Regionlarda heyvandarlıq məhsullarının istehsalı artır

 

Hazırda ölkə üzrə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə çatmaq üzrədir

İndiki mərhələdə Azərbaycan ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə qarşıya bir sıra strateji məqsədlər qoyub ki, bunların daərisində əhalinin ərzaq təminatının daxili istehsal hesabına təmin olunması mühüm yer tutur. Bu strateji hədəfə çatmaq üçün son illərdə bir sıra vacib qərarlar verilib, ayrıca Dövlət proqramları qəbul edilib, regionlarda ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Nəticədə, respublikanın ayrı-ayrı bölgələri üzrə ərzaq məhsulları istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb, keyfiyyət göstəriciləri yaxşılaşıb. Son illərdə ölkəmizdə meyvəyə, kartofa, tərəvəzə və digər məhsullara daxili təlabatın tam yerli istehsal hesabına ödənilməsi diqqətəlayiq haldır.

Heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib

Son illərdə ölkəmizdə heyvandarlığın inkişafında intensiv metodlardan geniş istifadə olunması bu sahədə məhsuldarlığın ilbəil yüksəlməsi ilə nəticələnib. Hazırda respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb ki, bu da böyük nailiyyətdir. Statistikaya nəzər saldıqda görürük ki, bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha yüksək olub. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb.

Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata əsasən, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.

Regionlarda heyvandarlığın inkişafında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır

Son illərdə respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqini, o cümlədən də mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını xüsusi qeyd etmək lazımdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq heyvandarlıqda intensiv metodların tətbiqinə geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətindəAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb.

Süni Mayalama Mərkəzinin yaradılması regionlarda heyvandarlığın inkişafına yeni təkan verib. Paralel şəkildə son vaxtlar respublikanın regionlarında süni mayalanmanın genişləndirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Belə bir mərkəzin yaradılması regionlarda heyvandarlığın inkişafına yeni təkan verib. Hazırda Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə bu kompleksin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat sərf ediləcək. Qeyd edək ki, süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.

İntensiv metodların tətbiqi sayəsində regionlarda mal-qaranın baş sayı və məhsuldarlıq artıb

Son illərdə ölkənin müxtəlif regionlarında yaradılan heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi sayəsində respublika miqyasında mal-qaranın baş sayı və məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 724,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 303,6 min baş inək və camış, 8 milyon 823,2 min baş qoyun və keçi mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,7 min baş, o cümlədən inək və camışların sayı 2,3 min baş, qoyun və keçilərin sayı 15,8 min baş artıb. Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6 faiz artaraq 231,1 min ton, süd istehsalı 4,9 faiz artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 821,9 milyon ədəd, yun istehsalı isə 3,4 faiz artaraq 15,9 min ton təşkil edib.

Heyvandarlıqda damazlıq-seleksiya işlərinin təşkili diqqət mərkəzində saxlanılır

Heyvandarlıq sahəsində prioritetlərin əyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər məsələlər bu günlərdə Şəki şəhərində keçirilən zona müşavirəsinin əsas müzakirə mövzusu olub.

Müşavirədə Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının heyvandarlıqla məşğul olan fermerləri, süni mayalama və heyvandarlıq mütəxəssisləri iştirak ediblər. Tədbiri açan Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev hazırda aqrar sahədə çalışan işçilərin qarşısında duran əsas vəzifənin kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin etmək və ölkənin ixrac potensialını artırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili məsələlərindən ətraflı bəhs edib.

Qeyd edək ki, bu günlərdə Ucarda da heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili məsələlərinə həsr olunan zona müşavirəsi keçirilib. Zona müşavirəsində Ucar, Kürdəmir, Göyçay, Ağdaş və Zərdab rayonlarından kənd təsərrüfatı idarələrinin rəisləri, heyvandarlıqla məşğul olan fermerlər, süni mayalandırma üzrə mütəxəssislər iştirak ediblər. Zona müşavirəsində mütəxəssislərinHeyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda təsadüf edilən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirlərimövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 30 dekabr.- S.11