Regionlarda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Bölgələrdə aqrar sektorun inkişafı respublikanın ərzaq məhsulları ilə təminat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirib

Spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğununinnovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu, istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülürmühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir və ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Bunlara paralel olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.

Ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı həmçinin “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə sənaye əsaslı aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan geniş istifadə edilməsinə, yeni emal müəssisələrinin yaradılmasına münbit zəmin formalaşdırır. Elə ölkələr var ki, orada aqrar sektorun inkişafından söhbət belə gedə bilməz. Azərbaycanda isə münbit torpaqlar, əlverişli coğrafi amillər aqrar sahənin intensiv metodlarla inkişafına geniş imkanlar açır. Ölkəmizin coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada qabaqcıl dünya təcrübəsini, bir sıra intensiv metodları tətbiq etməklə həm heyvandarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək və bu əsasda ölkənin daxili istehsal imkanlarını artırmaq, əhalinin ərzaq təminatını gücləndirmək, eyni zamanda, yeni ixrac bazarlarına çıxmaq mümkündür.

Bütövlükdə, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici dünya üzrə orta göstəricidən çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qidasüd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.

Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Vurğuladığımız kimi, Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Heyvandarlıqda əldə olunan uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib. Ümumiyyətlə, bu sahədə davam etdirilən işlər aqrar sektorun inkişafının təşviqi baxımından əhəmiyyət kəsb edir. Bütövlükdə, regionlarda aqrar sektorun inkişafı respublikanın ərzaq məhsulları ilə təminat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirib.

Nurlan QƏLƏNDƏRLİ

Respublika.- 2016.- 8 dekabr.- S.8