İstehlakçıların
təbii qaz təchizatının
yaxşılaşdırılması diqqət mərkəzindədir
Bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin icrası dekabrda da davam etdirilib
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2016-cı ili də uğurla başa vurmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Heç şübhəsiz, müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Məlumat üçün bildirək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2016-cı il də istisna olmayıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illər həm paytaxt Bakıda, həm də bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 13 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Məhz bunun nəticəsidir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu il 195 yaşayış məntəqəsinə təbii qaz verilib. İstehsalat Birliyindən verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində 7776,5 kilometr yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 246,5 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi təbii qazla təmin olunub.
Qeyd etmək yerinə düşər ki, dekabr ayı ərzində də ölkəmizin ayrı-ayrı şəhər, rayon və kəndlərində sözügedən istiqamətdə mühüm addımlar atılıb. Məsələn, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq bu ayın əvvəlində Saatlının Çolpı kəndinə ilk dəfə təbii qaz verilib. 389 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında metal borularla 38408 metr paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açıb, Çolpı kəndinə qısa müddətdə qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, son ilyarımda rayonun 21 kəndi qazlaşdırılıb. Artıq Saatlının 43 kəndindən 27-nə “mavi yanacaq” verilib. Altı yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək.
Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.
Eyni zamanda, dekabrın 7-də isə Sabirabad rayonunun Narlıq kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, 392 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 128 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 392 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Sabirabad rayonunun daha 3 kəndində - Yolçubəyli, Zəngənə və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Həmin gün Zərdab rayonunun Otmanoba və Əlvənd kəndlərinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, 132 abonenti olan rayonun Otmanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 910 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 10 min 803 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 132 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
185 abonenti olan Əlvənd kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 574 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 14 min 104 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Zərdab rayonunun daha 2 kəndində - Şahhüseynli və Aşağı Seyidlər kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İmişlinin qəsəbə və kəndlərinin də qazlaşdırılması uğurla davam etdirilir. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 28-i qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Qaradonlu kəndi də əlavə olunub. 250 abonenti olan kəndin qazlaşdırılması üçün 26 min 154 metr uzunluqda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib.
Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən İcra Hakimiyyətinin başçısı kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi qiymətləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 11 yaşayış məntəqəsi qazlaşdırılıb. Ümumilikdə, Qaradonlu kəndi də daxil olmaqla, qazlaşdırılan məntəqələrin sayı 29-a çatıb. Hazırda 7 kənddə qaz xəttinin çəkilişi davam etdirilir. Yaxın günlərdə bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Regionlardan söz düşmüşkən hazırda Bərdə rayonunda da yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların “mavi yanacaq”la fasiləsiz təminatı istiqamətində işlər davam etdirilir. Bərdə rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. İndiyədək rayonun 109 kəndindən 102-si “mavi yanacaq”la təmin olunub. Təkcə 2016-cı ildə rayonun 13 kəndinə qaz çəkilib, 3722 abonentə təbii qaz verilib. Hazırda 2 kənddə qaz xətlərinin çəkilişi davam etdirilir, 5 kəndin qazlaşdırılması üçün hazırlıq işləri görülür.
Eyni zamanda, Salyanın qəsəbə və kəndlərinin də qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. İndiyədək rayonun 48 yaşayış məntəqəsindən 41-i qazlaşdırılıb və 22 min 900 abonent “mavi yanacaq”dan istifadə edir. Qazlaşdırılan kəndlərin sırasına 2300 nəfər əhalinin yaşadığı Marışlı kəndi də əlavə olunub. 468 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 36 min 990 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Evlərə 468 sayğac və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov sakinləri təbrik edib, rayonda bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ilin əvvəlindən bəri rayonun yeddi kəndinə “mavi yanacaq” verilib. Hazırda daha bir yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2016.- 22 dekabr.- S.8