Ölkəmizdə fikir, söz və məlumat azadlığının təminatı, plüralizmin inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir

 

Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Məhz bunun nəticəsidir ki, hazırda ölkə mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ümumiyyətlə, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində zəngin və kəşməkəşli yol keçib. Məsələn 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə milli mətbuatımız da inkişaf üçün şans qazandı. Həmin dövrdə ziyalıların müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafı üçün göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın əsasını qoydu.

Milli mətbuatımızın keçmişi uğurlu gələcəyin təməlidir

Lakin bu prosesə tezliklə son qoyuldu. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin repressiya maşını Azərbaycanın istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız sovet rejiminin tələblərinə uyğun qurmağa cəhd etdi. Heç də təsadüfi deyil ki, 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər. Bu mənada bəlli bir zaman kəsiyində ölkəmizdə milli mətbuatın inkişafında müəyyən durğunluqlar yaşandı.

Lakin 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman doğma dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra isə müstəqil Azərbaycanda söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı təsbit edildi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilir: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Heç şübhəsiz, ölkəmizdə mətbuat azadlığının inkişaf etdirilməsi, insanların söz azadlığı hüququnun qorunmasından danışarkən, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusi olaraq qeyd edilməlidir. Məhz bu Fərman Azərbaycanda mətbuatın azad və müstəqil formada inkişafında yeni mərhələnin əsasını qoydu, kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bir sözlə, bu Fərmanın Azərbaycan tarixindəki yeri həddindən artıq böyükdür. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.

Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev milli mətbuatın, azad sözün inkişafının qarşısını alan maneələri aradan qaldırmaqla yanaşı, hələ yeni-yeni formalaşan müstəqil Azərbaycan mətbuatının gələcəyinin təminatı ilə bağlı da addımlar atdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənədin meydana gəlməsinə şərait yaratdı. Bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. Belə ki, 2000-ci ilin martında Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi-təşkilati əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu.

Onu da vurğulamaq yerinə düşər ki, Ulu öndərimizin Azərbaycan mətbuatına, jurnalistlərə, o cümlədən azad sözə qayğısı da qarşılıqlı olaraq qələm sahibləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın milli mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” seçilib.

Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısı söz azadlığının inkişafına yüksək töhfə verir

Məlum olduğu kimi, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mətbuata dövlət qayğısı siyasətini uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Milli mətbuatın yaranmasının 130, 135 və 140 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, eyni zamanda, qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, sonrakı dövrdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması bu sahədə ciddi dönüşün və irəliləyişin yaranmasına gətirib çıxardı. Məhz KİVDF-nin mütəmadi olaraq keçirdiyi yazı müsabiqələri, o cümlədən Fond tərəfindən KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-lərin irəli sürdüyü layihələrə maddi dəstəyin verilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynadı.

Məlum olduğu kimi, Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifah halının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Bu mənada 2010-cu ildə - Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan mühüm Sərəncam xüsusi vurğulanmalıdır. Sərəncamın uğurlu icrası nəticəsində 2013-cü ildə jurnalistlərə yeni mənzillər verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan etdi. Elə həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalandı və ölkə başçısı jurnalistlər üçün 250 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak etdi.

Prezident İlham Əliyevin bu diqqət və qayğısı ölkəmizdə azad sözün inkişafına əsl stimul sayılır. Bu mənada jurnalistlər də ölkə başçısının bu diqqət və qayğısını yüksək dəyərləndirirlər. Belə ki, Prezident İlham Əliyev 2 dəfə - 2010-cu ildə və 2013-cü ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” seçilib. Yəni jurnalistlər hər zaman ölkə başçısını özlərinin ən yaxın dostu sayırlar.

Bir sözlə, Azərbaycanda mətbuatın inkişafının, o cümlədən söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, ölkəmizdə söz azadlığının daha da möhkəmlənməsinə xidmət göstərir. Heç şübhəsiz, Azərbaycan mətbuatının inkişaf tarixində açılan bu yeni mərhələ birmənalı olaraq Prezident İlham Əliyevin mediaya, söz azadlığına qayğısını, diqqətini özündə təcəssüm etdirir.

Pərviz SADAYOĞLU.

Yeni Azərbaycan.- 2016.- 17 fevral.- S.5