Mülki Aviasiya Muzeyində Xocalı faciəsi
qurbanlarının xatirəsi yad edilib
Fevralın 26-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, Qarabağ müharibəsi veteranları təyyarəçilər Xanlar Səttarov, Bayram Muxtarov, Yaşar Xəlilov, Kazım Abbasov və Hüseyncan Əzimov iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu deyib.
Çıxış edən Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru Ədalət Səmədov gənclərin tariximizin qanlı səhifələrini bilmələrinin və vətənpərvərlik ruhunda yetişmələrinin əhəmiyyətini qeyd edib. Ermənilərin əsrlər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti, soyqırımı aktları və sair haqqında geniş məlumat verilib.
Qarabağ müharibəsi veteranı, Xocalı faciəsinin canlı şahidi, “Mİ-24” helikopterinin komandiri olmuş Xanlar Səttarov, veteran təyyarəçi Kazım Abbasov və digərləri öz döyüş xatirələrindən bəhs ediblər.
Sonda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ
müharibəsində şəhid olmuş
təyyarəçi Zakir Yusifova
həsr edilən “Səma cəngavəri” adlı sənədli
filmi nümayiş olunub.
Yeni Azərbaycan.-
2016.- 27 fevral.- S.6