"Azərbaycanda milli dəyərlərə bağlı gənclər
ordusu formalaşıb”
Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvər ruhda böyüməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır
Hər bir dövlətin davamlı inkişafı, qlobal rəqabətə tab gətirməsi həmin dövlətin siyasi, sosial, iqtisadi, hərbi sferalardakı kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət parametrlərindən, o cümlədən mənəvi amillərdən də asılıdır. Yəni cəmiyyətdə güclü milli şüurun, sağlam düşüncənin, mənəvi-psixoloji mühitin mövcudluğu dövlətin mənəvi əsaslarının möhkəmliyindən xəbər verir.
Dövlətin mənəvi əsaslarının davamlı etibarlılığını təmin etmək üçün isə gənc nəsil düzgün ruhda yetişdirilməli, mövcud mənəvi dəyərlər yeni nəslə ötürülməlidir. Bu baxımdan ölkəmizin gələcəyi olan gənc nəslin milli və vətənpərvər ruhda formalaşması Azərbaycan dövlətçiliyinin gücləndirilməsində önəmli faktordur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə Öz nitqlərində gənc nəslin düzgün tərbiyə olunmasının əhəmiyyətindən bəhs edərək, gənclərin vətənpərvər, milli ruhda tərbiyəsinin hər bir şüurlu vətəndaşın, o cümlədən dövlətin borcu olduğunu bildirib.
Buradan da göründüyü kimi, gənc nəslin vətənpərvər, milli ruhda yetişdirilməsi və bu prosesə şüurlu yanaşma prinsipləri önə çıxır. Sadalanan üç məqam müasir düşüncəli, yüksək mənəvi göstəricilərə malik şəxsiyyətin, vətəndaşın formalaşdırılmasında xüsusilə əhəmiyyətlidir. Onların hər birinə ayrılıqda nəzər yetirməklə qeyd olunan parametrlərə uyğun vətəndaşların yetişməsinin dövlətin milli gücünün keyfiyyət göstəricisinə təsirini aydınlaşdırmaq mümkündür.
Vətənpərvər nəsil dövlətin daimi suverenliyinin başlıca sütunudur
Bu məqamda qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycanda vətənpərvər gəncliyin yetişdirilməsi Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin təməlini təşkil edib. Ulu öndərin əsasını qoyduğu bu siyasətin əsas məqsədi müstəqil Azərbaycanda öz milli-mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, əqidəli, Azərbaycanın sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni bir nəslin formalaşmasına dəstəkdir. Və bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Yəni bu gün də ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların vətənpərvər ruhda böyüməsi üçün dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. İlk növbədə, yeni nəslin təlim-tədris prosesində, xüsusən də, orta məktəblərdəki tədris proqramında, dərs vəsaitlərinin hazırlanmasında bu məqam nəzərə alınır. Həmçinin təhsil prosesində gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsi də həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən hər il yaradıcı və fəal gənclərin, həmçinin gənclər təşkilatlarının müxtəlif sahələri əhatə edən layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi göstərilir. Gənclərin incəsənət, yaradıcılıq, idman sahələrində öz bacarıqlarını gerçəkləşdirməsinə yaradılan şərait dövlətin onlara göstərdiyi diqqət və qayğıdan xəbər verir.
Ümumiyyətlə, vətənpərvərlik hər bir milli dövlətin mövcudluğunun başlıca ideya əsasıdır. Milli ictimai şüurda vətənpərvərlik ruhunun, vətən qavrayışının güclü olduğu cəmiyyətlər dövlətin ətrafında sıx birləşir, suverenlik, ərazi bütövlüyü, siyasi, iqtisadi müstəqilliyin, mədəni identikliyin, dövlət rəmzlərinə hörmətin qorunması məsələlərində güclü milli iradə nümayiş etdirir.
Milli dövlətçiliyə dayaq olan vətənpərvərlik milləti, xalqı qloballaşmanın mənfi təsirlərindən qoruyur, dağıdıcı kosmopolitizmə, milli dövlətlərin suverenliyinin məhdudlaşdırılması cəhdlərinə qarşı sipər rolunu yerinə yetirir. Təsadüfi deyil ki, dünya dövlətlərinin vahid, yaxud məhdud sayda mərkəzdən yönləndirilməsi ideyasını dəstəkləyən ideoloqlar vətənpərvərliyi, başqa sözlə, patriotizmi bu məqsədə gedən yolda başlıca maneə olaraq görürlər.
Azərbaycana gəlincə, vətənpərvər nəslin formalaşması, sadalanan amillə yanaşı, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətin prinsipial mövqeyinə ardıcıl ictimai dəstəyin göstərilməsi baxımından önəm daşıyır. Vətənpərvər gənclik dövlətin bu məsələ ilə əlaqədar siyasi, hərbi, iqtisadi, informasiya fəaliyyətinə dəstək olur, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfələrini verir.
Prezident İlham Əliyev bu il yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki çıxışında da Azərbaycan gənclərinin fəallığını, milli dəyərlərə bağlılığını yüksək qiymətləndirib: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.
Beləliklə, göründüyü kimi, Azərbaycanda dövlətin güclənməsinin, daimi inkişafının keşiyində dayanan vətənpərvər gənclər ordusu formalaşıb.
Milli şüur cəmiyyəti dağıdıcı proseslərdən qoruyur
Yeri gəlmişkən, vətənpərvərlik duyğusu ilə yanaşı, milli şüurun güclü olduğu cəmiyyətlərdə milli dəyərlərə, mədəniyyətə bağlılıq, milli identiklik, milli birlik hissi də möhkəm olur. Belə cəmiyyətlər sanki vahid orqanizm kimi fəaliyyət göstərir, istər cəmiyyətin daxilində meydana gələn, istərsə də xaricdən qaynaqlanan dağıdıcı ünsürlərə qarşı reflektiv özünütəmizləmə və özünümüdafiə nümayiş etdirir.
Hazırda vahid milli ruhun və milli şüurun formalaşmadığı cəmiyyətlərdə yaşanan neqativ hallarla bağlı bəzi ölkələrin timsalında bir sıra nümunələr görmək mümkündür. Həmin dövlətlərdə baş verənlərdən aydın olur ki, kənar qüvvələrin əli ilə alovlandırılan cəmiyyətdaxili ziddiyyətlər vətəndaş qarşıdurmasına, radikalizmə söykənən əməllərə gətirib çıxarır. Belə olan halda, milli dövlət maraqları ciddi hədələrlə üzləşir, bəzən suverenliyin bir və ya bir neçə atributu itirilir, kənardan idarə olunan xaos həmin cəmiyyətlərin gündəlik yaşam tərzinə çevrilir.
Bu gün Azərbaycan gəncliyinin milli ruhda böyüdülməsi ölkəni hədəfə alan təhlükəli siyasi, sosial, mədəni meyillərə qarşı davamlı ictimai müqavimət formalaşdırır. Bu səbəbdən də, Azərbaycan müxtəlif münaqişələrin kəskinləşdiyi qonşu regionların fonunda sabitlik adası kimi özünü göstərir.
Milli şüurun qorunub saxlanmasında milli dəyərlərə söykənən dövlət quruculuğunun da rolu böyükdür. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması yönündə Azərbaycanda dövlətin dəstəyi ilə xeyli işlər görülür, milli bayramlarımız dövlət səviyyəsində qeyd edilir, muzeylərimiz bərpa olunur, yeniləri yaradılır, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, milli dəyərlərə bağlılığının artırılması yönündə müsabiqələr, tədbirlər təşkil olunur.
Beləliklə, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi indiki qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi xüsusi önəm daşıyır. Əminliklə demək olar ki, qloballaşan dünyada Azərbaycan xalqı bu mənəvi xüsusiyyəti və milli ruhu bundan sonra da qoruyub saxlaya biləcək. Çünki Azərbaycan dövlətçiliyi məhz bu dəyərlər üzərində qurulub və dövlətin siyasəti də buna yönəlib.
Milli dəyərlərə əsaslanan dövlətçiliyin qorunmasında gənclərin rolu
Qeyd olunduğu kimi, gənclərin vətənpərvər və milli ruhda tərbiyəsi vətəndaşlardan bu məsələdə şüurlu yanaşma tələb edir. Şüulu yanaşma fərdi və cəmiyyəti kortəbii millətçilik hissindən qoruyur. Məhz şüurlu yanaşma olduqda cəmiyyətlərdə milli təəssübkeşlik hissi heç də irqi, dini zəmində radikalizmə, ayrı-seçkiliyə, münaqişələrə səbəb olmur. Şüurlu yanaşma özünə və başqalarına hörmət deməkdir.
Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti və gəncliyi sadalanan prinsiplərin hər üçünə, yəni vətənpərvərlik hissinə, milli şüura və hadisələrə yanaşmada yüksək siyasi, ictimai idraka sahibdir. Bu keyfiyyətlərin daşıyıcısı olan cəmiyyət dünyada gedən prosesləri düzgün dəyərləndirir, regional və qlobal miqyaslı hadisələrdə ölkənin yerini dəqiq müəyyənləşdirir. Siyasi, ictimai şüura sahib olan insan fərd olaraq özünün cəmiyyətdəki və dünyadakı yerini daha dolğun qavrayır, hadisələrə münasibətini düzgün formalaşdırır. Bu gün Azərbaycan vətəndaşı anlayır ki, hər bir kəsin fərdi mənafeləri Azərbaycan müstəvisində ümummilli mənafelərin tərkib hissəsidir.
Beləliklə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, yeni nəslə ötürür, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvərlik prizmasından yanaşır. Sadalanan prinsipləri özündə əks etdirən azərbaycançılıq ideologiyası da xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.
Bu gün azərbaycançılıq respublikamızda tarixi ənənələrdən gələn müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradır. Çoxmədəniyyətliliyin tarixən mövcud olduğu Azərbaycanda 2016-cı ilin dövlət başçısı tərəfindən “Multikulturalizm ili” elan olunması mövcud dəyərlərin yaşadılmasına töhfədir.
Yəni Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır.
Digər tərəfdən, milli şüura sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən kosmopolit düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin, milli identikliyin və milli dövlətçiliyin qorunmasından ibarətdir. Prezident İlham Əliyevin ölkə gənclərinin bir qrupu ilə görüşdə səsləndirdiyi fikirlərdən də göründüyü kimi, qloballaşmanın, eləcə də digər kənar qüvvələrin mənfi təsirlərinə baxmayaraq, milli ruhda böyüyən gənclik həmin təsirləri dəf etmək gücündədir: “Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Nadir Azəri
Yeni Azərbaycan.-
2016.- 25 fevral.- S.7