Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz ilin yekunları ilə bağlı hesabat verib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərkəzin fəaliyyətini müsbət qiymətləndirib
Dekabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilib. MEMM-in əməkdaşlarının, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələrinin və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə mərkəzin bu il ərzində fəaliyyətini əks etdirən vedeo-çarx nümayiş olunub.
Sonra Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək il ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, mərkəzin strukturunda aparılan islahatlar Mədəniyyət və Turizm Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Qeyd edib ki, görülən işlərin əsas məqsədi fəaliyyətin təkmilləşdirilməsi, müasir üsulların tətbiq edilməsi və mədəniyyət sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir.
Direktor bildirib ki, il ərzində mərkəz tərəfindən ümumi iştirakçı sayı 28 min nəfərdən çox olan 100-ə yaxın metodiki təlim, elmi-praktik konfrans, seminar, həmçinin yubiley və əlamətdar tarixlər, internet aksiyalar və s. tədbirlər keçirilib. Hesabat dövründə metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı 33 regiona ezam edilib. Təşkil olunan təlimlər, ümumilikdə, 43 rayonu əhatə edib. İl ərzində 32 adda müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlanıb. Mərkəzin işçi qrupu tərəfindən Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, mənimsəmə və təhrif olunması ilə bağlı müxtəlif əcnəbi internet resurslarında monitorinq aparılıb, 246 fakt aşkar edilib.
Gələcək planlardan danışan A.Usubəliyev gələn il “Müasir mədəniyyətşünaslıq” jurnalının çap ediləcəyini və “atlas memm.az” saytının da istifadəyə veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyətini müsbət qiymətləndirib. Nazir mərkəzin mədəniyyət işçiləri arasında bu sahədə qəbul edilən qanunların təbliği və icra mexanizminin düzgün qurulması istiqamətində apardığı treninq və kursların vacibliyini vurğulayıb: “Metodiki tövsiyələrin hazırlanması ilə qabaqcıl təcrübələri bütün müəssisələrə çatdırmaq, yenilikləri geniş şəkildə tətbiq etmək qarşıda duran əsas istiqamətlərdən olmalıdır. Son bir ildə mərkəz çox lazımlı və məzmunlu tövsiyələr hazırlayıb. Bizim rayon təşkilatlarımıza təqdim edilən bu tövsiyələr Bakıda tətbiq edilən təcrübənin yerlərdə daha da təkmil şəkildə həyata keçirilməsinə xidmət edir”.
Nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı mədəniyyət və turizm sahəsində çalışan əməkdaşlar səylərini daha da möhkəmləndirməli, bu Fərmandan irəli gələn məsələlərin həllində turizm üzrə metodiki tövsiyələrdən istifadə edilməlidir.
Milli-mədəni dəyərlərin qorunması və təbliğinin vacibliyini vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Elmi-Metodik Mərkəzin AMEA-nın müxtəlif institutları ilə əməkdaşlığını yüksək qiymətləndirən nazir təcrübənin bölüşdürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, mərkəzə göstərilən köməyə görə elm adamlarına təşəkkürünü bildirib.
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun işinə uğurlar arzulayan Əbülfəs Qarayev qrupun gələcək fəaliyyətində beynəlxalq təcrübədən yararlanacağına əminliyini ifadə edib.
Daha sonra Elmi-Metodik Mərkəzin direktor müavini Adilxan Bayramov nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və Bədii təhsil şöbəsinin əməkdaşı Zəbulla Quliyev Fəxri fərmanla təltif olunublar.
Tədbirdə həmçinin Zaqatala, Şabran, Hacıqabul və Xızı rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin hesabatları dinlənilib.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 22 dekabr.- S.8