Regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Ölkəmizin ümumi iqtisadi, sosial tərəqqisini şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir

Mütərəqqi milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğununinnovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Ümumiyyətlə, ölkəmizdə davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.

Azərbaycanda həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan qeyri-neft sənayesinin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Sadalananlara paralel olaraq Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.

Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsalemal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər deməyə əsas verir ki, ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.

Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.

Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, sukanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.

Ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.

Nəticə etibarilə, ölkəmizin ümuminkişaf dinamikasında regionların sosial-iqtisadi inkişafı özünəməxsus yer tutur.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2016.- 17 dekabr.- S.8