Azərbaycanın regionlarında
tarixi mədəniyyət abidələri
bərpa olunur
Şəki sakinləri şəhərin tarixi hissəsinin qorunmasını Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin, maddi-mədəniyyət abidələrimizin qorunmasına yüksək qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər
Son illərdə Azərbaycanın regionlarının dinamik inkişafı fonunda ayrı-ayrı bölgələrdə yerləşən tarixi mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər də diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycan nadir memarlıq elementləri ilə fərqlənən tarixi-dini və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Ölkəmizdə ulularımızın yaratdıqları və keçmişimizlə bu günümüz arasında körpü, qırılmaz mənəvi bağlantı rolunu oynayan bu abidələrin gələcək nəsillər üçün saxlanılmasına, həmçinin yenilərinin yaradılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızın bütün regionlarındakı tarixi-dini və mədəniyyət abidələrinin qorunması, təbliği və elmi cəhətdən araşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib və görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ayrı-ayrı abidələrimiz UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Gəncədəki İmamzadə kompleksi əsaslı bərpa-yenidənqurmadan sonra yaxın vaxtlarda istifadəyə veriləcək
Nizami yurdu
Gəncədə 504 tarixi abidə
siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən
qorunur. VIII əsrə
aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan İmamzadə kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin
ən maraqlı memarlıq abidələrindən
biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci
imam Məhəmməd Bağırın
oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin
sonu - XV əsrin əvvəllərində, ətrafındakı
kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli
nümunələrindən olan İmamzadə piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. İmamzadə əsrlərdən bəri
Azərbaycanın müxtəlif
bölgələrindən, eləcə də başqa ölkələrdən
gələn müsəlmanların
ziyarətgahına çevrilib.
Bu dini abidə
Gəncənin qədimliyini
sübut etməklə
yanaşı, şəhərin
İslam aləmindəki
yerini və nüfuzunu da göstərir. Prezident İlham
Əliyev bu abidə-ziyarətgahın da
təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb.
Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə
yenidən qurulması
davam etdirilir. İmamzadənin bərpası
və təmiri üçün dövlət
başçısı İlham
Əliyevin müvafiq sərəncamlarına əsasən
Prezidentin ehtiyat fondundan 9 milyon manat, 2014-cü ilin mayında isə daha 3 milyon manat
vəsait ayrılıb.
Dövlət başçısı
burada görülən
işlərlə şəxsən
bir neçə dəfə tanış
olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Təmir-bərpa layihəsini icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir-bərpa
və tikinti işlərini apararkən
qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Kompleksin daxilində 200 kvadratmetr
ərazini əhatə
edən qurbangah yaradılıb. Ziyarətgahın əsas binası üçmərtəbəlidir. Birinci mərtəbəsi dəstəmazgah,
ikinci mərtəbəsi
inzibati otaqlar, üçüncü mərtəbəsi
isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb. Kompleksdə həmçinin
1000 nəfərlik zaldan
və mətbəxdən
ibarət ehsanxana da fəaliyyət göstərəcək.
İmamzadə kompleksində bərpa-yenidənqurma
işləri tamamlanmaq
üzrədir. Baş mühəndis Rafiq
Mehrəliyev bildirib ki, nəzərdə tutulan işlərin təxminən 95 faizi yekunlaşıb. Hazırda əsas
diqqət həyətyanı
sahənin abadlaşdırılmasına
və yaşıllaşdırma
işlərinə yönəldilib.
“Şəki şəhərinin
tarixi hissəsinin qorunması haqqında” Sərəncam şəhər
ictimaiyyəti tərəfindən
dərin rəğbətlə
qarşılanıb
Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın regionlarında
yerləşən tarixi-memarlıq
abidələrinin bərpa
olunmasına və qorunmasına böyük qayğı göstərir. Dövlət
başçısının “Şəki şəhərinin
tarixi hissəsinin qorunması haqqında” cari il yanvarın 19-da imzaladığı
Sərəncam da şəhər ictimaiyyəti
tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Şəki sakinləri
Prezident İlham Əliyevin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Sərəncam
imzalamasını müstəqilliyin
verdiyi imkanlardan maksimum bəhrələnən
xalqımızın və
Azərbaycan dövlətinin
milli-mənəvi dəyərlərə,
tarixi keçmişimizə,
maddi-mədəniyyət abidələrinə
yüksək və həssas münasibətinin
bariz nümunəsi kimi dəyərləndirirlər.
“Yuxarı Baş”
Dövlət Tarix-Memarlıq
Qoruğunun direktoru Təranə Abdullayevanın
AZƏRTAC-a müsahibəsində verdiyi məlumata əsasən, qoruq keçmiş Azərbaycan
SSR Nazirlər Sovetinin
müvafiq qərarına
əsasən 1967-ci ildə
yaradılıb. Ümumi ərazisi 283 hektardır.
Hazırda qoruğun ərazisində
dövlət qeydiyyatına
alınan dünya, ölkə və yerli əhəmiyyətli
25 tarixi-memarlıq, arxeoloji
və park-monumental abidə
mövcuddur. Son illər aparılan araşdırmalar nəticəsində
qoruğun ərazisində
XVII-XX əsrlərə aid olan daha 205 abidə
aşkar edilib. Bunlar əsasən, mülklər,
yaşayış evləri,
kustar emalatxanalar, kiçik ipək sexləri, anbarlar, ticarət obyektləridir.
Bu abidələrin də dövlət qeydiyyatına alınması
üçün Mədəniyyət
və Turizm Nazirliyinə müvafiq məlumatlar təqdim olunub.
Qoruğun ərazisində yerləşən
abidələr arasında
Azərbaycan memarlığının
nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli
nadir tarixi-memarlıq abidəsini
- Şəki xanlarının
sarayını xüsusi
qeyd etmək lazımdır. Azərbaycanda ilk müstəqil xanlığın əsasını
qoyan Hacı Çələbi xanın
nəvəsi Hüseyn
xan Müştağın
dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Təsadüfi deyildir ki, vaxtilə dünya şöhrətli
türk şairi Nazim Hikmət bu sarayla tanışlıqdan
sonra deyib: “Əgər Azərbaycanın
başqa qədim tikililəri olmasaydı, bircə Şəki xanlarının sarayını
dünyaya göstərmək
bəs edərdi”.
Qoruğun ərazisində həmçinin
V-VI əsrlərə aid dairəvi
məbəd, 1300 metr uzunluğu olan qala divarları, Yuxarı və Aşağı karvansaraylar,
Şəkixanovların evi,
xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri,
Dövlət Rəsm Qalereyası, “Sənətkarlar
evi”, məscidlər, körpülər və digər qədim abidələr yerləşir.
Əlincəqala tarixi abidəsi
və Gülüstan türbəsinin bərpası
uğurla davam etdirilir
Hazırda Naxçıvanda iki mühüm tarixi abidənin - Əlincəqalanın
və Gülüstan türbəsinin bərpası
uğurla aparılır. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
2014-cü il fevralın 11-də “Culfa rayonundakı Əlincəqala
tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam
imzalayıb. Bu gün Əlincəqalada genişmiqyaslı bərpa
işləri də həmin Sərəncama uyğun aparılır.
Əlincəqala tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu tarixi abidə
barədə AZƏRTAC-a müsahibəsində
qeyd edib ki, qalanın iki əsas girişi
olub. Girişlərdən biri Culfa-Qazançı
yolunun sağ tərəfindədir. Bərpa işlərinə
bu hissədən başlanması məqsədəuyğun
hesab edilib və Əlincə dağının müəyyən
hissəsinə qədər,
daha doğrusu, qala istehkamlarınadək torpaq yol çəkilib.
Buna baxmayaraq, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə
qaldırılır. Qısa zamanda
qalanın şərq
və qərb darvazaları bərpa edilərək əvvəlki
vəziyyətinə qaytarılıb.
İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün,
əsasən, əhəng
məhlulundan istifadə
edilib. Təmir və bərpa işlərinə rəhbərlik
edənlər nəinki
divarların əslinə
uyğun şəkildə
bərpasına səy
göstərib, həmçinin
bu əvəzedilməz
abidənin neçə
min il bundan
əvvəlki əzəmətli
görkəmini də
göstərməyə nail olublar.
Gülüstan türbəsində aparılan
bərpa işləri
isə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi sədrinin
2015-ci il oktyabrın 7-də imzaladığı
“Gülüstan türbəsinin
bərpası və tədqiq olunması haqqında” sərəncama
uyğun həyata keçirilir.
Orta əsr Azərbaycan mədəniyyətini
müasir dövrümüzədək
yaşadan Gülüstan
türbəsi xatirə
memarlığının ən
dəyərli nümunələrindən
biri, Əcəmi Naxçıvani memarlıq
məktəbinin yadigarı
kimi böyük əhəmiyyətə malikdir. Buna görə də AMEA-nın Naxçıvan Bölməsinə Naxçıvan
Muxtar Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi ilə birlikdə bərpa işlərinin elmi əsaslarla aparılmasının
təmin olunması tapşırılıb. Həmçinin
sərəncamla AMEA Naxçıvan
Bölməsinə Gülüstan
türbəsi tədqiqat
qrupunun yaradılması,
Naxçıvan Muxtar
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə və Naxçıvan Əlahiddə
Sərhəd Diviziyasına
bərpadan sonra Gülüstan türbəsinin
ziyarətçilərə açıq olması üçün zəruri
tədbirlər görülməsi
barədə tapşırıq
da verilib.
Gülüstan türbəsi tədqiqat
qrupunun rəhbəri,
AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərli bildirib ki, “Gülüstan türbəsinin bərpası
və tədqiq olunması haqqında” Sərəncamın imzalanmasından
bir gün sonra, yəni 2015-ci il oktyabrın
8-də AMEA Naxçıvan Bölməsində tədqiqatçıları
özündə birləşdirən
Gülüstan türbəsi
tədqiqat qrupu yaradılıb. Həmin il oktyabrın
12-də tədqiqat qrupunun
ilk yığıncağı keçirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Fəxrəddin Səfərli deyib ki, Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən - sərdabə və türbədən ibarətdir. Digər türbələrdə sərdabə hissəsi yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə 12 üzlü qüllədən ibarətdir.
Mübariz ABDULLAYEV
Yeni Aaərbaycan.-2016.-
6 fevral.- S.8