Bölgələrin enerji təminatının gücləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Ölkənin regionlarında bu sahədə ciddi nailiyyətlər
əldə olunub
Hazırda dünyada qlobal maliyyə böhranı hökm sürdüyü halda Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilməkdədir. Bunun əsasında duran başlıca amil isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasıdır. Heç şübhəsiz, bu inkişaf strategiyasının mühüm halqalarından biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Çünki məhz bu Dövlət proqramları sayəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Heç şübhəsiz, son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir.
Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur və bu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır. İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir. Beləliklə, yuxarıda sadalananlardan da aydın olduğu kimi, ölkəmizdə bütövlükdə, elektrik enerjisinin təminatı sahəsində ardıcıl tədbirlər görülüb, mühüm nailiyyətlər əldə olunub. Eyni zamanda, bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir. Məlum olduğu kimi, son vaxtlar ölkədə havaların soyuq keçməsi enerji tələbatını artırıb. Bununla əlaqədar müvafiq qurumlar öz işlərini daha da gücləndiriblər. “Azərenerji” ASC-dən verilən məlumata görə, enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. Qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib. ASC-nin enerjinin istehsalı idarəsi stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir.
Səhmdar Cəmiyyətin elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.
Onu da qeyd edək ki, cari ilin son 4 ayı ərzində “Abşeron” regional elektrik şəbəkəsinin (REŞ) xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə mövsümə hazırlıq işləri başa çatıb. “Azərenerji” ASC-dən bildirilib ki, avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 500 kilovoltluq (kV) “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni 10 kV-lik qapalı paylayıcı quruluşunun (QPQ) tikintisi davam etdirilib, 2 saylı avtotransformatorun xətt portalında isə 20 ədəd izolyator yenisi ilə əvəz edilib. Bu dövrdə 110 kV-lik “8 KM” yarımstansiyasında yeni tikilmiş 10 kV QPQ-də quraşdırma işləri davam etdirilib. “Qala” və “Dübəndi” yarımstansiyalarında isə yeni quraşdırılmış əks-qəza panellərində yoxlamalar aparılıb.
Bu dövrdə “Hövsan” yarımstansiyasında 1 saylı avtotransformatorun mühafizəsi, “Qala”, “Dübəndi” “Ramana” və “Suraxanı” yarımstansiyalarında yeni quraşdırılmış əks-qəza avtomatikası (YAXA) qurğularının idarə və siqnalizasiya dövrələri yoxlanılıb. Bundan əlavə, 220 KV-lik 2-ci Hövsan, 4-cü və 5-ci Abşeron, Səngəçal, Qəbələ, 110 KV-lik 3-cü Puta, 8-ci Səngəçal və digər bir neçə hava xətlərinin dayanıqlılığının daha da yüksəldilməsi məqsədilə müxtəlif təyinatlı təmir işləri görülüb. Qeyd edək ki, “Abşeron” REŞ Bakı şəhəri və Bakıətrafı kəndlərdə enerji təchizatı müəssisələrinə elektrik enerjisinin ötürülməsini həyata keçirir.
Təkcə cari ilin noyabr ayında “Şimal” Elektrik Stansiyasında (ES) 129,7 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,1 milyon kilovat-saat artıqdır. 2016-cı ilin ötən 11 ayı ərzində isə ES-də elektrik enerjisi istehsalı 2 milyard 22,2 milyon kilovat-saata yaxın olub. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 46,6 milyon kilovat-saat çoxdur. “Şimal” ES-in işini daha dayanıqlı təmin etmək məqsədilə təmir qrafikinə uyğun olaraq enerji bloku təftişə çıxarılıb. Təftiş zamanı nəzərdə tutulan təmir işləri tam həcmdə yerinə yetirilib, o cümlədən avadanlıqlarda yaranmış nasazlıqlar aradan qaldırılıb. Bununla yanaşı, gücü 409 MVt olan 2-ci enerji blokunun tikintisi də davam etdirilir. Qeyd edək ki, ümumi gücü 400 MVt olan bu elektrik stansiyası 2002-ci ildə istismara verilib.
Onu da vurğulayaq ki, bölgələrdə də bu istiqamətdə işlər davam edir. Məsələn, bir müddət öncə Ucar rayonunun Qazıqumlaq kəndində 35/10 kva-lıq yeni elektrik yarımstansiyası istismara verilib. Bu yarımstansiya Qazıqumlaq və ətraf kəndlərin elektrik enerjisi ilə normal təminatına imkan verib. Eyni zamanda, Ucar şəhərində, Qazıqumlaq, eləcə də Müsüslü və Təzə Şilyan kəndlərində istismar müddətini başa vuran elektrik verilişi xətləri sip kabellərlə əvəzlənib.
Gücü 0,3 meqavat olan “Astara-1” və ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının (SES) tikintisi də başa çatmaq üzrədir. Hazırda kiçik çaylar üzərində SES-lərin tikintisi davam etdirilir.
Bərdədə isə elektrik təsərrüfatı yenidən qurulur. Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür. Cari ildə rayonun Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin və Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 376 ədəd 10 kilovoltluq (kV), 2 min 981 ədəd 0,4 kV-luq yeni beton və dəmir dirəklər basdırılıb, 296 ədəd yeni sayğac quraşdırılıb. 21,845 kilometr naqil yenisi ilə əvəz edilib, 64,391 kilometr SİP kabel çəkilib.
Şəbəkədə 831 ədəd qüsurlu sayğac yenilənib. Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı və rayon mərkəzində 9 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 108 ədəd 10/04 kV-luq transformator yarımstansiyası təmir edilib. Hazırda Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır. Canavarlı yarımstansiyasında qapalı yarımstansiya quraşdırılır.
Elektrik enerjisi ilə təminat sahəsində əldə edilən uğurlar ölkədə sənaye məhəllələrinin inkişafına da təkan verir. Məsələn, hazırda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır.
Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsi ilə çəkilir. Sumqayıt Kimya Sənaye Parkının hazırda 9 rezidenti var. Sənaye Parkında rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı yaradılır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 28 dekabr.- S.8