Azərbaycanın regionlarında müasir infrastrukturun yaradılması 2015-ci ildə də intensiv şəkildə davam etdirilib

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan layihələrin reallaşdırılması sayəsində bu gün Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib

Son illərdə Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir.

Beləliklə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2015-ci il də istisna olmayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il ölkənin regionlarının inkişafının sürətlə getməsindən məmnunluğunu ifadə edərək deyib: “Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir”.

Regionlarda güclü infrastrukturun yaradılması böyük nailiyyətdir

Bu, bir həqiqətdir ki, zəruri infrastruktur təminatı yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq da mümkün deyil. Bu mənada son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızda bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur. Ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan güclü, ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Ölkəmizin regionlarında müasir infrastrukturun yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir.

Yeni generasiya gücləri sayəsində regionların elektrik enerjisi ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb

Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231,6 MVt-ya bərabərdir. Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. 2015-ci il ərzində ölkənin enerji gücləri tərəfindən 22,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Cari ilin yanvar ayında isə respublikanın enerji sistemində 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Respublikamızda elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan İES” MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib. Müəssisədə il ərzində enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Son 12 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq abonentləri ən çətin hava şəraitində belə yüksəkkeyfiyyətli enerji ilə təmin etmək mümkün olur.

Regionlarda yol infrastrukturunun yenilənməsi intensiv şəkildə davam etdirilir

Yaxşı deyiblər ki, abad el yollarından bəlli olar. Bu mənada regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında yol infrastrukturunun yenilənməsi ilə bağlı çoxsaylı tədbirlərin nəzərdə tutulması təqdirəlayiq haldır. Bəhs olunan Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. Eyni zamanda, respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.

Yeni su layihələrinin sayəsində bölgələrdə səhraya bənzəyən yerlər bağ-bağata çevrilir

Azərbaycanda kənd təsərrüfatının kifayət qədər geniş potensiala malik olduğunu nəzərə alsaq, ölkənin regionlarında reallaşdırılan yeni su layihələrinin rolu barədə konkret təsəvvür yaranar. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, bəhs olunan Dövlət proqramlarının həyata keçirildiyi illərdə su-drenaj layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.

2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. 2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.

Regionlarda su-drenaj layihələrinin icrasına yeni Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə arxada qalan iki il ərzində böyük iş həcmi yerinə yetirilib. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.

Bundan başqa, dövlət başçısının ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırığına uyğun olaraq Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilib, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilib.

Regionlarda əhalinin içməli su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb

Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Prezident İlham Əliyev qlobal miqyasda yaranan yeni çağırışlara uyğun olaraq etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son 12 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su-kanalizasiya layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı Sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.

Qeyd edək ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir.

Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.

Rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.

Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.

Bu məqamda qeyd edək ki, ölkə ərazisində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Ötən il 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində subartezian quyusu qazılıb. Ümumiyyətlə, son illər ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində subartezian quyularını önəmli infrastruktur layihəsi kimi səciyyələndirərək vurğulayıb: “Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bu günə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Çaylar boyu yerləşən bu kəndlərdə insanlar təmiz içməli sudan qıtlıq çəkirdilər. Ümumiyyətlə, son illər ərzində 625 min nəfər bu yolla təmiz içməli su ilə təmin edilib”.

Hədəf yaxın perspektivdə respublika ərazisində qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir

Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.

Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Son bir ildə ölkə ərazisində 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, eyni zamanda, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 400 kilometrdən çox qaz kəmərləri əsaslı təmir edilib.

Bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla, abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb. Onu da vurğulamaq yerinə düşər ki, qaz satışı üzrə yığım istər əhali, istərsə də qeyri-əhali sektorlarında 100 faizi ötüb.

Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq bütün ölkə boyu reallaşdırılan qazlaşdırmanın ən səciyyəvi əlaməti isə ondan ibarətdir ki, artıq bu proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Ümumiyyətlə, dövlət başçısının bu sahədə qarşıya qoyduğu hədəf yaxın perspektivdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 90-95 faizə çatdırmaqdan ibarətdir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 18 fevral.- S.8