“Düşüncəyə tamaşa” layihəsi gənclərin kitaba olan marağını artıracaq

 

Gənclərin kitaba marağının artırılması istiqamətində həyata keçirilən “Düşüncəyə tamaşa” layihəsində iştirakçılar üçün qeydiyyata start verilib. Gənclər qeydiyyatdan keçməklə oxuduqları əsər əsasında səssiz film çəkərək müsabiqədə iştirak etmək şansı qazanacaqlar.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyinin (DVC) Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənclərin bədii qiraətə olan marağının artırılması, asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün imkan yaradılmasıdır.

Layihənin ilk mərhələsində qeydiyyatdan uğurla keçmiş 65 gənc natiqlik təlimində iştirak edəcək. Növbəti mərhələdə isə təqdim olunan əsər iştirakçıların ixtiyarına veriləcək. İştirakçılar əsəri təhlil edəcək, təlim zamanı əldə etdikləri biliklər əsasında fikirlərini müstəqil şəkildə ifadə edərək qənaətlərini səssiz film şəklində 3-10 dəqiqəlik videoçarxlarda nümayiş etdirəcəklər. Layihənin yekun mərasimində komandaların hazırladıqları videolar münsif heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərin yekun qərarı ilə qaliblərə diplommedallarla yanaşı, hədiyyələr təqdim olunacaq.

Layihədə iştirak etmək istəyən tələbələr, debatçılar və ya mədəniyyət mərkəzlərinin nümayəndələri fevralın 21-dək http://goo.gl/forms/6mrgVueTCV linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqədə iştirak etmək hüququ qazanan gənclərin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına üzvlüyü təmin ediləcək.

Qeyd edək ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlayıb.

Yeni Azərbaycan.- 2016.- 10 fevral.- S.8