Regionlarda taxılçılığın inkişafına xüsusi diqqət yetirilir
Bölgələrin sosial-iqtisadi inkişafında aqrar sahədə qazanılan uğurlar da vacib rol oynayır
Azərbaycanın regional inkişaf strategiyası aqrar sektorda əldə olunan uğurlarda xüsusilə özünü göstərir. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Perspektivdə isə Azərbaycanda aqrar sahənin daha da sürətlə inkişaf edəcəyi gözlənilir. Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Ümumiyyətlə, son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Regionlarda kənd təsərrüfatının inkişafının təmin edilməsində həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.
Bu sahədə inkişaf statistik rəqəmlərdə də özünü göstərir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ötən on ayı ərzində diri çəkidə 391,8 min ton mal-qara və quş əti, 1 milyon 673,2 min ton süd, 1 milyon 345,6 milyon ədəd yumurta və 16,9 min ton yun istehsal olunub. 2015-ci ilin eyni dövrünə nisbətən ət istehsalı 1,8 faiz, süd istehsalı 2,9 faiz, yumurta istehsalı 4,3 faiz və yun istehsalı 1,0 faiz artıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi də aqrar sektorun inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də odur ki, nazirlik “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq. Layihənin məqsədi ölkədə aqrobiznes dəyər zəncirlərinə müsbət nümunələrin yaradılmasını təmin etməkdir. “Tarladan süfrəyə” prinsipli dəyər zəncirlərinin yaradılması istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirməklə, mövcud zəncirin hər hansı halqasında yaranmış problemi aradan qaldırmağa xidmət edəcək. Pilot dəyər zəncirlərinin formalaşdırılması məqsədilə bir sıra addımlar atılıb. Son 6 ayda ölkə üzrə məlumatlandırma kampaniyası aparılıb, dəyər zənciri yarada biləcək fermer və sahibkarlar bir araya gətirilib, onlarla birgə görüşlər keçirilib və tərəflərə dəyər zənciri formalaşdırmaq üçün layihə hazırlamaqda yardım göstərilib. Bu layihələr qiymətləndirildikdən sonra seçilmiş 20 dəyər zənciri layihəsinə qrant ayrılacaq. Qrantlar ayrı-ayrı fərdlər, sahibkarlar deyil, bütöv bir dəyər zənciri üzrə veriləcək. Bir qrantın maksimal məbləği bir dəyər zənciri üzrə 500 min ABŞ dollarıdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 dekabr tarixli Fərmanı Kənd Təsərrüfatı Nazirliyinin bu layihədə nəzərdə tutulmuş qrantları verməsinə imkan yaradır. Dövlətimizin başçısının Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin adı “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na salınıb. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi Dünya Bankı ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış 2014-cü il 12 iyun tarixli kredit sazişinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması, bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətləri, aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi, toxum sektorunun inkişafı, aqrobiznesə maliyyə xidmətləri istiqamətində işlər görülür. Son bir ildə aqrobiznesə 11 milyon manatdan artıq kredit ayrılıb. Bu kreditlər innovativliyi və perspektivi ilə fərqlənən layihələr təqdim etmiş 51 sahibkara verilib.
Məlumdur ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında taxıl istehsalı mühüm rol oynayır. Bu səbəbdən də ölkədə taxılçılığın inkişafı yönündə ciddi addımlar atılır. Bol məhsul verən taxıl sortlarının yetişdirilməsi də diqqət mərkəzindədir. Məsələn, elmi-tədqiqat sahəsində qazanılan müsbət nəticələr Naxçıvan Muxtar Respublikasının fermer təsərrüfatlarında uğurla tətbiq olunur. Bu il akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün rayonlarında torpaqların gübrə tələbatı barədə aparılan araşdırmaların nəticələri müvafiq rayon icra hakimiyyətlərinə təqdim edilib. Rayonlar üzrə 24 kənddə tədqiqat işləri aparılıb və qida məhsullarının kartoqramları hazırlanaraq torpaq mülkiyyətçilərinə verilib. Elmi-tədqiqat işləri 2016-2020-ci illəri əhatə edir və əsasən taxıl bitkilərinin iqlimə davamlılığını, üzüm bitkisinin gübrələrlə qidalanmasını, meyvə bitkilərinin genefondunun toplanılmasını öyrənir. Elmi-tədqiqat işlərinə kartof sortlarının tədqiqi, tərəvəz toxumunun aqrobioloji sınağı və Naxçıvanın yerli “Balbas” qoyunlarının bioloji təsərrüfat yararlığının öyrənilməsi də daxildir.
Hazırda “Araz” Elm İstehsalat Birliyinin kollektivi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun təqdim etdiyi buğda və arpa sortlarını sınaqdan keçirir. Bununla yanaşı, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutundan və ölkəmizin digər bölgələrindən təqdim olunmuş taxıl sortları da sınaqdan çıxarılır. Ümumilikdə seleksiya məqsədilə 95 buğda sortu tədqiq olunur və öyrənilir. Tədqiq edilən sortlar birliyin təcrübə-təsərrüfat sahəsində sınaqdan keçirildikdən sonra fermer və torpaq mülkiyyətçilərinə əkin üçün tövsiyə olunur.
Məlum olduğu kimi, hazırda respublikanın bölgələrində payız-tarla işləri görülür. Bir sıra rayonlarda taxıl əkini davam edir. Bərdə rayonunun təsərrüfatlarında da payız-tarla işləri davam etdirilir. Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, bu günədək 13 min 686 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 9981 hektarda buğda, 2327 hektarda dən üçün arpa, 1378 hektarda isə xəsil üçün arpa səpilib. Səpin kampaniyasına kifayət qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub. Qeyd edək ki, rayon taxılçıları cari ildə 13 min 676 hektar taxıl sahəsindən 51 min 407 ton məhsul tədarük ediblər.
Şamaxıda isə ötən illə müqayisədə 1865 hektar çox payızlıq taxıl əkilib. Rayonun əksər ərazilərində, o cümlədən Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Qızmeydan, Göylər, Çarhan, Quşçu və digər ərazi vahidlərində payızlıq taxıl əkini kampaniyası başa çatıb. Hələlik 21 min 23 hektarda səpin aparılıb ki, bu da ötən ilin payızındakı göstəricidən 1865 hektar çoxdur. Hazırda bir sıra ərazilərdə səpin davam edir.
Yevlax rayonunda da kəndli fermerlər və torpaq mülkiyyətçiləri payız-tarla işlərini davam etdirirlər. Yevlax rayon Statistika İdarəsindən bildiriblər ki, bu günədək 19 min 581 hektarda şum aparılıb, 8243 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 4112 hektarda buğda, 2858 hektarda arpa səpilib. Bundan başqa, dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 241 hektar sahədə təkrar əkin aparılıb.
Xaçmaz rayonunda isə payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Artıq 24 min hektar sahədə səpin işi başa çatdırılıb. Xaçmazlı təsərrüfatçılar əsasən “Əzəmətli-95”, “Qobustan”, “Bezos” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Ötən mövsüm bu sortların əkildiyi sahələrin hər hektarından 40-45 sentner məhsul əldə olunub. Bu il rayonda ilk dəfə olaraq yeni “Fatmayi” buğda sortu də əkiləcək. Bu sort Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin təcrübə sahələrində sınaqdan keçirilir.
Xaçmaz rayonunda ümumilikdə 30 min hektardan çox sahədə payızlıq taxıl əkiləcək. Bunun 17 min hektara yaxını buğda, qalanı isə arpa sahələridir. Havanın qeyri-sabit keçməsi əkin prosesini ləngitsə də, rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən səpinin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 15 dekabr.- S.8