Azərbaycan möhkəm təməl
üzərində zirvələri fəth edir
YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, hər bir ölkənin inkişafında elmin, təhsilin rolu inkaredilməzdir. Təsadüfi deyil ki, təhsil millətin gələcəyi kimi dəyərləndirilir. Bu mənada, rəhbərlik etdiyiniz Bakı Slavyan Universitetinin 70 illik fəaliyyətinə nəzər saldıqda onun dünəni, bu günü və gələcəyi barədə, həmçinin Azərbaycan təhsilinin inkişafında rolu haqqında nə deyə bilərsiniz?
- Hər bir ali təhsil müəssisəsinin fəaliyyətinin əhəmiyyəti, səmərəliliyi onun xalqın xidmətində nə dərəcədə dayanması - elmin, təhsilin inkişafına hansı səviyyədə töhfə verməsi ilə ölçülür. Əlbəttə, rəhbərlik etdiyim Bakı Slavyan Universitetinin timsalında deyə bilərəm ki, 70 illik yol bir ali təhsil ocağının səmərəli fəaliyyəti, milli inkişafa xidmət etməsi baxımından heç də az müddəti əhatə etmir. Məlumdur ki, Bakı Slavyan Universiteti bu ölkənin, millətin, xalqın ağır dövründə yaranıb. Böyük Vətən müharibəsindən sonrakı dövrü bir anlıq gözümüz önünə gətirsək, ölkənin nə dərəcədə ağır durumda olduğunu xatırlamış olarıq. Böyük Vətən müharibəsindən sonra Azərbaycanın yaşadığı digər problemlərlə barabər, maarifləndirmə işinə böyük ehtiyac yaranmışdı. Bu ehtiyacı ödəmək üçün ölkədə rus dilinin tədrisi məsələsi gündəmə gətirilmişdi. Orta ümumtəhsil məktəblərini rus dili müəllimləri ilə təmin etmək üçün bugünkü Bakı Slavyan Universiteti o zaman ikiillik M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu kimi yaradıldı. Sonralar 4, daha sonra 5 illik universitet kimi fəaliyyət göstərdi.
1991-ci ildə SSRİ-nin süqutundan sonra yeni situasiya ortaya çıxdı. Onu da deyim ki, 1990-cı ilin 20 Yanvar hadisələrində ittifaqın əsl siması göründü, işğalçı mövqeyi bəlli oldu. Həmin illərdə indiki Slavyan Universiteti (ovaxtkı Rus Dili və Ədəbiyyatı İnstitutu) bir təhsil müəssisəsi kimi öz əhəmiyyətini itirməyə başladı. 1993-cü ildən sonra universitetin bir müəllimi Ulu öndər Heydər Əliyevə məktub ünvanlamışdı ki, Çexiyadan, Slovakiyadan, Polşadan tələbələr rus dilini öyrənmək üçün bizə müraciət edirlər. Ulu öndər Heydər Əliyev M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam İnstitutu tamamilə kökündən dəyişdi, ona yeni bir ruh, istiqamət, stimul verdi. Həmin illərdən bəri Bakı Slavyan Universitetinin nəzdində müxtəlif mərkəzlər yaradıldı. Hazırda 11 Tədris Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərin ətrafında 300-ə yaxın əcnəbi tələbə toplanıb. Artıq həmin ölkələrin universitetləri ilə universitetimiz arasında çox sıx əlaqələr mövcuddur. Universitetdə 6 əcnəbi müəllim fənn tədris edir. Bizim də əməkdaşlarımız xarici ölkələrin universitetlərində fəaliyyət göstərirlər. Bu əlaqələrin yüksək səviyyədə qurulması tələbələrin biliklərə dərindən yiyələnmələrinə də öz müsbət təsirini göstərir. Həmin ölkələrin tələbələri, müəllimləri ilə birgə müştərək jurnallar, kitablar nəşr olunur, konfranslar təşkil edilir. Universitetimizin əməkdaşları bir neçə qrant layihəsinin qalibləri olublar. Hazırda bu ali təhsil ocağına maraq daha da artıb. Bu yaxınlarda universitetimizdə olan Polşanın, Rusiyanın, Çexiyanın, Slovakiyanın, Belarusun, Ukraynanın səfirləri tələbə-müəllim mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini açıqladılar. Biz də əməkdaşlığın tərəfdarı olduğumuzu bildirdik.
Beləliklə, 70 illik fəaliyyəti Bakı Slavyan Universitetini bugünkü uğurlara gətirib çıxardı. Universitetə təyinatımdan artıq 5 ay keçib. Bu dövr ərzində ən önəmli hadisə o olub ki, V Beynəlxalq Humanitar Foruma qatılan müxtəlif ölkələrdən nümayəndə heyətləri arasında Bakı Slavyan Universitetinə maraq göstərənlər də çox oldu. ABŞ, Almaniya, Polşa, Paraqvay və digər ölkələrin nümayəndələri bizimlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Bu ölkələrin nüfuzlu mətbu orqanlarında Bakı Slavyan Universiteti ilə bağlı məqalələr dərc olundu. Təbii ki, bu, universitetimizin bugünkü nüfuzuna, əlaqələrimizin inkişaf səviyyəsinə işıq saldı.
Bakı Slavyan Universitetinin 70 illik yubileyinə müxtəlif ölkələrin, xüsusilə bizdə mədəniyyət mərkəzləri fəaliyyət göstərən ölkələrin nümayəndələrini dəvət etmişdik. Bu yubileyi böyük ruh yüksəkliyi, məsuliyyətlə keçirməyi qarşımıza məqsəd qoymuşduq. Çünki bu tədbir Bakı Slavyan Universitetinin dünəninə bir baxış, gələcək planlarının müəyyənləşdirilməsi üçün bir mənbə olmalıydı.
Təbii ki, məhdud çərçivədə keçilən 70 illik yolun geniş təhlilini vermək qeyri-mümkündür. 70 il dünənimiz, bu günümüz və gələcəyimizin əsasıdır. Bu reallığı unutmayaq ki, inkişaf üçün məqsəd, yeni-yeni hədəflər önəmlidir. Bakı Slavyan Universiteti bugünkü uğurlara doğru addım-addım irəliləyib. Məqsəd ölkəmizin bugünkü çoxsaylı ali təhsil ocaqları arasında özəlliyi qorumaq, yüksək ixtisaslı tələbələr yetişdirməklə inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qarşıya qoyan Azərbaycanın davamlı uğurlarına töhfə verməkdir. Təbii ki, bu istəyimizə necə nail olmuşuq və olacağıq, bunu universitetin məzunları, bu gün müxtəlif sahələrdə çalışan mütəxəssislərimiz söyləyə bilərlər.
- Bakı Slavyan Universitetinə daxil olarkən foyedə diqqət çəkən çağırışlar, düşünürük ki, həm müəllim, həm də tələbə heyətinin qarşısında böyük məsuliyyət qoyur. Necə deyərlər, uğurlu başlanğıc davamlı uğurlar üçün stimuldur...
- Universitetin foyesində Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin elm, təhsil və biliklə bağlı fikirləri öz əksini tapıb. Qeyd olunduğu kimi, dünyada bütün qlobal məsələlərin həllində təhsilin, biliyin rolu inkaredilməzdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2011-ci ildə Gənclərin VI Forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”. Bəli, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksəkkeyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Ümumiyyətlə, ölkəmizdə təhsilin
səviyyəsi gündən-günə yüksəlir. Təhsilin
səviyyəsinin zirvəsi yoxdur. Çünki o, elə bir
prosesdir ki, yeniləşdikcə yeni məsələlər,
metodlar, formalar, qanunlar meydana çıxır. Ona görə
də deyə bilmərik ki, təhsil özünün ən
yüksək zirvəsini fəth edib. Dünya təhsil
sisteminin ən gözəl ənənələri Azərbaycanda
tətbiq olunur. Bu gün bütün
dünyanı bir-birinə yaxınlaşdıran, okeanın o
tayında baş verən hadisələri bir anın
içində Azərbaycana “gətirən” virtual aləm,
sosial şəbəkələr bu gün təhsildə
öz mövqeyini tutub. Yeni texnologiyalardan, kompüterlərdən,
linqafon sistemindən yüksək səviyyədə istifadə
olunur. Azərbaycanda elə universitetlər var ki, elektron sistemə
keçib. Bu, o deməkdir ki, hər bir addım texniki təchizat
vasitələri ilə həyata keçirilir. Bu gün
Bakı Slavyan Universitetində gedən proses ölkədəki
təhsil prosesinin yeniliklərindən təcrid olunmayıb. Həmin
yeniliklərdən də istifadə edərək fəaliyyət
göstəririk. Bu gün universitetin tədris auditoriyaları
texniki vasitələrlə təchiz edilib. Müəllimlərimiz
yeni texnologiyalardan istifadə etmək üçün kurslar
keçib, sertifikatlar alıblar. Bu gün Baloniya prosesinin kredit sistemi
universitetdə uğurla tətbiq olunur. Bir sözlə,
tələbələrin təhsillərini lazımi səviyyədə
davam etdirmələri üçün hər cür şərait
mövcuddur. Hazırda bizim bir çox ali
təhsil ocaqlarımızın adı dünyanın
nüfuzlu universitetlərinin sırasında çəkilir. Çalışırıq ki, Bakı Slavyan
Universiteti də həmin reytinqə daxil olsun. Universitetdə yüksək səviyyədə tədris
prosesi həyata keçirilir. Ənənəvi
dərslərdən uzaqlaşmaq, qeyri-ənənəvi dərsləri
tətbiq etmək istiqamətində addımlar atılır.
Tələbələrimizin təhsili ilə
bağlı qeydiyyatımız vardır. Təbii
ki, bu qeydlərimiz onlara yüksək təhsil vermək istəyimizdən
irəli gəlir. İslahatlar
aparılır. Bu yaxınlarda
dekanlıqlar dəyişdirildi. Yaxın
zamanlarda bu islahatlar kafedralarda aparılacaq.
Bütün bunlar ondan xəbər verir ki, təhsil
dövlətin siyasətində prioritetdir. O ölkələrin təhsili
inkişaf edir ki, orada cəmiyyətin özü də
inkişaf edir. Təhsil inkişaf etməsə,
dövlətin inkişafından danışmaq qeyri-mümkündür.
Çünki bütün inkişafı
labüd edən yüksək səviyyəyə sahib, kamil
insandır. O insan Azərbaycan təhsilində,
universitetlərimizdə yetişir. Dövlət
də hər bir gəncin inkişafının
qayğısına qalır. Bu istiqamətdə
nə qədər Fərman və sərəncamlar
imzalanıb, Dövlət proqramları təsdiqlənib.
Gənclərimiz xarici ölkələrdə təhsil
alırlar. O da məlumdur ki, universitetlərdə gənclərə
stimul olaraq müxtəlif səviyyəli tədbirlər
gerçəkləşdirilir. Ən
yaxşı göstəricilər əldə edən tələbələr
seçilir. Onların böyük
auditoriya qarşısına çıxarılması və təqdimatının
keçirilməsi, təbii ki, böyük stimuldur. Azərbaycan universitetlərinin maddi-texniki
bazasının modernləşdirilməsi prosesi
aparılır. Bizim universitetimizdə də
həmin proseslər həyata keçirilir. Çalışırıq ki, müasir təchizatdan
geri qalmayaq. Elmi-tədqiqat işlərində
geniş modernləşdirmə siyasəti aparılır.
Bakı Slavyan Universitetinin həm saytı yenilənib, həm
də inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq həyata
keçirilən və keçiriləcək tədbirlər
universitetimizin ən yaxşı ali təhsil
ocaqları sırasına daxil olmasına, yüksək səviyyəli
tədris və elm mərkəzinə çevrilməsinə
yol açacaq.
- Nurlana
xanım, 25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın
bu gününü müstəqilliyimizin ilk illəri ilə
müqayisə etdikdə sizdə hansı qənaət
formalaşır?
- Müstəqilliyimizin
ilk illərində yaşananlar tariximizin bir səhifəsidir. Təbii ki, 25 ilə nəzər salanda, bu səhifəni
oxumamaq, onu vərəqləməmək mümkün deyil.
1993-cü ildə Ulu öndər Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdanda Azərbaycan uçurum qarşısında idi.
Müstəqilliyini itirmək, bir dövlət
olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini
yaşayırdı. Tarixi paralellər
aparsaq, bu faktı da qeyd etməliyik ki, Ümummilli lider Heydər
Əliyev hakimiyyətinin birinci dövründə də Azərbaycan
üçün çox böyük işlər
görmüşdür. Azərbaycanın
strateji əhəmiyyət kəsb edən obyektlərini
yaratmışdır. Ölkə
ziyalılarına böyük qiymət vermişdir. Azərbaycanın dünya iqtisadiyyatında yerini
müəyyənləşdirməkdən ötrü yeni metod
və üsullar axtarmışdır. Ulu
öndər Heydər Əliyev dünya siyasətində
Öz yeri və rolu olan bir şəxsiyyət idi. İkinci dəfə hakimiyyətə qayıdanda Azərbaycan
çox çətin durumda idi. Ölkəmizi
o dövrün çətinliklərindən xilas edə biləcək
şəxs yalnız Heydər Əliyev idi. Ölkədə separatizm baş
qaldırmışdı. Vətəndaş
müharibəsi yaşanırdı. Ayrı-ayrı
qruplar formalaşmışdı. Həmin
qruplar öz maraqlarına uyğun olaraq
silahlanmışdı. Ordumuz yox vəziyyətində
idi. Bir tərəfdən, Ermənistanın
işğalçılıq siyasəti, digər bir tərəfdən
də, ölkədaxili vəziyyət xalqın sabaha
ümidini itirmişdi. Belə çətin
məqamda xalq üzünü öz xilaskarına - Ulu öndər
Heydər Əliyevə tutdu. Bax belə bir
ağır zamanda dahi şəxsiyyət Heydər Əliyev
hakimiyyətə qayıtdı. Bu
qayıdış Azərbaycana bugünkü uğurları qazandırdı.
Azərbaycan bütün istiqamətlər
üzrə inkişaf, tərəqqi yoluna çıxdı.
Daxili sabitlik ölkəmizlə iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərini
aradan qaldırdı. 1994-cü ildə
“Əsrin müqaviləsi” imzalandı. Ölkənin
gələcəyi üçün mühüm strateji
addımlar atıldı. Bütün
bunlarla bərabər, ölkəmizin Milli Ordusu
formalaşdırıldı. Azərbaycanın
beynəlxalq aləmdə yeri və rolu artdı. Beynəlxalq təşkilatlara üzv qəbul
olunmaqla həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq imkanı əldə etdi.
Son 13 ildə Ulu öndər Heydər Əliyevin siyasi
kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən
yüksək zirvələri fəth edir. Azərbaycanın
iştirakçısı və təşəbbüsçüsü
olduğu layihələr dövlətlər, xalqlar arasında
dostluq, əməkdaşlıq körpüsü rolunu
oynayır. İqtisadi tərəqqi ölkəmizin
beynəlxalq münasibətlər sistemində yeri və rolunu
da möhkəmləndirir. Bu gün yeganə
problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. İşğal
altında olan torpaqlarımızın sülh yolu ilə azad
edilməsinə göstərilən səylər Azərbaycan
dövlətinin sülhsevər siyasətinin təsdiqidir.
Dövlətimizin başçısı cənab
İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının
tribunasından bu bəyanatı səsləndirir ki, bir
qarış torpağımız belə düşmənə
verilməyəcək. Sülh
danışıqları səmərə verməzsə,
torpaqlarımızı digər yolla azad edəcəyik. Bu inama əsas yaradan, təbii ki, Azərbaycanın
güclü və qüdrətli ordusudur. Bu il aprelin əvvəlində Ermənistan və
Azərbaycan qoşunlarının təmas xəttində
yaşananlar Azərbaycan Ordusunun gücünü bir daha
dünyaya nümayiş etdirdi.
Azərbaycanın
25 illik müstəqillik tarixində keçdiyi inkişaf
yolunun əsas bələdçilərindən biri də bu
gün ev sahibliyi etdiyi müxtəlif sahələr
üzrə beynəlxalq səviyyəli tədbirlərdir. Ev sahibliyi fikri bütün yazıların, məqalələrin
ana xəttini təşkil edir. Bu,
reallıqdır. Xatırlasaq, Azərbaycan ötən il ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Bütün dünyanın diqqətini ölkəmizə
yönəltdi. Azərbaycanın yüksək
səviyyədə təşkil etdiyi həmin tədbir
dünyaya səs saldı. Bu möhtəşəmlik
üçün, təbii ki, böyük dəstək, birlik,
həmrəylik gərək idi. Bu da Azərbaycan
xalqının birliyi, həmrəyliyi idi. Çünki
dünyanın hansı nöqtəsindən ölkəmizə
baxsaq, bu fikir böyük inamla qeyd olunur ki, Azərbaycanda
xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır. Təbii ki, bu sarsılmazlığı dövlətimizin
uğurlu siyasəti təmin edir. Azərbaycanın
bu uğurlarına həsəd aparanlar oldu və bu həsəddən
qısqanclıq hissləri də yarandı. Lakin bu baxışlara, yanaşmalara baxmayaraq, Azərbaycan
tutduğu yolla inamla irəliləyir, multikultural dəyərlərin,
tolerantlığın inkişafına öz davamlı
töhfələrini verir. Dünyanın ən
iri dövlətləri, təşkilatları Azərbaycanı
dəstəkləyir. Bu gün ölkəmizdə
keçirilən tədbirlər dövlətimizin siyasətini
nümayiş etdirən amillərdəndir.
Ölkəmizdə tolerantlıqdan bəhs edərkən
dərhal Azərbaycanın yerləşdiyi cografi məkan,
ölkəmizdə bəşəri dəyərlərə
verilən dəyər göz önünə gəlir. Bu günlərdə
Bakı Slavyan Universitetində “Tolerantlıq günü”nə
həsr olunmuş iki böyük tədbir keçirildi.
Həmin tədbirlərdən birində
universitetin müəllim-professor-tələbə heyəti
iştirak etdi. Cəmiyyətin nüfuzlu
ziyalıları həmin tədbirin iştirakçısı
oldular. İkinci tədbir ümumrespublika tədbiri
- tələbələrin elmi-praktik konfransı idi. Həmin tədbirdə tələbələr çox
mühüm məsələləri gündəmə gətirmişdilər.
Təhsil müəssisəsində, ailədə,
cəmiyyətdə tolerantlıq nədir kimi suallara cavab
axtarıldı. Bu sualların cavabları,
sözsüz ki, dolğunluğu ilə diqqət çəkdi.
Onlar üçün tolerantlıq ilk növbədə
cəmiyyətimizdə insanların bir-birinə verdiyi dəyərdir,
qiymətdir. Hisslərinə,
dünyagörüşlərinə, dilinə, dininə
hörmətlə yanaşmaqdır. Bu
tolerantlığın kökləri ailələrdən gəlir.
Ailədə də tolerantlığı qoruyub
saxlamaq lazımdır. Əbəs yerə
ailə kiçik dövlət kimi dəyərləndirilmir.
Təbii ki, bu tədbirləri xatırlatmağım səbəbsiz
deyil. Bu, onu göstərir ki, ildən-ilə təkmilləşmə,
yeniləşmə, modernləşmə gənclərimizin fəaliyyətində,
həyatında da öz əksini tapır. Onlar günümüzün aktual məsələlərinə
biganə yanaşmır, öz vətəndaşlıq
mövqelərini ortaya qoyurlar. Digər tərəfdən,
bu gün Azərbaycan inkişafın elə bir mərhələsindədir
ki, harada yaşamasından, eyni zamanda, hansı kateqoriyaya aid
olmasından asılı olmayaraq, bütün azərbaycanlılar
bundan qürur hissi keçirirlər.
25 illik
müstəqillik tarixinə malik olan Azərbaycanın
bugünkü uğurlarının fonunda “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası həyata
keçirilir. Qarşıdakı illərdə
ölkəmizi inkişaf etmiş dövlətlər
sırasında görmək istəyindəyik. Ulu öndər Heydər Əliyevin düzgün
müəyyənləşdirdiyi siyasətin bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində Azərbaycanı daha
möhtəşəm uğurlar gözləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni
Azərbaycan Partiyasının V qurultayında qeyd etdiyi kimi,
bugünkü Azərbaycan Ulu öndər Heydər Əliyevin
görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, davamlı inkişaf yolunda
addımlayır, islahatçı, xoşbəxt ölkə
kimi nüfuz qazanıb, demokratiya təcrübəsi nümunə
göstərilir, ən əsası, inkişafın Azərbaycan
modelinin mövcudluğu beynəlxalq səviyyədə də
təsdiq edilir.
- Siz, eyni
zamanda, Yeni Azərbaycan Partiyası Qadınlar
Şurasının sədrisiniz. Bu gün
ölkəmizdə həyata keçirilən dövlət
qadın siyasətini necə dəyərləndirirsiniz?
- Azərbaycanda
qadınların ictimai-siyasi fəallığının
artırılmasına, onların cəmiyyətin bütün
sahələrində uğurla təmsil olunmalarına və
digər məqsədlərə yönəlmiş qadınlar
siyasətinin əsası xalqımızın Ümummilli
lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi
dövründə qadınların ictimai fəallığının
artırılması, onların təhsili, məşğulluğu,
vəzifə pillələrində irəliləyişi
üçün mühüm addımlar atan Ulu öndər
Heydər Əliyev 1993-cü ildə dövlət rəhbərliyinə
qayıdışından sonra bu xətti yeni məzmunda,
müstəqillik dövrünün mahiyyətinə uyğun
bir tərzdə davam etdirdi. Ulu öndərin
ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın
siyasi həyatında tarixi zərurət kimi meydana
çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə
və bu prosesə öz töhfəsini vermək istəyən
Azərbaycan qadınlarının birlik, bərabərlik
ünvanı oldu.
Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra qadınlarımız Onun milli
inkişaf strategiyasının fəal dəstəkçiləri
oldular. 1995-ci ildə Ulu öndərin tövsiyəsi ilə
Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının
tərkibində qadınlar şuralarının
yaradılması böyük ictimai dəstəklə
müşayiət olunurdu. Heydər
Əliyevin siyasi ideyalarının arxasınca gedən Azərbaycan
qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü
yaxından dəstəkləyir, bu şuranın işində
fəal iştirak etmək üçün dəstə-dəstə
Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər.
Azərbaycan qadınlarının tarixdə ilk
dəfə bu qədər böyük mütəşəkkilliklə
bu prosesə qoşulmaları onların Ümummilli liderin həyata
keçirdiyi müdrik siyasətə sonsuz inamının ifadəsi
idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan
qadınının cəmiyyətdəki roluna verdiyi dəyər
və Azərbaycan qadınının Heydər Əliyev siyasətinə
verdiyi yüksək dəstək ölkədə qadın fəallığı
ənənələri tarixinə yeni salnamələr
yazdı. Cəmiyyətdə qadınların mövqeyini
möhkəmləndirmək üçün Ulu öndər
Heydər Əliyevin 1998-ci ildə ilk dəfə olaraq
Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması barədə Sərəncamı bu istiqamətdə
atılan tarixi addımlardan biri oldu. Bir məqamı
xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan
qadını bu qiymətin və mənəvi məsuliyyətin
işığında yeni əsrdə üzərinə
düşən vəzifələri düzgün dəyərləndirərək
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin sayəsində əldə edilən
çoxşaxəli inkişaf proseslərinə öz
töhfələrini verməyə çalışır.
Bu gün Azərbaycan qadını Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətdə
övladlarının parlaq gələcəyini,
özünün, doğmalarının stabil bir cəmiyyətdə
güvənli, təhlükəsiz həyatını, həmçinin
sosial rifah halının davamlı surətdə
yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə
Azərbaycan qadını ilə bağlı olan problemlər
dövlətin prioritet məsələlərindən ən
ümdəsinə çevrildi, qadınların problemləri
dövlət rəhbərliyinin ən yüksək diqqət və
qayğısı ilə əhatə olundu.
Azərbaycan
qadınının Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətə rəğbətini şərtləndirən
ən əsas amillərdən biri də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın şəxsində
Azərbaycan qadınının layiq olduğu ən yüksək
ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir.
Ümumiyyətlə, dünyada ən
böyük məktəb hansısa dəyərli keyfiyyəti
əxz etmək üçün bir insanın öz həyat və
fəaliyyəti ilə yaratdığı şəxsi
nümunədir. Mehriban xanım Əliyeva
bu mənada Azərbaycan qadınları üçün
müasir dünyamızda bəşəriyyətə
faydalı olmağın yeni meyarlarını müəyyən
edən parlaq örnəkdir.
Bir məqamı
xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm:
2013-cü ilin 7 iyun tarixində Yeni Azərbaycan
Partiyasının V qurultayında Mehriban xanım
Əliyevanın şəxsində Azərbaycan qadınına
böyük etimad göstərildi. Mehriban
xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin
müavini seçilməsi ilə Azərbaycan
qadınının siyasətdə təmsilçiliyinə
böyük dəyər verildi və bu fakt
qadınlarımızın Yeni Azərbaycan Partiyasına
axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız bir daha dərk
etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir,
YAP-ı təmsil etmək böyük qürurdur.
- Nurlana
xanım, yeni hədəflərdən bəhs etdik. Bu hədəflərin gerçəkləşməsində
təhsilimizin, eyni zamanda, bir qadın siyasətçi olaraq Azərbaycan
qadınının töhfələrini necə
görürsünüz?
- Ölkə Prezidenti cənab İlham
Əliyevin uğurlu siyasəti Azərbaycanın
qarşısında yeni-yeni imkanlar açır. Bu baxımdan
böyük inam və fəxrlə deyə bilərik ki, gələcəyimiz
bundan da uğurlu olmalıdır. Çünki gələcəyimizin
düzgün təməli qoyulub. Ölkəmizdə azərbaycançılıq
ideologiyası hökm sürür. Bu gün gənclərimizin
düzgün formalaşması istiqamətində ciddi
addımlar atılır. Gənclərimizin daha geniş
arenalara çıxması üçün böyük səylər
göstərilir. Bugünkü inkişafı 20 il bundan
öncə arzu edirdik. Artıq arzularımız gerçəkləşdikcə
yeni-yeni hədəflər gündəmə gətirilir. Bu hədəflər
Azərbaycanın uğurlu gələcəyi
üçündür. Gələcəyimiz üçün
isə gənclərimiz daha da inkişaf etməli, təhsilini
yüksək səviyyədə qurmalıdır. Dahi şəxsiyyət
Heydər Əliyev bildirirdi ki, təhsilimizin məqsədi gənc
nəslə, uşaqlara təhsil verib onları gələcəyə
hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda, vətəndaş
olsun. Mütləq vətəndaş olsun. Dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq vətəndaş olsun. Belə bir vətəndaşın
yetişməsində Azərbaycan qadınının,
anasının məsuliyyəti böyükdür. Bu birliyin
yeni hədəflərin gerçəkləşməsində
öz payı var. Çalışırıq ki, bu pay daha da
artsın.
Yeni Azərbaycan.-
2016.- 28 dekabr.- S.6