Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib

 

Son 12 il ərzində həyata keçirilən quruculuq-abadlıq işləri şəhər, qəsəbə və kəndlərimizin sosial-iqtisadi inkişafına müsbət təsir göstərib

Son illər öz inkişafına görə fərqlənən, regionun lider dövləti olan Azərbaycan 2015-ci ili də uğurlarla başa vurub. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin ötən ildə də dinamik inkişafı təmin edilib, beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkəmizdə iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunub. Təbii ki, əldə edilən uğurlarda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının xüsusi payı var.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib, Azərbaycanda geniş infrastruktur layihələri icra edilib. Belə ki, 2004-cü ildən bu günə qədər ölkəmizdə 25 elektrik stansiyası tikilib. Digər tərərfdən, 2004-cü ildə rayonlarda demək olar ki, qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də qaz xətləri çəkilir.

Eyni zamanda, son 12 il ərzində on min kilometrdən çox yol çəkilib. İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Dövlət başçısının bəyan etdiyi kimi, bu layihələr davam edir, davam edəcək. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir.

Ötən 12 il ərzində sosial sahədə də genişmiqyaslı işlər görülüb. Sosial infrastruktur yaradılıb. Ümumiyyətlə, son 12 il ərzində həyata keçirilən quruculuq-abadlıq işləri şəhər, qəsəbə və kəndlərimizin sosial-iqtisadi inkişafına müsbət təsir göstərib. Bəhs edilən müddətdə üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Təkcə bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib. Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni evlərə, mənzillərə köçürülüb. Digər istiqamətlər üzrə də nəticələr çox müsbətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, son 12 il ərzində əldə edilən uğurların fonunda 2015-ci il də ölkəmiz üçün nailiyyətlərlə yadda qalıb. Belə ki, ötən il ümumi daxili məhsul, sənaye istehsalı və qeyri-neft sənayesi artıb, ölkəyə investisiya qoyuluşunun həcmi yüksəlib, sosial obyektlərin inşası uğurla təmin edilib. Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsi əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açıb, ölkəmizi regionda lider dövlətə çevirib. Eyni zamanda, ardıcıl olaraq həyata keçirilən layihələr şəhər, qəsəbə və kəndlərimizi gözəlləşdirir ki, bu inkişafı cənub bölgəsinin, o cümlədən Astara rayonunun timsalında da aydın görmək mümkündür.

Hər halda ötən ilin nəticələri belə deməyə əsas verir. Bu nəticələrə keçməzdən öncə qeyd edək ki, rayon üçün 2015-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Astaraya növbəti səfəri olub. Səfər zamanı dövlətimizin başçısı 12 min nəfər əhalinin yaşadığı və 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını edib, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb. Səfərdən sonra Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı Sərəncam imzalanıb.

Ümumiyyətlə, 2015-ci ildə rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülüb. 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi başa çatdırılıb, 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.

Rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması işi də il ərzində davam edib. Hesabat ilində şəhərin prospekt və küçələrində tikinti-abadlıq işləri aparılaraq küvetlər təmizlənib, yol nişanları quraşdırılıb, binaların fasad hissəsi və dam örtüklərində təmir işləri görülüb. Rayon sakinlərini illərdən bəri narahat edən əsas problemlərdən biri şəhər əhalisinin içməli su ilə təminatının olmaması idi. 2015-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə əhalinin narahatçılığına son qoyulacaq. Magistral su xəttinin 8 km hissəsində işlər tamamlanıb, hazırda burada xətt tikintisi davam etdirilir.

Eyni zamanda, ötən il rayonun qaz təchizatının və elektrik xətt təsərrüfatının, həmçinin telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi 175 milyon 558 min manata çatıb. Bunun 6,4 faizi sənayedə, 40 faizi kənd təsərrüfatında, 26,4 faizi tikintidə, 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,4 faizi informasiya və rabitədə olub. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1680 manat təşkil edib. İnşaat işlərinin aparılması üçün 2015-ci il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 827 min manat məbləğində vəsait yönəldilib ki, bunun 95 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 25 faiz artıb. Son illərdə rayonda 7264 iş yeri açılıb, bunun da 6593-ü daimi iş yeridir. İl ərzində rayonda 766 yeni iş yeri açılıb.

Hesabat ilində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4 min 620 ailə üzvünü əhatə edən 923 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib. Rayon Məşğulluq Mərkəzində 2015-ci il ərzində 345 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb, 280 nəfər müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub.

Eyni zamanda, 2015-ci ildə təhsil, səhiyyə və idman sahəsində uğurlar əldə edilib. Məlumat üçün bildirək ki, hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilib. Kijəbə qəsəbə sahə xəstəxanasının təmiri başa çatdırılıb, Pensər kənd sahə xəstəxanasının təmiri davam etdirilir.

Turizm potensialına malik olan rayonda son illər ərzində görülən işlər nəticəsində bu sahənin inkişafı üçün geniş imkanlar açılıb. Rayonun uzaq dağ kəndləri yollarının asfaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlanıb. Eyni zamanda, dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilib ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.

Verilən məlumata görə, 2015-ci il - “Kənd təsərrüfatı ili” ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Belə ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 253 min manat dəyərində güzəştli kreditlər verilib. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 105 min manat subsidiya verilib, fermer təsərrüfatlarına və fiziki şəxslərə 501 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.

Bununla yanaşı, rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 343 hektara çatdırılıb, heyvandarlığın və çəltikçiliyin inkişafı üçün də müəyyən işlər görülüb, aqrar sektorun su ilə təminatı istiqamətində müvafiq addımlar atlıb. İl ərzində ümumilikdə rayon ərazisində 115 min 900 paqonometr suvarma və suötürücü kanallar, 4500 paqonometr Kollektor-Drenaj şəbəkəsi lildən təmizlənib. Rayonun Rudəkənar yaşayış məntəqəsində subartezian quyusunun qazılması başa çatdırılıb, Artupa və Maşxan kəndlərində quyuların qazılması işləri davam etdirilir.

Onu da vurğulamaq yerinə düşər ki, 2015-ci ili uğurla başa vuran rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə vacib olan məsələlər də gündəmdədir. Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, ilk növbədə rayon əhalisinin içməli su təminatı, Tüləküvan-Qəcimardə-Təngərüd yolunun əsaslı təmiri, qazlaşmayan kəndlərin qazlaşdırılması, Astara və Pensər çaylarında sahilbərkitmə işlərinin görülməsi, mövcud suötürücü kanalların vaxtında təmizlənməsi, əkin sahələrinin suvarılmasının tam təmin edilməsi, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin davam etdirilməsi əsas məsələlərdəndir. Əlverişli təbii şəraiti olan rayonda sosial layihələrin icrası ilə turizmin inkişafı üçün geniş imkanlar yaranıb və 2016-cı ildə iş adamlarının bu sektora diqqət ayırmaları, investisiya yatırmaları, həmçinin rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının artırılması da qarşıda duran vacib məsələlərdəndir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 25 fevral.- S.8