Azərbaycanı yüksək
infrastruktur təminatına malik ölkəyə çevirmək mühüm vəzifə kimi
müəyyənləşdirilib
Bölgələrin qazlaşdırılması, eləcə də regionlarda elektrik enerjisinin təminatı ilə bağlı həyata keçirilən layihələr bu baxımdan müstəsna əhəmiyyət kəsb edir
Sirr deyil ki, həyata keçirilən uğurlu daxili siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı intensiv xarakter daşıyır, əldə edilən nailiyyətlər bu inkişafın davamlı olacağına əminlik yaradır. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, iqtisadi fəallığın artırılması və digər reallıqları da qeyd etmək lazımdır.
Ümumiyyətlə, institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan qeyri-neft sənayesinin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı infrastruktur layihələrinin uğurla reallaşdırılmasını təmin edib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Ümumiyyətlə, son 13 ildə paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır.
Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır. Son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Beləliklə, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə, 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, 2015-ci ildə Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur və bu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.
O da qeyd edilməlidir ki, regionların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2016.- 9 dekabr.- S.8