Dövlət proqramlarının uğurlu
icrası aqrar sektorun
inkişafına da təkan verib
Bu il pambıq sahələrindən tədarük olunan məhsul ötən ilkinə nisbətən on dəfələrlə artıqdır
Mənfi xarici təsirlər nəticəsində, o cümlədən də dünya birjalarında neftin qiymətinin aşağı düşməsi fonunda yaranan yeni iqtisadi şəraitdə ölkəyə digər mənbələrdən valyuta daxil olmasını təmin etmək mühüm vəzifə kimi qarşıda durur. Azərbaycan dövləti ölkənin geniş iqtisadi potensialından, ələlxüsus da regionların, aqrar sektorun imkanlarından səmərəli istifadə etməklə respublikanın ixrac imkanlarını genişləndirməyi prioritet kimi qarşıya məqsəd qoyub.
İndiki dövrdə Azərbaycan daxili resurslarına əsaslanaraq iqtisadiyyatın bir sıra sahələrinin intensiv inkişafına nail olmaqla öz dayanıqlılığını təmin etməyə qadir ölkədir. Yaranmış vəziyyətdə ölkəmizdə iqtisadiyyatın neftdənkənar sahələri sırasında regionlarda aqrar sektorun inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı sahəsində tarixən mövcud olan güclü ənənələr, həmçinin ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşaması aqrar sektorun geniş inkişaf perspektivlərini şərtləndirən mühüm amillər qismində çıxış edir. Qlobal kataklizmlər fonunda isə Azərbaycanın bölgələrində aqrar sektorun inkişafının önəmi daha da artıb. İndiki şəraitdə Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında geniş potensiala malik aqrar sektorda intensiv metodların tətbiqi, dövriyyəyə yeni torpaqların cəlb olunması, bitkiçilik kimi perspektivli sahələrə diqqətin artırılması yolu ilə istehsalın genişləndirilməsi də vacib rol oynaya bilər. Aqrar sektorun intensiv inkişafına nail olmaqla, əslində, bir neçə məqsədə çatmaq - həm ölkənin ərzaq təminatını möhkəmlətmək, həm ixrac imkanlarını artırmaq, eləcə də əhalinin məşğulluğu kimi ciddi sosial məsələnin həllinə töhfə vermək mümkündür. Onu da bildirək ki, Dövlət proqramlarının uğurlu icrası aqrar sektorun inkişafına təkan verib.
Qeyd edildiyi kimi, indiki şəraitdə ölkənin aqrar sektorunda ixrac tutumlu məhsulların istehsalının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, habelə yerlərdə aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb, respublikanın bir sıra regionlarında müşavirələr keçirilib.
Təsadüfi deyil ki, respublikamızda qeyri-neft sektorunda, o cümlədən də aqrar sektorda yeni ixrac imkanlarının yaradılmasına dövlət tərəfindən güclü siyasi iradə göstərilir. Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabadda Onun sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində söylədiyi nitqində xüsusi olaraq vurğulayıb ki, ixracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir.
Yeni iqtisadi şəraitdə ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından bölgələrin ənənələrinə uyğun olaraq müxtəlif növ texniki bitkilərin becərilməsinə diqqətin artırılması da təqdirəlayiq haldır. Cari ilin əvvəlindən başlayaraq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib. Məsələn, artıq bu ildən etibarən ölkəmizin regionlarında gəlirli sahə olan pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Prezident İlham Əliyev pambıqçılığın inkişafının həm insanlar, həm də dövlət üçün böyük önəminə diqqət çəkərək deyib: “Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılıqda diqqət çəkən başqa bir amil isə satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var.
Qeyd edək ki, cari ildən etibarən 24 rayonda pambıqçılıq inkişaf etdirilir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. 2016-cı ilin əvvəlindən bəri görülmüş tədbirlər nəticəsində isə 50 min hektardan çox sahədə pambıq əkini təmin edilib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, dekabrın 12-dək ölkə üzrə pambıq tədarükü 84 min 494,8 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 14-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur (35 min 192 ton). Pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11472,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 10865,8 ton, İmişlidə 9677,9 ton, Ağcabədidə 8540,9 ton, Beyləqanda 7607 ton pambıq tədarük olunub. Bundan başqa, Ağdamda 824,5, Ağsuda 979,2, Ağdaşda 1294, Bərdədə 6280, Beyləqanda 7607, Goranboyda 3542, Kürdəmirdə 1978 ton pambıq yığılıb təhvil verilib. Eləcə də Neftçala rayonunda 1801, Sabirabad rayonunda 7392, Salyan rayonunda 2555, Tərtər rayonunda 2291, Yevlax şəhərində 3610 ton pambıq tədarük olunub. Bu isə 2015-ci ilin müvafiq göstəricilərindən çoxdur. Belə ki, adıçəkilən rayonlardan Ağcabədi rayonunda pambıq tədarükü ötən ilə nisbətən 3,9 dəfə, Ağdam rayonunda 11,6 dəfə, Ağdaş rayonunda 51,8 dəfə, Bərdə rayonunda 1,9 dəfə, Beyləqan rayonunda 2 dəfə, Biləsuvar rayonunda 1,7 dəfə, Cəlilabad rayonunda 41 dəfə artıb. Bu rayonlarla yanaşı, Füzuli rayonu ötən ilə nisbətən 101,7 dəfə, Goranboy rayonu 9,4 dəfə, İmişli rayonu 151,5 faiz, Kürdəmir rayonu 203 dəfə, Neftçala rayonu 7,1 dəfə, Saatlı rayonu 2 dəfə, Sabirabad rayonu 4 dəfə, Salyan rayonu 4,4 dəfə, Samux rayonu 15,3 dəfə, Tərtər rayonu 2,6 dəfə, Ucar rayonu 17,7 dəfə, Yevlax şəhəri 108,5 faiz, Zərdab rayonu 53,6 dəfə artıq pambıq istehsal edib.
Dövlət Statistika Komitəsinin məlumatında o da bildirilir ki, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). Belə ki, 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir. Onlarla yanaşı, Ağcabədi rayonunda 3661, Ağdam rayonunda 551, Ağdaş rayonunda 1134, Ağsu rayonunda 1092, Bərdə rayonunda 3003, Beyləqan rayonunda 3958, Biləsuvar rayonunda 6040, Cəlilabad rayonunda 426, Füzuli rayonunda 505, Goranboy rayonunda 2000, Hacıqabul rayonunda 526 hektar pambıq əkilib. O cümlədən İmişli rayonunda 5051, Kürdəmir rayonunda 1824, Neftçala rayonunda 1541, Saatlı rayonunda 8109, Sabirabad rayonunda 6113, Salyan rayonunda 2167, Samux rayonunda 330, Tərtər rayonunda 1035, Ucar rayonunda 510, Yevlax şəhərində 1415, Zərdab rayonunda 832 hektar əraziyə çiyid səpini həyata keçirilib.
Qeyd edilməlidir ki, kənd təsərrüfatının inkişafı istiqamətində sahibkarlara dövlətin diqqət və qayğısı göstərilir. Əkinlə bağlı subsidiyaların verilməsi, eləcə də yanacaqla təmin edilmə sahibkarların əkinə meylinin artmasına, onların stimullaşdırılmasına yol açır. Digər tərəfdən, ölkə Prezidenti kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na 7-1-ci hissə əlavə olunmaqla, Kənd Təsərrüfatı Nazirliyinin adı artırılıb. Bu, aqrar sahədə çalışan sahibkarların, fiziki və hüquqi şəxslərin maliyyələşmə imkanlarını daha da genişləndirir.
Bəli, respublikamızda pambıqçılığın inkişaf perspektivləri isə daha genişdir. Ölkədə pambıqçılığın inkişaf perspektivlərinə diqqət yetirən Prezident İlham Əliyev deyib: “Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq, bu sahədə 100 mindən çox, bəlkə də, 150 min insan işlə təmin ediləcək”.
Pambıqçılığın inkişafı məqsədilə görülən tədbirlər sırasında pambığın alış qiymətinin artırılmasını xüsusi qeyd etmək lazımdır. İndi fermerlər pambıqçılığa gəlirli sahə kimi yanaşırlar və gələcəkdə pambıq əkilən sahələri daha da genişləndirmək niyyətindədirlər. Subsidiyaların verilməsində də ciddi addımların atıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı: “Yəni biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycna.-
2016.- 14 dekabr.- S.8