Azərbaycanın bölgələrində
qazlaşdırma prosesi uğurla
davam etdirilir
Bu istiqamətdə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır
Sirr deyil ki, həyata keçirilən institusional islahatlar sayəsində Azərbaycan iqtisadiyyatının inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Digər tərəfdən reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 10 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Başlıca məqam budur ki, yeni iqtisadi inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bunlarla yanaşı, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini də xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Beləliklə, bölgələrdə qazlaşdırılma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Məsələn, bir müddət öncə İmişlinin 6 yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 13-ü qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına ümumilikdə 1208 abonenti olan daha 6 yaşayış məntəqəsi - Otuziki, Yuxarı Qaralar, Xoşçobanlı, Muradalılı, Murğuzalılı və Mürsəlli kəndləri də əlavə olunub. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına isə Qaradağlı və Köçərli kəndləri də əlavə olunub. 850 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 55122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bundan başqa, Xaçmaz rayonunda da daha 3 kəndin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Sayad, Ərəb, Çılğır kəndlərində, ümumilikdə, 442 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Ümumilikdə, ötən il Xaçmaz rayonunda 25 kəndin qazlaşdırılması nəzərdə tutulmuşdu. Bu yaşayış məntəqələrindən 23-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin ediliblər. İki kənddə isə qazlaşdırma işləri aparılır. 3 kəndin qazlaşdırılması üçün ümumilikdə 9 min 110 metr polietilen və 30 min 600 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun Ətcələr kəndinə də ilk dəfə təbii qaz verilib. 86 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 7696 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Lənkəran rayonunun isə daha iki yaşayış məntəqəsi - Tükəvilə və Talışlı kəndləri ilk dəfə “mavi yanacaq”la təchiz edilib. 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 min 628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd edək ki, Talışlı kəndi Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndidir. Bununla da rayonda ümumi abonentlərin 43 min 547 nəfəri (92,7 faizi) təbii qazdan istifadə edəcək.
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Rayonun dağlıq ərazisində yerləşən Car, Zilban və Axaxdərə kəndlərinə, həmçinin Abaəli yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib. 799 abonenti olan Car və ətraf kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 27 abonenti olan Abaəli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 2 min 500 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Ümumiyyətlə, cari ildə bu kəndlər də daxil olmaqla, Zaqatala rayonunun 13 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. Hazırda rayonun 29 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir.
Son olaraq isə Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Xəsili, Köbərkənd və Qazaxlar kəndləri də daxil edilib. Ümumilikdə, 775 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 960 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış edərək sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Məlumat verilib ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. İndiyədək Bərdə şəhəri və rayonun 109 kəndindən 93-ü “mavi yanacaq”la təmin olunub. Təkcə ötən il rayonda 437,3 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək 31 kənd qazlaşdırılıb, 5518 abonentə təbii qaz verilib. Hazırda rayonun digər kəndlərində qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir. Bu il rayonun bütün kəndlərinin təbii qazla təmin edilməsi nəzərdə tutulur. Çıxış edən sakinlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 8 fevral.- S.8