Xocalı faciəsi azərbaycanlılara qarşı etnik soyqırımı və hərbi cinayətdir

 

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilənlər beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi səciyyələndirilir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri törədildi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan etdi və azərbaycanlılara qarşı etnik soyqırımı həyata keçirdi. Statistik faktlar da deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi faciə, sözün əsl mənasında, soyqırımı idi. Belə ki, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Ümumiyyətlə, düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.

Əlbəttə ki, Xocalının strateji hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Bu baxımdan, mühüm bir məqama nəzər yetirmək məqsədəmüvafiqdir. Belə ki, Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Şəhərin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Məhz bu, Ermənistanın Xocalıya etdiyi təcavüzü şərtləndirən geostrateji amil qismində çıxış edirdi.

Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etməsi və azərbaycanlılara qarşı etnik soyqırımının həyata keçirilməsi beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi dəyərləndirilir. Belə ki, Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi xarakterizə olunur. Həmçinin azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmayıb ki, bu da müvafiq konvensiyalara ziddir.

Konkret olaraq, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrinə ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Həmçinin Ermənistan silahlı dəstələrinin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə də tam ziddir.

Yeri gəlmişkən, fevralın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda keçirilən ictimai müzakirədə bu məsələ ilə bağlı konkret fikirlər səsləndirilib. Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov, Milli Məclisin deputatları və QHT nümayəndələri Xocalı soyqırımının yerli və beynəlxalq qanunvericilik nöqteyi-nəzərindən qiymətləndirilməsi ilə bağlı fikirlər söyləyiblər.

Bütövlükdə, ekspertlərin qənaəti budur ki, Xocalı soyqırımı cinayət aktı olmaqla beynəlxalq konvensiyalara ziddir, konkret olaraq bəşəriyyət əleyhinə cinayətdir. Məsələn, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bu məsələ ilə bağlı qeyd edib ki, Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir: “Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı öz çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb”.

N.Səfərov bildirib ki, əgər beynəlxalq birlik İkinci Dünya müharibəsinin dəhşətlərindən düzgün nəticə çıxarsaydı, müxtəlif coğrafi məkanlarda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər baş verməzdi. Hər bir halda insanlığın əsaslarını sarsıdan bu cür əməllər törətmiş şəxslər layiq olduğu cəzanı alacaqlar. “Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu isə beynəlxalq ikili standartların nəticəsidir. Xocalı faciəsi zamanı Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmamışdı. Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyaları ratifikasiya edilərək Cinayət Məcəlləsinə köçürüldü. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımını törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla bilər”, - deyə N.Səfərov qeyd edib.

Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir: “Ona görə də beynəlxalq birlik bəşəriyyət əleyhinə törədilmiş bu faciəyə adekvat qiymət verməli, cinayətkarlar cəzalandırılmalıdırlar. Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli tədbirlər həyata keçirir. Bilirsiniz ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən “Soyqırımının qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Eləcə də Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub”.

Millət vəkili əlavə edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Bu işdə Heydər Əliyev FondununFondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımını tanıyacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq”.

Politoloq Elşad Mirbəşir isə bildirib ki, Xocalı faciəsi dinc əhaliyə qarşı cinayət tərkibli hərəkətləri özündə ehtiva edir, ona görə də konkret olaraq beynəlxalq konvensiyalara ziddir: “Məlumdur ki, Xocalıya hücum çərçivəsində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə divan tutulub. Bu hərəkətlər Cenevrə konvensiyasına və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bir sıra müddəalarına ziddir, ona görə də dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini törədənlərə qarşı müvafiq cəza mexanizmi tətbiq edilməlidir”.

“Ümumiyyətlə, Azərbaycan dövlətinin çoxşaxəli fəaliyyəti nəticəsində Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə sistemli və ardıcıl işlər görülür. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi həqiqətlərin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir”, - deyə politoloq vurğulayıb.

Nurlan

Yeni Azərbaycan.- 2016.- 24 fevral.- S.6