Böyük vətənpərvərin ömür
yoluna işıq salan
kitab
Bu günlərdə “Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər” adlı kitab işıq üzü görüb. “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən nəfis tərtibatla nəşr olunan kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədov tərəfindən tərtib edilmiş kitab görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun anadan olmasının 146 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, təkmilləşdirilmiş bu yeni nəşrə N.Nərimanovun XX əsrin əvvəllərində mürəkkəb şəraitdə xalq işi uğrunda mübarizəsi və fəaliyyəti barədə müəyyən təsəvvür yaradan tarixi sənədlər toplanıb.
Kitaba T.Əhmədov tərəfindən yazılmış “Ön söz”də Nəriman Nərimanovun həyat yolu və siyasi, ədəbi fəaliyyəti geniş şərh edilir. Bildirilir ki, N.Nərimanov Azərbaycanın inqilabi-demokratik ədəbiyyatı və ictimai fikir tarixində görkəmli rol oynayıb. Müəllif yazır: “Onun inqilabdan əvvəl zəhmətkeş kütlələr arasında müəllim, həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli dramaturq kimi şöhrət qazanması təsadüfi deyildi. N.Nərimanov sözün həqiqi mənasında mübariz bir vətənpərvər idi. O, bütün ədəbi-elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə ömrünü doğma xalqın taleyinə bağlamış, çətinliklərlə dolu şərəfli bir həyat yolu keçmişdir”.
Kitabda “Mərkəzi komitəyə yol”, “N.Nərimanovun V.İ.Leninə məktubu”, “Qarabağ məsələsinə dair sənədlər”, “Nəriman Nərimanovun oğlu Nəcəfə məktubu” və digər sərlövhəli tarixi sənədlərin əks olunduğu yazılar bu böyük insanın həyat yoluna bir daha güzgü tutur, onun xalq və millət qarşısındakı unudulmaz xidmətlərini göstərir.
Nəşrdə, həmçinin Nəriman Nərimanovun ailə albomundan nadir şəkillərlə yanaşı, Bakı sovetinin məsul işçilərinin siyahısı, o dövrdə Bakıda mövcud olan məktəblər və uşaq evləri ilə bağlı statistik məlumatlar da yer alıb.
Kitabdakı “Hikmətli sözlər. Nəsihət və mülahizələr” bölməsində oxuculara təqdim olunan seçmələr Nəriman Nərimanovun ədəbi-tənqidi məqalələrindən və felyetonlarından götürülüb. Bu söz çələngi kitabla yaxından tanış olan hər bir kəsdə Nəriman Nərimanovun düşüncə tərzi, həyat qayəsi, məfkurəsi barədə daha dolğun təsəvvür yaradacaq.
Teymur Əhmədovun böyük zəhməti hesabına ərsəyə
gələn 176 səhifəlik bu dəyərli
kitab Azərbaycanın tarixi
taleyi ilə maraqlanan oxucular, politoloqlar və tədqiqatçılar
üçün nəzərdə tutulub.
Yeni Azərbaycan.- 2016.- 13.- fevral.-S.5