Ölkəmizdə
heyvandarlığın inkişafında yeni
intensiv metodlardan
istifadə olunur
Bölgələrdə ət
məhsullarının istehsalında yüksək göstəricilərə
nail olunub
Son illərdə ölkəmizin ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasından söhbət açarkən heyvandarlıq məhsullarının istehsalının genişlənməsini xüsusi qeyd etmək lazımdır. Bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha da artıb. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb.
Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib.
2016-cı ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 faiz çox diri çəkidə ət, 1 milyon 833,0 min ton (3,1 faiz çox) süd, 1470,6 milyon ədəd (4,8 faiz çox) yumurta, 16,5 min ton (1,6 faiz az) yun istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz artıb.Qobustan rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf qeydə alınıb. Cari ilin on bir ayını uğurla başa vuran fermerlər məhsul istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıma nail olublar. Belə ki, ötən on bir ayda bölgədə diri çəkidə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 128,4 ton artaraq 5478 tona, süd istehsalı 1671,6 ton artaraq 17 min 927 tona çatıb.
Tovuz rayonunda da heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu ilin yanvar-noyabr aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 7620,4 ton ət, 33136,5 ton süd, 15 milyon 700 min ədəd yumurta istehsal olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 275,7 ton, süd istehsalı 844,6 ton artıb.
Şamaxı rayonunda cari ilin on bir ayında heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. On bir ayda diri çəkidə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 39,6 ton artaraq 4479,2 tona, süd istehsalı 413 ton artaraq 21323 tona çatıb. Bu dövrdə 15 milyon 762 min ədəd yumurta, 378,8 ton yun istehsal olunub ki, bu göstəricilər də müvafiq olaraq 4 milyon 300 min ədəd və 1,1 ton çoxdur.
Cari ilin ötən on bir ayı Ağsu rayonunun heyvandarları üçün də uğurlu olub. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən artıb. Bölgədə son illər kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam etməkdədir. Əvvəlki illərdə olduğu kimi, bu ilin on bir ayında da keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı artıb. Belə ki, ət istehsalı 9 ton artaraq 4665 tona, süd istehsalı 108 ton artaraq 27 min 75 tona çatıb.
Saatlıda da heyvandarlığın inkişafı istiqamətində mühüm addımlar davam etdirilir. Belə ki, rayonda yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 401 baş iribuynuzlu mal-qara və 113 min 36 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 21 min 216 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalının çoxalmasına da səbəb olub. Cari ilin ötən ayları ərzində rayonda 59 min 133 ton ət (diri çəkidə), 331 min 999 sentner süd, 1316 sentner yun istehsal edilib ki, bu da keçən ildəkindən çoxdur.
Bununla yanaşı, respublikanın ərzaq təminatının
daxili istehsal
hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən
strateji hədəfə uyğun
olaraq regionlarda
heyvandarlığın inkişaf etdirilməsi,
ət və ət məhsulları istehsalının
artırılması məqsədilə görülən
çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqi, o
cümlədən də mal-qaranın cins
tərkibinin yaxşılaşdırılması xüsusi qeyd edilməlidir.
“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ölkədə
müvafiq tədbirlərin həyata
keçirilməsi nəticəsində heyvandarlıqda
damazlıq-seleksiya işləri xeyli
yaxşılaşıb. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda nəzərdə tutulan tədbirlərə
uyğun olaraq
heyvandarlıqda intensiv metodların tətbiqinə
geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar
heyvan cinsləri gətirilərək
fermerlərə lizinq yolu
ilə satılır. Xaricdən yüksək məhsuldar
heyvanların alınmasına 2009-cu ildən
başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi
dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən,
qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə
ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal
olunub. Bu heyvanların
əksəriyyəti - 13 minə
yaxını son üç
ildə alınaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarına
paylanılıb.
Paralel şəkildə
son vaxtlar respublikanın
regionlarında süni
mayalanmanın genişləndirilməsi
diqqət mərkəzində
saxlanılır və
bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək
ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb.
Hazırda Göygöl rayonunda
Respublika Süni Mayalama Mərkəzinin
(RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir.
Mərkəzin layihələndirilməsində
Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən
istifadə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətindən
bildirilib ki, RSMM ölkədə qaramalın
çoxaldılması üçün
damazlıq materialına
olan tələbatı
tam qarşılayacaq, həmçinin
təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu
məqsədlə mərkəzdə
tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün
tədris mehmanxanası
yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası,
karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV
technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi
ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. Qeyd edək
ki, süni mayalanma nəticəsində
alınmış inəklərdən
ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Son illər Lənkəran
rayonunun heyvandarlıq
təsərrüfatlarında da mal-qaranın süni mayalandırılmasına
maraq artıb. 2017-ci il yanvarın 1-dən
süni mayalandırma
yolu ilə alınan hər buzova görə dövlət tərəfindən
100 manat subsidiyanın
verilməsi fermerlərin
işini xeyli asanlaşdırıb. Rayonda süni
mayalandırma yolu ilə alınan hər buzova görə 100 manat subsidiyanın verilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. Rayonda
altı süni mayalandırma texniki fəaliyyət göstərir
ki, 2016-cı il yanvarın 1-dən
etibarən doğulan buzovların müvafiq
rayon komissiyaları və
kənd təsərrüfatı
idarələrinin işçi
qrupları tərəfindən
qeydiyyata alınıb.
Yığılan məlumatlar Kənd
Təsərrüfatı Nazirliyinə
təqdim edilib, subsidiyaların plastik kartlar vasitəsilə veriləcəyi diqqətə
çatdırılıb.
Vurğulayaq ki, süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiya ödənişinin təmin edilməsi məqsədi ilə bu ayın əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin Respublika Komissiyasının ilk iclası keçirib. İclasda respublika üzrə 53 rayon (şəhər) komissiyasının təklifləri nəzərə alınaraq cari ilin oktyabr ayında süni mayalanma yolu ilə alınmış 1719 baş buzovun hər birinə görə 100 manat olmaqla, 171900 manat məbləğində subsidiyanın 1495 heyvan sahibinə ödənilməsi barədə qərar qəbul edilib. Komissiyanın qərarı və subsidiya ödəniləcək vətəndaşlar barədə məlumatlar müvafiq qaydaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edilib.
Cəlilabad rayonunun Alar kəndində isə yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Xaricdən gətiriləcək 1000 baş iribuynuzlu cins mal-qaranın saxlanması üçün nəzərdə tutulan kompleksin tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılıb. Hazırda kompleksdə beton, hörgü və qaynaq işləri aparılır. Almaniya və Hollandiyadan südçülük istiqamətində gətiriləcək cins heyvanların bəsləniləcəyi kompleks avtomatik yemləmə sistemləri, bir dəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq və havalandırma qurğuları ilə təchiz ediləcək.
Heyvanların bol və keyfiyyətli yemlə təmin olunması üçün 1000 hektar sahədə silosluq qarğıdalı və digər yem bitkiləri əkiləcək. Gələcəkdə isə əlavə tikililərin hesabına kompleksin ərazisi genişləndirilərək 22 hektara çatdırılacaq.
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4934 baş inək və düyə süni yolla mayalandırılıb, 2698 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 20 dekabr.- S.8