2015-ci il Azərbaycanda kənd
təsərrüfatının inkişafı baxımından
xüsusilə yaddaqalan olub
Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafında mühüm irəliləyişlərə nail olunub
Məlum olduğu kimi, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən Dövlət proqramları nəticəsində mümkün olur. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Bu baxımdan 2015-ci il də uğurlarla yadda qalıb. Daha dəqiq desək, Dövlət proqramları çərçivəsində bundan əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Heç şübhəsiz, 2015-ci il ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından xüsusilə yaddaqalan olub. Bunun da yetərli səbəbləri var. Əvvəla ona görə ki, güclü sənaye potensialı olan Azərbaycan həmçinin kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişafı sosial baxımdan da ciddi önəm kəsb edir. Digər tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında məlum Fərmanından sonra aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülüb.
Ümumiyyətlə, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması mühüm yer tutur. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, həmçinin Dövlət proqramları çərçivəsində atılan addımlar kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən heyvandarlığın inkişafına təkan verib. Hər halda respublikanın müxtəlif regionlarında heyvandarlığın inkişafı ilə bağlı atılan addımlar və əldə edilən nəticələr belə deməyə əsas verir.
Ötən il ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Məsələn, “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə Azərbaycanın bir çox regionlarında olduğu kimi, Şamaxı rayonunda da aqrar sektorun aparıcı sahələrində bütün göstəricilər üzrə məhsul istehsalı 2014-cü ilə nisbətən xeyli artıb. Belə ki, 2015-ci ildə bölgədə diri çəkidə 4867,3 ton ət, 23 min 146 ton süd, 17 milyon 76 min ədəd yumurta, 377,7 ton yun istehsal edilib. 2014-cü ilə nisbətən ət istehsalı 23,6 ton, süd istehsalı 135 ton, yumurta 490 min ədəd, yun istehsalı isə 2,3 ton çox olub. Ümumiyyətlə, rayonda mövcud olan əlverişli torpaq-iqlim şəraiti yerli sahibkarlara təsərrüfatın bu gəlirli sahəsini inkişaf etdirməyə imkan verir. Təsadüfi deyil ki, keçən il 2014-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 260 baş artaraq 38171 başa, davarların sayı 1538 baş artaraq 192 min 108 başa, quşların sayı 4554 baş artaraq 273 min 670 başa çatıb.
Ağsu rayonunda da aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, 2015-ci ildə heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən xeyli artıb. Ötən il rayonda ət istehsalı 160 ton artaraq 4903 tona (diri çəkidə), süd istehsalı 1527 ton artaraq 29419 tona çatıb. Habelə yumurta istehsalı 367 min ədəd çoxalaraq 7 milyon 786 min ədəd, yun istehsalı isə 3 ton artaraq 301 ton olub.
Verilən məlumatlara görə, ötən il Kürdəmir rayonunun heyvandarları üçün də uğurlu olub. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı inişilkinə nisbətən xeyli artıb. 2015-ci ildə Kürdəmirdə 9860 ton (diri çəkidə) ət istehsal olunub. Bu göstərici 2014-cü ilə nisbətən 42 ton çoxdur. Habelə, süd istehsalı 166 ton artaraq 41 min 786 tona, yumurta istehsalı 47 min ədəd artaraq 15 milyon 544 min ədədə, yun istehsalı isə 5,2 ton artaraq 221 tona çatıb.
Məhsul istehsalçılarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir
Təbii ki, Azərbaycanın ayrı-ayrı regionlarında əldə edilən bu uğurlar sözügedən sahəyə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyin nəticəsidir. Və ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, öz növbəsində, Lənkəran rayonunda da aqrar bölmənin digər sahələri kimi, heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradıb. Sözügedən rayonun heyvandarlıq təsərrüfatlarında süni mayalanma yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibi yaxşılaşdırılır, heyvandarlıqla məşğul olan fermerlər yüksək məhsuldarlığa nail olmaq və daha çox gəlir əldə etmək üçün xaricdən lizinq yolu ilə mal-qara gətirməyə üstünlük verirlər.
Məsələn, AZƏRTAC xəbər verir ki, lənkəranlı fermer İntiqam Məmmədovun təsərrüfatında 23 baş çins iribuynuzlu mal-qarası var idi. O, Almaniyadan gətirilmiş bu inəkləri lizinq yolu ilə güzəştli qiymətə alıb. Cins mal-qara 5 ay əvvəl bala verib və hazırda onların sayı 40 başa çatıb. Təsərrüfatını daha da genişləndirmək istəyən İntiqam Məmmədovun sözlərinə görə, ətlik və südlük olan bu heyvanlara yaxşı xidmət olunarsa, gündə 40 litrə qədər süd verə bilər.
İntiqam Məmmədov fermer təsərrüfatını genişləndirdikdən, heyvanların sayını artırdıqdan sonra mal-qaranın bir qismini ətlik istiqamətində inkişaf etdirməklə satışa çıxarmaq niyyətindədir.
Göstərilən diqqət və
qayğı sayəsində həmçinin cəbhə
bölgəsində yerləşən Ağdam rayonunda da kənd
təsərrüfatının əsas sahələrindən
olan heyvandarlıqda məhsul istehsalı artıb. Rayon statistika idarəsindən bildiriblər ki, 2015-ci
ildə təsərrüfatlarda 39 min 762 baş iribuynuzlu
mal-qara, 105 min 611 baş qoyun və keçi, 329 baş at, 229
min 785 ev quşu, 367 arı ailəsi olub. Əvvəlki illə
müqayisədə iribuynuzlu mal-qara 1,8 faiz, o cümlədən
inək və camışlar 2 faiz, qoyun və
keçilər müvafiq olaraq 0,3 və 8,2 faiz,
quşların sayı 6 faiz çoxalıb. Ötən il rayonda 4086,4 ton ət,
33 min 312 ton süd, 156,3 ton yun istehsal edilib. 2014-cü ilə
nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 2,3
faiz, yun istehsalı 0,2 faiz artıb.
Heyvandarlığın kənd təsərrüfatının
aparıcı sahələrindən olan Qobustan rayonunda da son
illərdə uğurlar əldə edilib. Bu barədə
verilən məlumatda deyilir ki, həyata keçirilən məqsədyönlü
işlər sayəsində rayonda heyvandarlığın
dinamik inkişafı təmin edilib. Həmçinin
ötən il mal-qaranın və
davarların baş sayı 2014-cü ilə nisbətən
artıb. Belə ki, heyvandarlıq məhsulları üzrə
bütün göstəricilər 1,1 faizdən
5,6 faizədək çoxalıb. Ötən il inək və
camışların sayı 11 min 352 başa, davarların
sayı isə 190 min 270 başa çatıb. Keçən
il rayonda 5666 ton (diri çəkidə) ət, 18 min 42 ton
süd, 352,5 ton yun istehsal olunub.
Cins
maldarlığın inkişafı istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir
Öz növbəsində, Şəki rayonunda fəaliyyət
göstərən “Şəki Aqro İndastris” MMC-nin
südçülük-maldarlıq üzrə özəl
damazlıq təsərrüfatı rayonda cins
maldarlığın inkişafına mühüm töhfələr
verir. Rayonun Orta Zəyzid kəndinin ərazisində yerləşən
müasir tipli bu heyvandarlıq kompleksində hazırda
“Holştein-friz” (Hollandiya) cinsindən olan 1160 baş iribuynuzlu
heyvan saxlanılır.
Müəssisədən
verilən məlumata görə, 2015-ci ildə təsərrüfatda
hər 100 baş maldan 84 bala olmaqla, ümumilikdə, 448 buzov
alınıb. Ötən il müəssisədə
2 min 432 ton süd istehsal olunub. Hər inəkdən,
orta hesabla, 4 min 546 kiloqram süd sağılıb.
Xatırladaq ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi
ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar,
sağım sexi, laboratoriya və yardımçı tikililər
daxildir. Kompleksdə Almaniyanın “GEA” şirkətinin
istehsal etdiyi bir mərkəzdən idarə olunan ən
müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan
avadanlığın köməyi ilə bir dəfəyə
40 baş inəyin südünün ətraf mühitlə təması
olmadan sağılması, toplanması, soyudulması və
saxlanması təmin olunur.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunda da son illərdə mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması üçün
sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə
yüksək məhsuldar damazlıq heyvan satılması və
heyvanlar arasında aparılan süni mayalama tədbirləri
genişləndirilib. Rayon İcra Hakimiyyətindən verilən
məlumata görə, 2015-ci ildə sahibkarlara lizinq yolu ilə
güzəştli şərtlərlə 14 baş yüksək
məhsuldar damazlıq heyvan satılıb. Rayonda fəaliyyət göstərən süni mayalama
texnikləri tərəfindən 1267 baş inək və
düyə süni yolla mayalandırılıb, 738 baş
sağlam cins buzov alınıb. Heyvanlar
arasında süni mayalama tədbirlərinin aparılması
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına, təbii cütləşmə
yolu ilə yayılan xəstəliklərin
qarşısının alınmasına, ət və süd
istehsalının artmasına təsir göstərir.
Ötən
il Tərtər rayonunda heyvanların
baş sayında da artım müşahidə edilib. Rayon
statistika idarəsindən verilən məlumata görə,
2015-ci ildə təsərrüfatlarda 26 min 567 baş iribuynuzlu
mal-qara, 73 min 83 baş qoyun və keçi, 261 min 809 baş
quş, 725 baş at, 2817 arı ailəsi olub. Mal-qaranın
11 min 867 başını ana inək və camış təşkil
edir. Əvvəlki illə müqayisədə
mal-qaranın sayı 1,5 faiz, qoyun və
keçilər 1,6 faiz, quşlar 0,9 faiz, atlar 8,9 faiz, arı
ailələri 4,2 faiz artıb.
Yevlax rayonunda da heyvandarlıq məhsulları
istehsalının intensiv artmasına zəmin yaradan cins
maldarlığın inkişafı istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Yevlax rayon Baytarlıq
İdarəsindən verilən məlumata əsasən, son illər
rayona 89 baş “Holştein-friz”, “Simmental”, “Şvis”,
“Şarole” cinsli düyələr gətirilərək lizinq
yolu ilə 50 faiz güzəştlə fermerlərə
satılıb. Gətirilmiş cins düyələr
baytar nəzarətinə götürülüb və
artırılaraq 159 başa çatdırılıb.
Bundan əlavə, rayonda mal-qaranın cins tərkibini
yaxşılaşdırmaq məqsədi ilə heyvanların
süni mayalanması da həyata keçirilir. Rayon baytarlıq diaqnostik
kabinetinin direktoru İsrafil Nəsibov deyib ki, 2015-ci ildə 818
baş inək və düyə süni yolla mayalandırılıb,
497 baş sağlam cins buzov alınıb. Mayalanma
zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən
olan buğaların toxumlarından istifadə edilir. Görülən tədbirlər sayəsində
Yevlax rayonunda heyvanların cins tərkibi xeyli
yaxşılaşıb, heyvandarlıq məhsulları
istehsalı artıb. Rayon statistika idarəsindən verilən
məlumata görə, ötən il rayonda 8955,6 ton ət, 36
min 534 ton süd, 389,6 ton yun istehsal edilib. 2014-cü illə
müqayisədə ət istehsalı 12,6
ton, süd istehsalı 22 ton, yun istehsalı 4,9 ton çox olub.
Süni
mayalanmadan söz düşmüşkən, məlum
olduğu kimi, Prezident İlham Əliyevin 2015-ci il
19 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan
alınan hər buzova görə fermerlərə 100 manat
yardım müəyyən edilib. Bu Sərəncamdan irəli
gələn vəzifələri yerinə yetirmək
üçün Nazirlər Kabineti “Süni mayalanma yolu ilə
alınmış hər buzova görə subsidiyaların
verilməsi Qaydası”nı təsdiqləyib.
Sözügedən qaydaya əsasən, süni
mayalanmadan alınan buzova görə veriləcək vəsait
hər bir heyvan sahibinin bank hesabına fərdi qaydada ödəniləcək. Məqsəd
isə fermerlərin heyvanların süni mayalanma yolu ilə
çoxaldılmasına marağını artırmaqdır.
Yeni qaydalara əsasən, heyvan süni
mayalandırılarkən müvafiq birka vasitəsilə
indentikləşdiriləcək və bununla bağlı
informasiya mütəxəssis tərəfindən vahid sistemə
daxil ediləcək. Bu barədə məlumat
əvvəlcə zona baytarlıq laboratoriyasına, sonra isə
Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.
Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev
bildirib ki, heyvan doğulduqda onun sahibi süni mayalama mütəxəssisinə
bu barədə məlumat verəcək. Mütəxəssis
informasiya aldıqdan sonra 10-15 gün ərzində heyvan
sahibinin təsərrüfatına gedərək,
doğulmuş buzovu indentikləşdirəcək və bu barədə
informasiyanı vahid sistemə daxil edəcək.
Yeni qaydalara görə, süni mayalandıqdan sonra heyvan
dərhal, buzov isə doğulduqdan 10 gün sonra mütəxəssis
tərəfindən uçota alınır. Yalnız hər
sağlam buzova görə subsidiya ödəniləcək.
Əkiz və ya üçəm buzovlar isə
ayrılıqda uçota götürülür.
Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər
üzrə siyahısı Kənd Təsərrüfatı
Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək. Süni
mayalanma yolu ilə alınan buzovlar həm ətlik, həm də
südlük baxımından yerli heyvanlardan sərfəlidir.
Yeni qaydalar xüsusən ailə təsərrüfatına
stimul olacaq.
Beləliklə, əksər ekspertlərin də
vurğuladıqları kimi, süni mayalanmadan alınan hər
baş buzova görə 100 manat subsidiyanın verilməsi ilə
bağlı Prezident İlham Əliyevin 2015-ci ildə
imzaladığı Sərəncam ölkədə
heyvandarlığın inkişafı üçün stimul
yaradıb. Və bütün regionlarda olduğu kimi, cənub
bölgəsində də heyvandarlıqla məşğul
olan fermerlər, həmçinin fiziki şəxslər
dövlətimizin başçısının bu Sərəncamını
heyvandarlığın inkişafı istiqamətində
mühüm addım kimi dəyərləndirirlər.
Məsələn, uzun illərdir heyvandarlıqla məşğul
olan fermer Fərhad Mirzəyev təsərrüfatında
süni mayalanma ilə bağlı əldə olunan nəticədən
razı qaldığını bildirib. Onun sözlərinə
görə, süni mayalanmanın keyfiyyəti çox
yüksəkdir. Yaxşı cins inəkdən
gün ərzində 25-30 litr süd almaq olur. Yerli inək isə gündə 5-6 litr süd verir.
Eyni zamanda, bu heyvanlar ətlik istiqamətlidir.
Fermerlər heyvandarlığın inkişafının
yeni istehsal sahələrinin açılması zərurətini
ortaya çıxardığını vurğulayıblar. Qeyd ediblər
ki, bu baxımdan bölgədə ət kombinatının
yaradılması məqsədəuyğun olardı. Bu həm alıcılar, həm də məhsul
istehsalçıları üçün sərfəlidir.
Çünki əgər ət kombinatı
yaradılarsa, istehsalçı əti özü birbaşa
alıcıya satmaq imkanı əldə edəcək ki, bu da
qiymətin aşağı düşməsinə təsir
göstərəcək.
Qəbələdə
yetişdirilən iribuynuzlu cins heyvanların Türkmənistana
ixracına başlanılıb
Bu məqamda
vurğulamaq yerinə düşər ki, Prezident İlham
Əliyevin ötən ili “Kənd təsərrüfatı
ili” elan etməsi Qəbələdə bu sahənin daha da
inkişafına təkan verib. Rayonda
heyvandarlığın inkişafı istiqamətində
görülən işlərin müsbət nəticəsi
kimi, 2015-ci ildə respublikamızda ilk dəfə olaraq Qəbələdən
xarici ölkəyə iribuynuzlu cins damazlıq düyələr
ixrac edilməyə başlanılıb.
Məlumat üçün bildirək ki, Gilan Holdinqə
məxsus “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən
yaradılan müasir heyvandarlıq kompleksi dövlətimizin
başçısının iştirakı ilə 2013-cü
ildə istifadəyə verilib. Müəssisə
heyvandarlıq və bitkiçilik sahəsində
inkişafını uğurla davam etdirir. Kompleksin
nəzdində 2014-cü ildə damazlıq heyvandarlıq təsərrüfatı
yaradılıb. Prezident İlham
Əliyevin aqrar sahədə apardığı uğurlu
islahatlar nəticəsində gündən-günə
inkişaf edən bu heyvandarlıq kompleksi ilk dəfə olaraq
Türkmənistana damazlıq düyələr ixrac etməyə
başlayıb.
Ümumilikdə, 244 baş damazlıq düyənin
ixracı ilə bağlı Türkmənistanın
heyvandarlıq kompleksi ilə müqavilə
bağlanılıb. İlk mərhələdə kompleksdə
yetişdirilən 32 baş cins damazlıq heyvan Türkmənistana
yola salınıb. Müqaviləyə
uyğun olaraq yaxın vaxtlarda digər heyvanların da göndərilməsi
nəzərdə tutulur. Qeyd edək ki,
hazırda kompleksdə Avstriyadan gətirilmiş 1650 baş
iribuynuzlu heyvan bəslənilir.
Heyvandarlığın
inkişafı yeni ildə də əsas hədəflərdən
biridir
Məhz bütün bu sadalananların fonunda birmənalı
olaraq qeyd etmək olar ki, Azərbaycanda kənd təsərrüfatının,
o cümlədən heyvandarlığın inkişafı yeni
ildə də əsas hədəflərdən biridir. Yəni bu
istiqamətə dövlət dəstəyinin davam etdirilməsi
ilə yanaşı, aqrar sektorun inkişafı
üçün yeni layihələrin icrasının
reallaşdırılması da nəzərdə tutulub. Elə ilin əvvəlindən etibarən atılan
addımlar da bunu bir daha təsdiqləyir.
Məlumat
üçün bildirək ki, ötən ay kənd təsərrüfatı
naziri Heydər Əsədov Göygöldə tikilən
Respublika Süni Mayalama Mərkəzinin inşası ilə tanış olub. 3 hektar sahədə
inşa olunan mərkəzdə əsaslı
tikinti-quraşdırma işləri başa çatıb.
İkimərtəbəli inzibati bina da artıq
hazırdır. Burada yardımçı təsərrüfat
yaradılacaq, laboratoriya, klinika və əməliyyat
otağı fəaliyyət göstərəcək. Heyvandarlıq sahəsi üzrə elmi işlər
aparmaq, zootexniklərin süni mayalama mütəxəssisi kimi
regionlarda fəaliyyət göstərməsi üçün
hər cür şərait yaradılacaq.
Müasir avadanlıqların
quraşdırılacağı mərkəzdə xüsusi
cinsli 40 buğa qapalı rejimdə bəslənəcək və
karantin müddəti yekunlaşdıqdan sonra onlardan toxum
götürüləcək. Ötən il 100
minə yaxın düyə və inək süni mayalanıb,
onların 60 faizindən çoxunda müsbət nəticə
əldə edilib. Martın sonunadək istifadəyə
verilməsi planlaşdırılan, Qafqazda analoqu olmayan
Respublika Süni Mayalama Mərkəzi bu sahədə göstəriciləri
daha da yüksəltməyə imkan verəcək.
Eyni
zamanda, Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən Xaçmaz rayonunun
Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə
edən “Yalama Aqropark”da işlərin ikinci mərhələsi
yekunlaşır. İlkin mərhələdə
aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni
yağış yağdırma üsulu ilə müasir suvarma
sistemi quraşdırılıb. Bununla yanaşı,
buradakı təsərrüfatın fasiləsiz su ilə təminatı
üçün Samur-Abşeron kanalından 3,2
kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və
tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu, təsərrüfatın
suya olan tələbatını ödəməklə
yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan
ehtiyacının ödənilməsində mühüm rol
oynayacaq.
Müasir texnologiyanın tətbiqi yüksək məhsuldarlığa
imkan yaradıb. Ötən il 242 hektar ərazidə
dənlik, 143 hektar sahədə isə silosluq
qarğıdalı səpini həyata keçirilib. Bu sahələrdən, ümumilikdə, 8 min 753 ton
qarğıdalı əldə olunub. Aqroparkın
ərazisində bu ilin məhsulu üçün 225 hektar arpa
və 130 hektar yonca əkilib.
Aqroparkın
direktoru Azər Nəsibov AZƏRTAC-a müsahibəsində
bildirib ki, “Yalama Aqropark”da istehsal və emal müəssisələrinin
yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya
və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə
olunur. Hazırda layihənin ikinci mərhələsi
çərçivəsində heyvanların qida təminatının
təşkili məqsədilə aqroparkın ərazisində
saatda 5 ton yem istehsal edən zavodun tikintisi davam etdirilir.
Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi
ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin qurulması
işləri də yekunlaşmaq üzrədir. Artıq
heyvandarlıq kompleksində saxlanılmaq üçün
Avstriyadan 500 başa yaxın “Simmental” cinsindən olan düyələr
gətirilib. Müasir tipli pilot heyvandarlıq müəssisəsində,
ümumilikdə, 1100 baş inəyin saxlanılması nəzərdə
tutulub.
Növbəti mərhələdə “Yalama Aqropark”da
gündəlik istehsal gücü 50 tona çatan süd
emalı müəssisəsi də qurulacaq. Kompleksin tərkibində
10 hektar ərazidə istixanalar yaradılacaq və intensiv
bağçılıq təsərrüfatı salınacaq.
Layihənin icrası nəticəsində 200-dən artıq
yeni iş yeri açılacaq.
Aqroparkların
yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa
nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi,
həcminin artırılması, milli brendlərin
formalaşdırılması, intensiv metodların tətbiqi,
istehsalçı, emalçı və istehlakçı
arasında əlaqələrin möhkəmləndirilməsi
və yeni iş yerlərinin yaradılmasıdır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2016.- 12 fevral.- S.8