”, “Tobako hause” MMC kimi qurumlar
məşğul olur. Bu 4 şirkət məhsul
istehsalçıları ilə müqavilə bağlayaraq
ayrı-ayrı regionlarda tütün əkini həyata
keçirir. Cari ildə respublikamızda
2500 hektarda tütün əkilib və növbəti illərdə
tütün əkilib-becəriləcək sahələr daha
da genişləndiriləcək.
Regionlarda
baramaçılığın şöhrəti geri
qaytarılır
Respublikamızda tarixən gəlirli sahə olan
baramaçılıq sahəsində zəngin ənənələr
formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində,
o cümlədən də Şəki-Zaqatala, Kür-Araz,
Yuxarı Qarabağ və Naxçıvanın düzən və
dağətəyi zonalarında yerli əhalinin
baramaçılıq sahəsində zəngin təcrübəsi
var. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə
ixractutumlu məhsul istehsalının genişləndirilməsi
ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən
biri də baramaçılığın inkişaf etdirilməsi
ilə bağlıdır. Cari ilin əvvəlindən
regionlarda baramaçılığın inkişafı ilə
bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
ardıcıl işlər həyata keçirilib.
Çin Xalq Respublikasından gətirilən 800 qutu və
İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu
toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında
inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə
pulsuz paylanılıb. Stansiyada əlavə
olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək
kümçülərə paylanılıb. Həyata keçirilən bu və digər tədbirlər
nəticəsində barama istehsalı artıb. Əgər
2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir
qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda
qısa müddətdə 70 ton barama istehsal olunub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin
imzaladığı yuxarıda bəhs olunan Sərəncama əsasən
barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil)
tinglərinin alınmasına isə 600 min manat vəsait
ayrılb.
Hazırda
bölgələrdə baramaçılıq
üçün etibarlı yem bazası yaradılır
Respublikanın regionlarında
baramaçılığın intensiv inkişafını
şərtləndirən əsas amillərdən biri tut
bağlarının genişləndirilməsidir. Verilən məlumata görə,
hazırda Azərbaycanda 354 min tut ağacı var.
Baramaçılığın intensiv inkişafına nail
olmaq üçün bu rəqəm əhəmiyyətli dərəcədə
artırılmalıdır. Hazırda bu məqsədlə
zəruri tədbirlər görülür və regionlarda tut
bağlarının sahələri genişləndirilir. Cari mövsümdə ölkə ərazisində 1
milyon 600 min tut tingi əkilməsi nəzərdə tutulub.
Mütəxəssislərin qənaətinə
görə, tut bağlarının genişləndirilməsi
ilə bağlı planlar reallaşdırılacağı təqdirdə
ölkədə barama istehsalını keçən ildəki
232 kiloqramdan 2019-cu ildə 1300 tona çatdırmaq
mümkün olacaq.
Respublikamızda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən dekabrın ilk günlərində ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib. Hava nəqliyyatı ilə respublikaya gətirilmiş tut tingləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Tinglər sonradan bölgüyə uyğun olaraq bəhs olunan bölgələrdən ətraf 37 rayona paylanılacaq.
Hazırda baramaçılığın etibarlı yem bazasının yaradılması istiqamətində tədbirlər ayrı-ayrı bölgələrdə daha intensiv şəkildə həyata keçirilir. Tovuz rayon İcra Hakimiyyətindən bildiriblər ki, yeni tut tinglərinin əkilməsi üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Az vaxtda rayonda 2 min ədəd tut tingi əkilib. Tut tingləri rayonun meşə massivində və Mülkülü kəndi ərazisində əkilib. Daha 10 min tut tinginin əkilməsi də nəzərdə tutulub.
Kürdəmir rayonunda da vaxtilə ənənəvi sahə hesab olunan baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, yeni tut tinglərinin əkilməsi üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Az vaxtda bölgədə 5800 ədəd tut tingi əkilib. Bundan 5000 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Meşə Təsərrüfatı İdarəsi tərəfindən Kürdəmir ərazisindəki meşə torpaqlarında, 800 ədədi isə Kürqırağı ərazilərdə, o cümlədən Köhünlü, Mollakənd ərazi vahidlərində əkilib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 7 noyabr.- S.8