2015-ci ildə də
içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr
reallaşdırılıb
Həyata keçirilən Dövlət proqramları nəticəsində istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb
Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın müasir inkişaf göstəricilərindən ölkəmizin bütün bölgələrinə pay düşüb. Daha dəqiq desək, həyata keçirilən və inkişafa hədəflənmiş siyasət nəticəsində paytaxt Bakı ilə yanaşı regionlarda da bütün sahələrdə tərəqqi qeydə alınıb. Onu da vurğulamaq yerinə düşər ki, son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 12 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, içməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir: “Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular yaradılmışdır. Yarım milyon insan bax o imkanlardan istifadə edir”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir və hesablamalara əsasən 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq həyatla vidalaşır. Ümumiyyətlə, müxtəlif ölkələrdə xəstəliklərin 80 faizi içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Yeri gəlmişkən, bu istiqamətdə ötən ildə də ölkəmizdə mühüm işlər həyata keçirilib. Hər halda “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) keçirilən 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd olunanlar belə deməyə əsas verir. İclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2015-ci ildə Azərbaycanda dinamik inkişaf təmin olunub. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib. Ötən il içməli su təchizatı və kanalizasiya sektorunda da mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb: “Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib. Görülən tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib”.
Bildirilib ki, ötən il cəmiyyət üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Yeni kompleksin istismara verilməsindən sonra Türkan və Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanılıb və sakinlər bu mənbə hesabına daha keyfiyyətli su ilə təmin olunurlar.
2015-ci ildə Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılıb. Hesabat ilində 14 kilometrlik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikilib, Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılıb. Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün, Su idman sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri həyata keçirilib.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda yeni layihələr həyata keçirilib. 2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 kilometr uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilib. Ötən il Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb.
Hesabat dövründə 866 kilometr içməli su, 285 kilometr kanalizasiya xətləri çəkilib, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 52 mini “Smart” tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb.
İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4 faiz artaraq 93,6 faizə yüksəlib, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.
Lakin bu uğurlar arxayınlığa əsas vermir, uğurların 2016-cı ildə də davam etməsi üçün sözügedən iclasda Səhmdar Cəmiyyətin qarşısında mühüm vəzifələr qoyulub. Belə ki, cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyi bildirilməklə yanaşı, tikinti-quraşdırma işlərinin qısa müddətdə və keyfiyyətlə aparılmalı olduğu diqqətə çatdırılıb.
Səhmdar Cəmiyyətin sədri su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verilib. Qeyd olunub ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.
İclasda o da bildirilib ki, 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar “Azərsu” ASC üzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq.
Beləliklə, istər ümumilikdə Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər, istərsə də yuxarıda bəhs edilən iclasda sadalanan faktlar onu deməyə əsas verir ki, bundan öncəki illər kimi, 2015-ci ildə də içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2016.- 3 fevral.- S.8