Turizm sahəsində həyata keçirilən tədbirlər regionların inkişafına mühüm
töhfələr verir
Ölkədə turizmin inkişaf strategiyasında bölgələrin bu sahədəki potensialından səmərəli istifadə olunması xüsusi yer tutur
Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq ölkəmizin inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Ümumiyyətlə, ölkəmizdə ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. Yəni ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul olunması hazırkı dövrdə effektiv iqtisadi siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, turizmin inkişafı istiqamətində müəyyən edilmiş tədbirlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi də diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Beləliklə, respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.
Ötən dövr ərzində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.
Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.
Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Cari ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir.
Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın regionlarında “Şahdağ”, “Naftalan”, “Duzdağ” kimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib. Son illərdə ölkəmizdə turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyini ön plana çəkib.
Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 500-ü ötüb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Beləliklə, turizm sahəsində həyata keçirilən uğurlu siyasət həm ümummilli tərəqqiyə, həm də regionların dinamik sosial-iqtisadi inkişafına müstəsna töhfələr verir. Ümumiyyətlə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların da payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Göründüyü kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2016.- 31 dekabr.- S.8