“Kaspi”
liseyində gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsi mövzusunda
tədbir keçirilib
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 24-də “Kaspi” liseyinin və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, veteranların, ziyalıların, liseyin müəllim və şagird kollektivinin qatıldığı tədbirdə əvvəlcə uşaqların Xocalı faciəsinə dair əl işlərindən ibarət sərgiyə baxış olub.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva çıxış edərək tədbirin məqsədinin Xocalı faciəsinin 24-cü ildönümündə veteranlarla görüş olduğunu bildirib. Sona Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə tədbir və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələrin, qətliamların “dənizdən dənizə böyük Ermənistan” xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu xüsusilə diqqətə çatdırıb. Sona Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıdırlar.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Xocalıda törətdiyi soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri qədim Xocalı şəhərini yerlə-yeksan edib. Xocalının maddi-mənəvi sərvətləri dinc sakinləri ilə birlikdə misli görünməmiş soyqırımına məruz qalıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib. Xocalı faciəsi iki əsrdən artıq müddətdə erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalıda günahsız insanların sırf etnik mənsubiyyətinə görə xüsusi qəddarlıqla öldürülməsi, işgəncələrə məruz qalması bu qətliamın beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparıldığını vurğulayan Sona Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu öndər Xocalı faciəsi ilə bağlı bir neçə Sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin, eləcə də ABŞ-ın 20 ştatının Xocalı soyqırımını tanıdığını vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tariximizin və ölkəmizlə bağlı həqiqətlərin gənclərə öyrədilməsi baxımından belə tədbirlərin önəmini vurğulayıb. O bildirib ki, hazırda gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir.
Dadaş Rzayev qeyd edib ki, biz düşmənə layiqli cavab verməyi bacarmalıyıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır.
Digər çıxış edənlər də Xocalı faciəsinin dəhşətlərindən danışıb, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində veteranların üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva “Veteran Həmrəyliyi” medalı və veteranlara qayğıya görə fəxri fərmanla təltif edilib.
“Kaspi” liseyinin təhsildə fərqlənən müəllim və şagirdlərinə də fəxri fərmanlar təqdim olunub.
Tədbir şagirdlərin ifasında Xocalı
soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya ilə davam edib.
Yeni Azərbaycan.-
2016.- 25 fevral.- S.6