Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı ilə fevralın 18-də Qubada “XXI əsr multikulturalizmin Azərbaycan modelimövzusunda konfrans keçirilib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konfransın məqsədi Azərbaycan dövlətinin din, demokratik dövlət quruculuğu siyasətini, dövlət-din münasibətlərinin milli mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipini gənclər arasında təbliğ etməkdir.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə tədbirdə multikulturalizmin nəzəri əsasını liberalizmin, o cümlədən azadlıq, bərabərlik dəyərlərinin təşkil etdiyini vurğulayıb. O, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kursun multikultural dəyərlərə əsaslandığını diqqətə çatdırıb. Konfransın ölkəmizdə tolerantlıq ənənələrinin, mədəniyyətlər və sivilizasiyalar arası dəyərlərin təbliğinə mühüm töhfələr verdiyini vurğulayan F.Həsənzadə tədbirin, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumuna, habelə “Multikulturalizm ili” çərçivəsində atılacaq addımlara dəstək xarakteri daşıdığını söyləyib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, GTM-in Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev, Prezident yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin rəhbəri Eynulla Nurullayev və digərləri çıxışlarında Azərbaycanın dünyada ən yaxşı multikulturalizm nümunəsi təqdim etdiyini, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrildiyini vurğulayıblar.

GTM-inMultikulturalizm ili” ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində ilk tədbir olan bu konfransın digər regionlarda da təşkili planlaşdırılır.

Yeni Azərbaycan.- 2016.- 19 fevral.- S.7