Azərbaycanın bütün bölgələrində
genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilir
Hazırda “Azəriqaz” İB-nin elmi-texniki potensialı ölkənin müxtəlif regionlarını əhatə edən 1,312 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin etməyə imkan verir
Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə istər iqtisadi, istərsə də sosial sektorlara aid yüksək səviyyəli infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanılaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynanan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır.
Məlumdur ki, son illərdə Azərbaycan uğurlu enerji siyasəti sayəsində həm də qaz ixracatçısına çevrilib. Azərbaycanın və tərəfdaş ölkələrin birgə iştirakı ilə işlənməsinə başlanan “Şahdəniz” yatağı qlobal miqyasda yeganə yeni “mavi yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə artırıb. İndiyədək Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin iki toplantısı baş tutub. Toplantılarda vurğulandığı kimi, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyinə daha sanballı töhfələr verəcək. Beləliklə, bir sıra Avropa ölkələrinin rəsmilərinin də etiraf etdikləri kimi, hazırda Azərbaycanın iştirakı ilə “qoca qitə”nin enerji xəritəsi yenilənir və Azərbaycan bu prosesdə mərkəzi rol oynayır.
Bununla belə, ölkə Prezidentinin qətiyyətli siyasi iradəsi ona yönəlib ki, Azərbaycanın zəngin qaz potensialından ilk növbədə ölkə əhalisi bəhrələnməlidir. Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə daxili qaz istehlakının təmin olunmasının zəruriliyini bir daha vurğulayaraq bildirib: “Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik”.
Respublikada qazlaşdırmanın səviyyəsinin 90 faizə çatması böyük nailiyyətdir
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.
Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2016-cı ilin arxada qalan dövrü ərzində də intensiv şəkildə davam etdirilib. Belə ki, cari ildə bütün respublika üzrə çoxlu sayda yaşayış məntəqəsi qazlaşdırılıb, hətta indiyədək heç vaxt qaz təchizatı olmayan ucqar kəndlərdə belə insanlar evlərində ilk dəfə “mavi yanacaq” alovlanmasının sevincini yaşayıblar.
Qeyd edək ki, ölkəmizdə bütün regionları əhatə edən və abonentlərin keyfiyyətli qaz təchizatına imkan verən optimal paylayıcı şəbəkə qurulub. “Azəriqaz” İB Azərbaycan Respublikası ərazisində təbii qazın nəqli, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyinin elmi-texniki potensialı Azərbaycanın müxtəlif regionlarını əhatə edən 1,312 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin etməyə imkan verir. Bu funksiyanın icrası üçün 8 magistral qaz kəmərləri sahəsi, 7 kompressor stansiyası, 67 qaz istismar sahəsi, 79 avtomat qaz paylayıcı stansiya, 77 qaz paylayıcı stansiya, 35 qaz paylayıcı məntəqə, ümumi uzunluğu 44 372 kilometr olan boru kəmərləri və digər çoxsaylı texnoloji obyektlərdən ibarət olan texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur.
Təbii qazın verilməsi regionlarda sakinlərin bayram əhval-ruhiyyəsini daha da yüksəldib
Bu günlərdə regionlarda yaşayış məntəqələrinə təbii qazın verilməsi sakinlərin bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Göyçay rayonunun Şəkər kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1026 metr polietilen və 26 min 786 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 307 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Qarşıdan gələn bayramlar ərəfəsində Şəkinin ucqar yaşayış məntəqələrindən olan Qayabaşı kəndinin sakinləri də evlərinə “mavi yanacaq” verilməsinin sevincini yaşayıblar. 385 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 217 metr uzunluğunda polietilen və 28 min 606 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Kəndə dekabrın 21-də uzun fasilədən sonra təbii qaz verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, rayonun ucqar yaşayış məntəqələrindən olan və Şəki şəhərindən 65 kilometr məsafədə yerləşən Qayabaşı kəndinə yenidən təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya bariz nümunədir.
Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, daha 4 kəndin - Şəkikənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Tezliklə bu kəndlərə də ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə “mavi yanacağ”ın verilməsinin onlar üçün bayram hədiyyəsi olduğunu deyiblər.
Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Yeni Qaradolaq kəndi də əlavə olunub. 496 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 min metr uzunluqda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, hazırda Ağcabədi rayonunun Qiyaməddinli, Gələbədin və Qaravəlli kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Qarşıdan gələn bayramlar ərəfəsində Ağsuda ən ucqar yaşayış məntəqələrindən olan, 1512 nəfər əhalinin yaşadığı Padarqışlaq kəndinə “mavi yanacaq” verilib. Rayon mərkəzindən 49 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılması üçün 21249 metr polad, 4968 metr polietilen borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.
Qeyd edək ki, təkcə son iki ildə Ağsuda 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu da ümumi abonentlərin 96 faizini təşkil edir. Kəndə təbii qazın verilməsi mərasimində çıxış edən sakinlər sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.-29 dekabr.- S.8