Regionlarda yeni meyvə bağlarının və meşəliklərin salınması istiqamətində ardıcıl tədbirlər görülür

 

Respublikamıza gətirilən 1,5 milyon ədəd tut tingi rayonlarda fermerlərə paylanılıb

Dünyanın yeni iqtisadi reallıqları fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu istiqamətdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və ixrac tutumlu məhsulların yetişdirilməsi cari ildə görülən tədbirlər sırasında prioritetliyi ilə seçilir. Məlumdur ki, Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə olunması və ölkənin aqrar sektorunda ixractutumlu məhsulların istehsalının genişləndirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixractutumlu məhsul istehsalının artırılması, o cümlədən də pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu strateji vəzifə kimi qarşıya qoyub.

Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsalixrac imkanları yaradır. Paralel şəkildə regionlarda aqrar sektorda ixracyönümlü məhsul istehsalının artmasına nail olmaq məqsədilə davamlı tədbirlər həyata keçirilir.

Son illərdə ölkəmizdə ekoloji tarazlığın qorunması, həmçinin kənd təsərrüfatının inkişafı üçün regionlarda yeni meşəliklərin və bağların salınması, minlərlə müxtəlif növ ağacların əkilməsi geniş vüsət alıb. Qəbələ rayonunda da meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən bildiriblər ki, rayonda payız mövsümündə yeni meşəliklərin salınması işləri başa çatdırılıb. Ötən iki ay ərzində rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə mədəni meşə salınıb. Bunun 10 hektarında palıd qozalarının səpini aparılıb, qalan 20 hektar əraziyə isə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan 22 min ting əkilib. Bundan əlavə, Qəbələ Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi baramaçılığın inkişafına dəstək məqsədilə tut bağlarının salınması işlərinə də öz töhfəsini verib. Müəssisə tərəfindən meşə fonduna aid torpaqlarda 2 hektar ərazidə 1600 ədəd tut tingi əkilib və yaz aylarında bu istiqamətdə işlər davam etdiriləcək. Qeyd edək ki, bu ilin yazında rayonda 30 hektar ərazidə mədəni meşəlik salınmışdı. Cari ildə ümumilikdə 60 hektar sahədə 56 min ting əkilib. Rayon meşəçiləri ağac əkini üçün 3500 kiloqram palıd, qoz, şabalıd, göyrüş, ağcaqayın, akasiya toxumu tədarük ediblər. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin kollektivi bu ilin payızında 2 hektar sahədə yeni tinglik salıb. Hazırda orada 120 min ədəd ting yetişdirilir. Gələn ilin yaz aylarında növbəti ağac əkini və toxum səpini mövsümünə başlanılacaq.

Məlum olduğu kimi, cari kənd təsərrüfat ilində Azərbaycanda aqrar sektorun davamlı inkişafına nail olmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında ölkəmizin coğrafi şəraitinə uyğun və yüksək məhsuldarlığtı ilə seçilən meyvə-tərəvəz toxumları və tinglərinin Azərbaycana gətirilməsi və fermerlərə paylanılması tədbirləri də diqqət cəlb edir. Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi respublikamıza gətirilib və rayonlara paylanılıb. Ölkəyə gətirilən yeni tut tinglərindən 35 min ədədi İmişli rayonuna verilib. Mütəxəssislərin qənaətinə görə, tut tingləri rayonda baramaçılığın inkişafına mühüm töhfələr verəcək. Yeni gətirilən tinglərin əkini üçün rayonun Göbəktala və Bəcirəvan kənd ərazi nümayəndəliyində kifayət qədər sahə ayrılıb. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama işləri aparılıb, gübrə verilib. Əkinin qısa vaxtda başa çatdırılması üçün ümumrayon iməciliyi keçirilib. Bütün idarə və müəssisələrdən xeyli sayda işçi kampaniyaya cəlb olunub. Tinglərdən 2 min ədədi Göbəktala kəndində əkilib. Qalan 33 min isə Bəcirəvan kənd ərazi nümayəndəliyində ayrılan ərazidə əkilir. Tut bağlarının uzunmüddətli olması üçün dayanıqlı su təminatı da nəzərdə tutulub.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi Səlim Məhərrəmov bildirib ki, tinglərin əkinində mütəxəssislər yaxından iştirak edirlər. Əkilmə qaydasını izah edən mütəxəssislər aqrotexniki qulluq qaydalarının əsas şərt olduğunu bildirirlər. Yüksək məhsuldarlığa malik olan bu ağac növünün gələcəkdə artırılması üçün həmin tinglərin özündən istifadə edilməsi də mümkün olacaq. Yeni əkilən tinglərin yetişdirilməsi və onun mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb.

İntensiv tipli yeni tut bağlarının salınması məqsədi ilə ölkəmizə gətirilən tut tinglərinin 76 min ədədi isə bölgü əsasında Balakən rayonuna göndərilib. Artıq tinglərin əkini tam təmin olunub. Bu barədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Məmməd Şərifov məlumat verərək deyib ki, Çindən gətirilən tut tingləri əsasən bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilib və rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Bundan əlavə, cari ilin payız aylarında rayon ərazisində daxili imkanlar hesabına əldə olunan daha 14 min ədəd tut tingi də əkilib.

Ucarda da bu il 100 min ədəd tut tinginin əkini nəzərdə tutulub. Hələlik 38 min ədəd ting əkilib. Bu günlərdə rayona Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 55 min ədəd ting gətirilib. Tinglər daxili imkanlar hesabına da əldə olunur. Bölgənin bütün ərazilərində, xüsusən daha çox tut tingi əkiləcək Qazıqumlaq, Qaziyan, Yuxarı Şilyan, Müsüslü bir sıra digər ərazi vahidlərində işlər davam etdirilir.

Azərbaycana gətirilən tut tinglərinin 30 mini isə Tərtər rayonuna göndərilib. Tinglər rayonun Gülabatlı, Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı İrəvanlı kəndləri ərazisində, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib. Bundan başqa, Ekologiya Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə son bir ayda rayon ərazisində 1357 ədəd tut tingi əkilib. Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

Prezident İlham Əliyevin bu il avqustun 10-da İsmayıllıya səfəri zamanı verdiyi tövsiyə tapşırıqlara əsasən hazırda rayonda yeni fındıq bağları salınır. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, İsmayıllıda bu il 1000, gələn ilin yazında isə daha 1000 hektarda fındıq bağlarının salınması nəzərdə tutulub. Payız əkini üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Hələlik 232 hektarda yeni bağlar salınıb, 167 min 295 ədəd fındıq tingi əkilib. Qeyd edək ki, yeni bağlar əsasən Topçu, Qalınçaq, Diyallı, Kürdmaşı Sumağallı bələdiyyələrinin ərazilərində salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xaçmaz rayonunda da qarşıdakı iki-üç il ərzində 5 min hektar fındıq bağının salınması nəzərdə tutulub. Bu il əkilməsi nəzərdə tutulan 2 min hektar sahədən 900 hektarında artıq işlər başa çatdırılıb. Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirib. Bu da topraq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi satış qiymətinin münasib olması fermerləri stimullaşdıran amillərdəndir. Xaçmazda fındıq sahələrinin genişləndirilməsi məqsədilə xüsusi komissiya da fəaliyyət göstərir. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 4 min 650 hektar fındıq bağından dörd min tona yaxın məhsul əldə ediblər.

Siyəzəndə ilk dəfə fındıq bağları salınıb. Rayonun Həmyə kəndinin ərazisində 11 hektar sahədə tinglər əkilib. Siyəzən üçün qeyri-ənənəvi sahələrdən olan bağçılığın inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu vaxtadək rayonda həyətyanı sahələrdə cəmi 10 hektara yaxın fındıq bağı olub. Yaxın bir neçə il ərzində fındıq bağlarını 100 hektara çatdırmaq planlaşdırılır.

Ümumiyyətlə, Azərbaycanda cari ildə 10240 hektar sahədə yeni fındıq bağları salınıb. Bununla belə, daha 40 min hektar ərazidə yeni fındıq bağlarının salınması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, 2016-cı ildə Zaqatala, Balakən Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib. Ümumilikdə ölkə üzrə 12 rayonda - Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı Yevlax rayonlarında bağların salınması nəzərdə tutulub. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2016.- 13 dekabr.- S.12