Nərimanov rayonunda “Təmiz şəhər naminə hərəkətdə ol!” devizi altında veloyürüş keçirilib

 

Fevralın 13-də Nərimanov rayonunda Azərbaycan Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov rayon Gənclər və İdman İdarəsi və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təmiz şəhər naminə hərəkətdə ol!” devizi altında veloyürüş keçirilib. Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, aksiyanın məqsədi şəhərin təmiz saxlanmasını, eyni zamanda, gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir. Veloyürüşdə Nərimanov rayonundan seçilmiş millət vəkilləri, rayonun rəhbər strukturlarının nümayəndələri, Azərbaycan Velosiped İdmanı Federasiyasının 100-dən artıq idmançısı, könüllü gənclər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, fond respublikanın bütün bölgələrində gənclər üçün müxtəlif layihələr həyata keçirir. Onun sözlərinə görə, məqsəd sağlam, intellektual gənc nəslin yetişməsidir. Bu layihənin əhəmiyyətindən danışan F.Hacıyev ətraf mühiti təmiz saxlamağın insan sağlamlığına da müsbət təsir etdiyini qeyd edib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu layihənin əhəmiyyətli olduğunu bildirib. Millət vəkili qeyd edib ki, həyata keçirilən belə layihələr cəmiyyətdə böyük maraqla qarşılanır. Veloyürüşdə gənclərin fəal iştirakını vurğulayan Hikmət Babaoğlu ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyib. Onun fikrincə, bu tipli layihələr həmçinin dövlət gənclər siyasətinin nəticəsidir.

Millət vəkili Adil Əliyev çıxışında belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyinə toxunaraq bunun gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsinə həmçinin də ekologiyanın təmiz saxlanmasına xidmət etdiyini söyləyib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev də çıxış edərək digər təşkilatları da bu tipli aksiyalara qoşulmağa çağırıb.

Daha sonra veloyürüş iştirakçıları 5 min metr məsafani qət ediblər. Bu məsafəni ilk olaraq Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu başa vurub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

N.BAYRAMLI

Yeni Azərbaycan.- 2016.-16 fevral.- S6