Regionlarda baramaçılığın möhkəm yem bazası yaradılır

 

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən dekabrın ilk günlərində ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib

Respublikamızın yeni ixrac imkanlarının yaradılması baxımından regionlarda kənd təsərrüfatının potensialından səmərəli istifadə olunması da böyük aktuallıq daşıyır. Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malik olan ölkədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev indiki mərhələdə ölkənin neft gəlirlərinin azalmasını qeyri-neft sektorunda, o cümlədən də aqrar sahədə yeni ixrac imkanlarının yaradılması ilə kompensasiya etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Hədəflənən nəticələrin əldə olunması məqsədilə hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.

Bölgələrdə baramaçılığın şöhrəti geri qaytarılır

Respublikamızda tarixən gəlirli sahə olan baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixractutumlu məhsul istehsalının genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən biri də baramaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Cari ilin əvvəlindən regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilib. Çin Xalq Respublikasından gətirilən 800 qutuİran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiya edilərək kümçülərin istifadəsinə verilib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin bildirdiyinə görə, 2018-ci ildən başlayaraq müəssisənin özündə yerli cinsdən olan barama toxumunun yetişdirilməsinə başlanılacaq və xaricdən toxum gətirilməsinə ehtiyac qalmayacaq. Stansiya baramaçılıqla məşğul olan rayonların ipəkqurduna olan tələbatını tam şəkildə təmin edəcək.

Baramaçılıq sahəsində perspektiv planlar isə daha genişdir

Respublikada gəlirli sahə olan baramaçılığın inkişafı ilə bağlı perspektiv planlar isə daha genişdir. Cari mövsümdə yaş baramanın tədarük qiymətinin təxminən üç dəfə artırılaraq 3 manatdan 8 manata qaldırılması regionlarda bu sahəyə böyük maraq oyadıb. Cari mövsümdə dövlət dəstəyindən bəhrələnməklə baramaçılıqdan qısa müddətdə yaxşı qazanc götürən kümçülər növbəti illərdə daha böyük həcmdə məhsul istehsal etməklə bağlı niyyətlərini bildirirlər. Respublikanın regionlarında baramaçılığın intensiv inkişafını şərtləndirən əsas amillərdən biri tut bağlarının genişləndirilməsidir. Verilən məlumata görə, hazırda Azərbaycanda 354 min tut ağacı var. Baramaçılığın intensiv inkişafına nail olmaq üçün bu rəqəm əhəmiyyətli dərəcədə artırılmalıdır. Hazırda bu məqsədlə zəruri tədbirlər həyata keçirilir. Cari mövsümdə ölkə ərazisində 1 milyon 600 min tut tingi əkilməsi nəzərdə tutulub. Mütəxəssislərin qənaətinə görə, tut bağlarının genişləndirilməsi ilə bağlı planlar reallaşdırılacağı təqdirdə ölkədə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona çatdırmaq mümkün olacaq. Təbii ki, buna müvafiq surətdə kümçülərin gəlirləri də artacaq.

Azərbaycanda ilk dəfə çəhrayı baramanın yetişdirilməsi çox əlamətdar hadisədir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla başa çatıb. Belə ki, bu il Mərkəzin İpəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib.

Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün AZƏRTAC-a bildirdiyinə görə, rəngli barama yetişdirilməsi istiqamətində tədqiqat işləri AMEA Fizika İnstitutunun nəzdindəki BiofizikaSmart Materiallar Mərkəzinin yaxından köməyi ilə həyata keçirilib. İnstitutun alimləri rəng maddəsinin seçilməsi və dozasının müəyyənləşdirilməsində iştirak edib, təcrübələrə qatılıblar. Yusif Şükürlü qeyd edib ki, hazırda ipəkçilikdə istifadə olunan rəngli baramanın özü alimlərin apardıqları tədqiqat işlərinin nəticəsində əldə olunub. Ancaq son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım gəlməsin. Çünki ipəkçilikdə rəngləmə prosesinə sərf olunan rəng maddələrinin alınması üçün ətraf mühitə külli miqdarda tullantı atılır, ekoloji mühit çirkləndirilir. “Ona görə də ipəkqurdunun yemlənməsi dövründə az miqdarda rəng maddəsi verilərsə, o zaman maddənin özü molekulyar səviyyədə fibroinin tərkibinə daxil olur, ona yapışır və üzərində qalır. Regional bölmənin də əsas məqsədi rəngli barama almaq və gələcəkdə rəngli kəlağayı istehsalında ondan istifadə etməkdir”, - deyə Yusif Şükürlü bildirib.

Mərkəzin rəhbərinin bildirdiyinə görə, dünyada belə bir təcrübə varbir çox ölkələrdə rəngli barama yetişdirilir. İndi əsas məqsəd rəngli fibroinin alınması üçün texnologiya işləyib hazırlamaq və istehsalata tətbiqinə nail olmaqdır. Gələcəkdə Mərkəzdə yaşıl, göy və digər rəng çalarlarında da barama yetişdirilməsi planlaşdırılır.

Rəngli baramanın alınması məqsədilə aparılan tədqiqat işlərində Regional Elmi Mərkəzin İpəkçilik Laboratoriyasının əməkdaşları yaxından iştirak edirlər. Mərkəzin tut ipəkqurdu seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov bildirib ki, şöbənin əsas işi yerli şəraitə uyğun məhsuldar tut ipəkqurdu növləri, hibridlər yaratmaqistehsalata tətbiq etməkdən ibarətdir. Aparılan təcrübələr nəticəsində yarpağa rəng maddəsi tətbiq etməklə artıq rəngli barama yetişdirilməsinə nail olunub. Seleksiya işlərinin növbəti mərhələsində rəng maddəsinin genə keçib-keçmədiyi, bu dəyişkənliyin mutasiyamodifikasiya dəyişkənliyi olması aydınlaşdırılacaq.

Bölgələrdə tut bağlarının sahələri genişləndirilir

Respublikamızda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən dekabrın ilk günlərində ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib. Hava nəqliyyatı ilə respublikaya gətirilmiş tut tingləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Tinglər sonradan bölgüyə uyğun olaraq bəhs olunan bölgələrdən ətraf 37 rayona paylanılacaq.

Hazırda Kürdəmir rayonunda vaxtilə ənənəvi sahə hesab olunan baramaçılığın inkişafı üçün möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, yeni tut tinglərinin əkilməsi üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Az vaxtda bölgədə 5800 ədəd tut tingi əkilib. Bundan 5000 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Meşə Təsərrüfatı İdarəsi tərəfindən Kürdəmir ərazisindəki meşə torpaqlarında, 800 ədədi isə Kürqırağı ərazilərdə, o cümlədən Köhünlü, Mollakənd ərazi vahidlərində əkilib.

Balakən rayonunda da baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 76 min ədədi bölgü əsasında Balakən rayonuna göndərilib. Artıq tinglərin əkini tam təmin olunub. Rayon kənd təsərrüfatı idarəsinin rəisi Məmməd Şərifovun bildirdiyinə görə, Çindən gətirilən tut tingləri əsasən bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilib və rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Bundan əlavə, cari ilin payız aylarında rayon ərazisində daxili imkanlar hesabına əldə olunan daha 14 min ədəd tut tingi də əkilib.

Ölkəyə gətirilən yeni tut tinglərindən 35 min ədədi İmişli rayonuna verilib. Mütəxəssislərin qənaətinə görə, Çin Xalq Respublikasından gətirilən tut tingləri rayonda baramaçılığın inkişafına mühüm töhfələr verəcək. Yeni gətirilən tinglərin əkini üçün rayonun Göbəktala və Bəcirəvan kənd ərazi nümayəndəliyində kifayət qədər sahə ayrılıb. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama işləri aparılıb, gübrə verilib. Əkinin qısa vaxtda başa çatdırılması üçün ümumrayon iməciliyi keçirilib. Bütün idarə və müəssisələrdən xeyli sayda işçi kampaniyaya cəlb olunub. Tinglərdən 2 min ədədi Göbəktala kəndində əkilib. Qalan 33 min isə Bəcirəvan kənd ərazi nümayəndəliyində ayrılan ərazidə əkilir. Tut bağlarının uzunmüddətli olması üçün dayanıqlı su təminatı da nəzərdə tutulub. Yüksək məhsuldarlığa malik olan bu ağac növünün gələcəkdə artırılması üçün həmin tinglərin özündən istifadə edilməsi də mümkün olacaq. Yeni əkilən tinglərin yetişdirilməsi və onun mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 16 dekabr.- S.8