“Le Courrier de l’ouest”
qəzeti: Məryəm Ələkbərli əsərlərində
sevinc və məsumluğu əks etdirir
Fransanın “Le Courrier de l’ouest” qəzetində istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında məqalə dərc olunub.
Məqalədə rəssamın həyatı və yaradıcılığı barədə məlumat verilir. Bakıda anadan olan Məryəmin artıq 300-dən çox əsərinin olduğu diqqətə çatdırılır.
Məqalədə qeyd edilir ki, əsərləri ilə hamıda böyük maraq yaradan Məryəm öz hisslərini, gördüyü və duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirir. Enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan rəssam ecazkar bədii bacarığı ilə seçilir. Onun enerji və insan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə də dəfələrlə nümayiş olunub.
Məryəmin 2015-ci il yay mövsümündə yaratdığı əsərləri xüsusi bir mövzuya - ibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr edildiyi və bunun da təsadüfi olmadığı bildirilir.
Diqqətə çatdırılır ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir. Gənc rəssamın bu əsərləri ilə Azərbaycanın mədəni irsini təşviq etdiyi vurğulanır.
Müəllif Məryəm Ələkbərlinin
məna və hisslərin dərinliyi ilə seçilən əsərlərində
öz daxili
dünyasını əlvan rənglərin dili
ilə ifadə etdiyini yazır. Onun əsərlərində daha
çox sevinc və məsumluğun
əks olunduğu vurğulanır.
Yeni Azərbaycan.-
2016.- 17 fevral.- S.8