Regionların elektrik
enerjisi və təbii qazla
təminatı uğurla həyata keçirilir
Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonlarda bu istiqamətdə mühüm addımlar atılıb
Bu gün inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən 12 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti, həmçinin regionların hərtərəfli inkişafını təmin edən Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasını, bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişərək onların dinamik irəliləyişini təmin edib.
Bu məqamda vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Bu, təsərrüfatda böyük qüsurlara gətirib çıxarırdı. Bu mənada bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da iş adamları üçün perspektivsiz görünürdü. Beləliklə, 1993-cü ilin iyunundan sonra sözügedən sahədə atılan addımlar öz bəhrəsini verdi. Və ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Məhz bunun nəticəsindir ki, hazırda bölgələrdə elektrik enerjisi ilə təminatda heç bir problem yoxdur və qazlaşdırılma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ötən ilin statistik göstəriciləri də bu sahədə hər hansı problemin olmadığına işarə edir.
Yeri gəlmişkən, ölkəmizin enerji sisteminin bütün müəssisələrində olduğu kimi ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Astara” elektrik stansiyasında (ES) da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər istismar həddinə uyğun şəkildə qrafikə uyğun və vaxtında göstərilir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun işləyir. Bu ilin yanvar ayında stansiyada 18,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Müəssisə həmişə olduğu kimi 2015-ci il ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Belə ki, həmin il ərzində burada 220,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Ağsu rayonunda isə bir neçə yaşayış məntəqəsi mavi qazla təmin edilib. Rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən, 1450 nəfər əhalisi olan Ləngəbiz kəndinə də təbii qaz verilib. Kəndin qazlaşdırılması birpilləli sistem əsasında aparılıb. Müxtəlif diametrli 1528 metr polietilen və 8937 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 135 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ləngəbiz kəndi ilə yanaşı daha iki yaşayış məntəqəsinə - ümumilikdə, 1067 nəfər əhalinin yaşadığı Cəfərli və Hacıuşağı kəndlərinə də təbii qaz verilib. Cəfərli və Hacıuşağı kəndlərinin qazlaşdırılması üçün 29,4 kilometr müxtəlif diametrli polietilen və metal borularla magistral və kəndarası qaz xətti çəkilib, 189 “smart-kart” tipli sayğac, habelə, fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda 63 yaşayış məntəqəsi qazla təmin edilib. Beləliklə də, artıq Ağsuda əhalinin 92,5 faizi “mavi yanacaq”dan istifadə edir. Qalan kəndlərin də qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Şabran rayonunun da yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi (İB) rayonun Mumlu kəndinin qazlaşdırılması işini başa çatdırıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Mumlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 360 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 45 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, 2015-ci ildə rayonun 9 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Yaxın günlərdə 152 abonenti olan Günəşli kəndinə də təbii qazın verilməsi nəzərdə tutulub.
Ağcabədi rayonunda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Təzəkənd kəndi də əlavə olunub. 623 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min 337 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Vurğulandığı kimi, arxada qoyduğumuz 2015-ci ildə də rayonların təbii qazla təminatı ilə bağlı mühüm addımlar atılıb. Məsələn, Samux rayonunda ötən il əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Hazırda rayonun 29 yaşayış məntəqəsində və ya 82,5 faizində “mavi yanacaq”dan istifadə olunur. 2015-ci ildə Yenikənd və Lüksemburq kəndlərində qaz xətlərinin çəkilişi tam başa çatdırılaraq, hər iki kəndin əhalisinə təbii qaz verilib. Qırmızı Samux qəsəbəsində isə daxili qaz xətlərinin çəkilişi davam etdirilir. İşlər yekunlaşdıqdan sonra rayonun daha 5 kəndinin təbii qazla təmin olunmasına başlanılacaq.
Neftçala rayonunda 2015-ci ildə enerji təminatı yüksək səviyyədə olub. Rayonda əhali abonentlərinin sayğaclaşdırılması 99,8 faiz təşkil edib. Rayonun 13 kəndi təbii qazla təmin olunb, hazırda 8 kəndə təbii qaz çəkilişi davam etdirilir.
Qax rayonunda 2015-ci ildə 7 kəndə təbii qaz verilib, hazırda 2 kənddə qaz xəttinin çəkilişi davam etdirilir. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 19 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb.
Kürdəmir rayonunda ötən il əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Şəhər və şəhərə yaxın kənd ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı rayonda kabelləşmə işinə başlanılıb. Hazırda Şəhər-1, Cənub, Trest və ABZ hava xətlərinin SİP kabellə çəkilişi başa çatıb, Şəhər-2 və Şəhər-3 hava xətlərində isə SİP kabelləşmə işləri davam etdirilir.
Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəkləri, köhnəlmiş naqillər, texniki cəhətdən nasaz olan sayğaclar dəyişdirilib, sıradan çıxmış transformatorlar yenisi ilə əvəz olunub.
Şəhər ərazisində 20,1 km 10 kv-luq hava xətti və 24,5 km 0.4 kv-luq hava xətti yenidən qurulub, 2059 ədəd smart kart tipli sayğac quraşdırılıb, əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün 14 ədəd elektrik transformatoru quraşdırılıb.
Rayonun Sığırlı kəndində “Azərişıq” ASC tərəfindən 2 ədəd yeni müasir tipli transformator quraşdırılıb, 1,5 km 10 kv-luq və 8,5 km 0.4 kv-luq hava xətti SİP kabellə əvəz olunub, 185 ədəd elektron tipli sayğac quraşdırılıb. Eləcə də rayonun Şilyan, Qarasu, Qaramahmudlu, Şüşün, Qarasaqqal, Pirli, Təklə kəndlərində 8 ədəd yeni transformator quraşdıırııb.
Ötən il Kürdəmir rayonunda mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində də əhəmiyyətli işlər görülüb. Belə ki, texniki vəziyyəti olduqca qeyri-qənaətbəxş olan, 45-ə yaxın əhali abonentini təbii qazla təmin edən Ağsu-Kürdəmir 273 mm diametrli orta təzyiqli qaz kəmərinin 4100 metrlik hissəsi istismardan çıxarılıb, 95 p/m yeni qaz kəməri çəkilərək əhali abonentləri təbii qazla təmin edilib.
Rayonun Atakişili kəndində 330 metr uzunluğunda yeni yerüstü qaz kəməri çəkilib, şəhərin H.Qədirov, İ.Məmmədov küçələrində mövcud qaz kəmərlərinin yeni qaz xətləri ilə dəyişdirilməsi təmin edilib. Ümumiyyətlə, rayonun 62 yaşayış məntəqəsindən 45-i qazlaşdırılıb, 13 məntəqədə qazlaşdırma işləri başa çatmaq üzrədir. Ümumilikdə 16743 abonent təbii qazla təmin edilib. Bu il rayonun qazlaşdırılmayan Qarabucaq qəsəbə, Qarabucaq, Qarasu və Qurd Bayram kəndlərində də qazlaşdırma işlərinə başlanacaq.
Qeyd etmək lazımdır ki, qaçqın və məcburi köçkün vətəndaşlarımızın da enerji təminatı məsələsi hər zaman dövlətimizin diqqət mərkəzindədir. Belə ki, işğal altında olan və əsasən Ağcabədi rayonu ərazisində məskunlaşmış Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 04 kv-luq elektrik hava xətlərində yararsız hala düşmüş 10 min 300 metr naqil yenisi ilə əvəzlənib, Qarakeçdi, Malıbəy, Mişni, Vağazin, Quşçu, Sonasar, Alxası, Qarıqışlaq, Şeylanlı, Ağbulaq obalarında və Qayğı qəsəbəsində transformatorlar əsaslı, digər obalarda müxtəlif gücə malik 60 transformator cari təmir olunub.
Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna rola maliklir. Dövlət proqramlarının uğurlu icrası isə vətəndaşlarımızın sosial rifahının, eləcə də enerji təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyət daşıyır.
Pərviz İSMAYILOV
Yeni Azərbaycan.-
2016.- 19 fevral.- S.7