Regionların enerji
təminatının gücləndirilməsi sosial-iqtisadi
inkişafın göstəricisidir
Həyata keçirilən işlər nəticəsində respublikamızın cənub bölgəsində də elektrik enerjisi təminatı yaxşılaşdırılır
Məlum olduğu kimi, hazırda inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda son 12 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti, həmçinin regionların hərtərəfli inkişafını təmin edən Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb.
Yeri gəlmişkən, Dövlət proqramları çərçivəsində, eyni zamanda, bölgələrin elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində ciddi tədbirlər görülüb və hazırda da görülməkdədir. Təbii ki, bu istiqamətdə “Azərişıq” ASC-nin üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə, “Azərişıq” ASC fəaliyyətə başladığı müddət ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub. Bu sırada “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Eyni zamanda, qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların əksəriyyəti test edilib, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzi yaradılıb.
“Azərişıq” ASC-nin ötənilki fəaliyyəti müddətində respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan ölkənin qərb regionu da diqqət mərkəzində olub. Belə ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik təchizatı üçün 110/35/10/6 və 0,4 kV-luq şəbəkələrinin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi planlar həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün ən vacib yarımstansiya və transformator məntəqələrində ikinövbəli iş rejimi tətbiq olunub.
“Azərişıq” ASC fəaliyyətə başladığı dövrdən indiyə qədər respublikanın digər bölgələri kimi cənub regionunda da çox ciddi dəyişikliklərə nail olub. “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin daxili imkanları da cəlb edilməklə qış ayları üçün ən vacib quruculuq və təmir-bərpa işləri həyata keçirilərək abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatı təmin edilir. “Cənub” RETSİ-nin xidməti ərazisində yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə-avtomatika vasitələrinin normal iş rejimi yüksək həddə çatdırılıb. Xidməti ərazidə balansda olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, tranformatorların böyük əksəriyyətində sınaq işləri aparılıb, 2-ci kommutasiya dövrələri sazlanaraq mühafizələri yoxlanılıb.
Şirvan Elektrik Şəbəkəsinin (EŞ) Şirvan şəhəri ərazisində 7 ədəd müxtəlif güclü yeni KTM quraşdırılıb. Bunların da 6 ədədi işə qoşularaq istismara verilib. Hacıqabul EŞ-i ərazisində də payız-qış mövsümünə hazırlıqla əlaqədar xeyli işlər görülüb. Rayonun Udulu kəndinin elektrik təchizatında uzun illər problemlər yaşandığını nəzərə alaraq uzunluğu 20,2 km olan 35 kV-luq Udulu hava xətti yenidən qurulub. 35 kV-luq Pirsaatbənd və Abdulabad hava xətlərində şəbəkə tərəfindən 28 ədəd dayaq, 3,3 km naqil dəyişdirilərək əsaslı təmir işləri aparılıb. 5/6 kV-luq 753, 752, “Pirsaatbənd” və “Atbulaq” yarımstansiyasında avadanlıqlar cari təmir olunub, transformator və digər yağ tutumlu avadanlıqlara yağ əlavə edilərək ölçü-sınaq işləri aparılıb, mühafizələr yoxlanılıb, rəngləmə və abadlıq işləri aparılıb. Payız-qış mövsümünə hazırlıqla əlaqədar 6 kV-luq Qızılburun, Kürdçülü, Navahi, 10 kV-luq Padar, Qarasu, Abdulabad havaxətlərində 106 ədəd dayaq, 8460 m naqil, 617 ədəd izolyator dəyişdirilərək ümumilikdə 15 km xətt əsaslı təmir olunub.
Eyni zamanda, 35/10 kV-luq “Muğan” yarımstansiyasından Xiləmirzə kəndinə 5,6 km məsafədə yeni 10 kV-luq hava xətti çəkilib. Bu xəttin çəkilişində 109 ədəd dayaq, 16,8 km naqil və 327 ədəd izolyatordan istifadə edilib. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 10 ədəd yeni KTM quraşdırılaraq şəbəkəyə qoşulub, 1481 ədəd 0,4 kV-luq dayaq basdırılaraq 25727 m məsafədə ÖİN (Sip) kabel xətti çəkilib.
Digər bölgələrdə olduğu kimi, Salyan EŞ-in xidməti ərazisində də qış mövsümünə hazırlıqla əlaqədar bütün 35/10/6 kV-luq yarımstansiyalarda cari təmir işləri aparılıb. 35/10 kV-luq “Şəfəq” yarımstansiyasında daxili imkanlar hesabına zədələnmiş transformator yeni 1,8 mVA transformatorla əvəz edilib. Rayon ərazisində istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədilə bu günədək 22 ədəd müxtəlif güclü 10/0,4 kV-luq yeni KTM quraşdırılıb. 990 ədəd yeni 0,4 kV-luq dayaq basdırılaraq 30,2 km məsafədə ÖİN (SİP) kabel xətləri çəkilıb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Neftçala EŞ-də də xeyli işlər görülüb. 6 kV-luq Xolqarabucaq, Xanməmmədli, Yuxarı Qaraymanlı, Xıllı, Tatarməhlə, Boyat, Uzunbabalı, Bankə havaxətlərində yararsız dayaqlar, izolyatorlar və naqillər dəyişdirilərək normal vəziyyətə gətirilib. Müxtəlif yaşayış məntəqələrində abonentlərin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 16 ədəd yeni 6/0,4 kV-luq KTM quraşdırılıb, 11,5 km ÖİN (Sip) kabel xətləri çəkilib.
Biləsuvar EŞ-in xidməti ərazisində isə 110/6 kV-luq Səmədabad, 110/35/10 kV-luq Biləsuvar və 110/10 kV-luq Əmənkənd yarımstansiyalarında cari təmir işləri sona çatdırılıb. 59 ədəd 10/0,4 kV-luq transformator məntəqəsi cari təmir olunub, rəngləmə və abadlıq işləri aparılıb. Ümumilikdə rayonun müxtəlif yaşayış məntəqələrində 21 ədəd yeni KTM quraşdırılıb, 766 ədəd yeni 0,4 kV-luq metal dayaq basdırılaraq 17,8 km Sip kabel xətləri çəkilib.
Cəlilabad EŞ-də ümumilikdə 10 kV-luq hava xətlərinin əsaslı təmir işlərində 223 ədəd 10 kV-luq dayaq, 8,5 km naqil, 282 ədəd izolyator dəyişdirilib, 240 ədəd əyilmiş dayaq düzəldilib, 42 km naqil tarımlanıb. Müxtəlif yaşayış məntəqələrində 19 ədəd 10/0,4 kV-luq yeni KTM quraşdırılıb, 675 ədəd 0,4 kV-luq dayaq basdırılaraq 16 km ÖİN ( Sip) kabel xətləri çəkilib.
Payız-qış mövsümü ilə əlaqədar Lənkəran EŞ-də də daxili imkanlar hesabına xeyli işlər görülüb. Xidməti ərazidə yerləşən 110/35/10 kV-luq Lənkəran I və Separadi, 110/10 kV-luq Lənkəran, eləcə də 35/10 kV-luq Liman, Hirkan, Səpnəkaran yarımstansiyalarında cari təmir işləri aparılıb. Müxtəlif yaşayış məntəqələrində 21 ədəd müxtəlif güclü yeni 10/0,4 kV-luq KTM quraşdırılaraq şəbəkəyə qoşulub. 1090 ədəd 0,4 kV-luq dayaq basdırılaraq 33,8 km ÖİN ( Sip) kabel çəkilib.
Lerik EŞ-də Lerik rayonunun böyük hissəsini qidalandıran 35 kV-luq Hamarat hava xəttində yararsız vəziyyətdə olması ucbatından uzun illər problem yaşandığını nəzərə alaraq xəttin böyük bir hissəsində yenidənqurma işləri aparılıb. 54 ədəd dayaq basdırılaraq 30 km naqil dəyişdirilib. 35/10 kv-luq Lerik yarımstansiyasından çıxan 10 kV-luq 2, 3, 4, 5, 6, 7 və 8 saylı hava xəttində əsaslı təmir işləri aparılaraq 170 ədəd yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz edilib, 195 ədəd izolyator, 6,5 km naqil dəyişdirilib. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 8 ədəd yeni KTM quraşdırılaraq 470 ədəd 0,4 kV-luq dayaq basdırılıb və 5,4 km ÖİN (Sip) kabel çəkilib.
Masallı EŞ-in xidməti ərazisində isə enerji təchizatının yaxşılaşdırılması məqsədilə 14 ədəd yeni KTM quraşdırılıb. Quraşdırılmış KTM-in 0,4 kV-luq tərəfində 745 ədəd 0,4 kV-luq dayaq basdırılaraq 13 km ÖİN (Sip) kabel xətləri çəkilib.
Payız-qış mövsümü ilə bağlı Astara rayonunun xidməti ərazisində də bir çox işlər görülüb. 35 kV-luq Lovain hava xəttində “Azərişıq” ASC-nin İnvestisiya İdarəsi tərəfindən 18 ədəd dayaq basdırılaraq xəttin 2 km hissəsi yenidən qurulub. Eləcə də İnvestisiya İdarəsi tərəfindən 10 kV-luq Ərçivan, Təngərüd, Lovain və Səncərədi hava xəttində 188 ədəd dayaq, 5,4 km naqil, 315 ədəd izolyator istifadə etməklə 10 km məsafədə yenidənqurma işləri aparılıb. Rayonun müxtəlif məntəqələrində 20 ədəd yeni 10/0,4 kV-luq KTM quraşdırılaraq şəbəkəyə qoşulub. 0,4 kV-luq hava xətti üzrə 2610 ədəd metal dayaq basdırılaraq 55,7 km ÖİN (Sip) kabel xətləri çəkilib.
Hazırda “Cənub” RETSİ üzrə bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması istiqamətində “Azərişıq” ASC-nin İnvestisiya İdarəsi, o cümlədən Elektrik Şəbəkələri tərəfindən daxili imkanlar hesabına genişmiqyaslı işlər davam etdirilir. Soyuq qış ayları nəzərə alınmaqla operativ briqadalar formalaşdırılıb və qəza xidmətinin işi yüksək hazırlıq həddinə çatdırılıb.
Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə izahi və praktiki işlər aparılır. Məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 4 fevral.- S. 8