Nəsimi rayon gənclərinin
2 fevral - Gənclər
Gününə həsr
olunmuş bayram tədbiri keçirilib
Dünən “Gülüstan” sarayında Nəsimi rayon gənclərinin 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə fərqlənən qabaqcıl gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Millətin yaşaması və inkişafının təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlığı lazımdır. Bu gün biz tam əminliklə söyləyə bilərik ki, Azərbaycan gəncləri nəinki ölkə daxilində, hətta beynəlxalq aləmdə də dövlətimizi layiqincə təmsil edirlər. Dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirən gənclərimiz məhz onlar üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlardan istifadə edirlər. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Daha sonra rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclər müxtəlif nominasiyalar üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar. Gənclərə həmçinin qiymətli hədiyyələr də verilib.
Tədbir bayram
konserti ilə davam etdirilib.
Yeni Azərbaycan.- 2016.-2
fevral.- S.7