Gülnar Hüseynzadə: Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi
qəbul olunub
“Bu gün müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmsilçiləri olan insanlar dini və mədəni tolerantlığın olmasına zəmin yaradan multikulturalizm siyasətinə alternativ olmadığını dərk edirlər”. Bu sözləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Dillər Universitetinin Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə deyib.
2016-cı ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran professor əlavə edib ki, ölkəmiz tərəfindən cari ildə multikultural dəyərlərin təbliği istiqamətində mühüm işlər görülüb: “Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi qəbul olunub. Mən cari ilin noyabr-dekabr aylarında Portuqaliyanın Lissabon şəhərində olan Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris etmişəm. Onu deyə bilərəm ki, universitetdə bu fənnin öyrənilməsinə böyük maraq göstərildi. Diqqətinizə çatdırım ki, fənnin tədrisini diplomatiya, avropaşünaslıq və dinşünaslıq fakültələrinin magistratura pilləsində təhsil alan tələbələrlə aparmışam. Tələbələr dərslər zamanı Azərbaycanda yaşayan müxtəlif xalqların öz dillərini, mədəni ənənələrini qoruyaraq qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamalarını yüksək qiymətləndirərək bunun mühüm bir nümunə olduğunu nəzərə çatdırdılar. Lusofona Universitetində noyabrın 15-də Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş böyük konfrans keçirildi. Həmin konfransda mən “XXI əsrdə multikulturalizmin çağırışları” (“The challenge of Multiculturalism in the XXI century”) mövzusunda çıxışım zamanı Azərbaycanın multikultural dəyərləri necə təbliğ etməsinə, tolerantlıq nümunəsi olan ölkəmiz tərəfindən həyata keçirilən multikulturalizm siyasətinin əsaslarına dair fakt və qənaətləri diqqətə çatdırdım. Multikulturalizm sahəsində Azərbaycanın təcrübəsi böyük maraq və diqqətlə qarşılandı. Tələbələr ölkəmizə gələrək Azərbaycan dili, ənənələri və həqiqətləri ilə yaxından tanış olmaq arzusunda olduqlarını bildirdilər”.
“Qarşıdakı dövrdə Azərbaycan
multikulturalizmi fenomeninin
əhəmiyyətinin dünyaya
çatdırılması və
multikultural dəyərlərin təbliği
istiqamətində aparılan işlər daha
da genişləndiriləcək. “Azərbaycan
multikulturalizmi” fənninin
tədris edildiyi ölkələrin sayının
artacağı şübhəsizdir”,
- deyə professor G.Hüseynzadə
vurğulayıb.
Yeni Azərbaycan.- 2016.- 31 dekabr.- S.6.