Bölgələrin
qazlaşdırılması ilə bağlı görülən
işlər davamlı xarakter
daşıyır
Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələr müstəsna əhəmiyyət kəsb edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iqtisadi inkişafı konseptual əsaslara söykənir. Çoxşaxəli sosial-iqtisadi islahatlar davamlı inkişafı təmin etməklə yanaşı, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini də şərtləndirir. Ümumiyyətlə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm də yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin dinamik inkişafını şərtləndirir
Başlıca məqam budur ki, yeni iqtisadi inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bunlarla yanaşı, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini də xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Bölgələrdə qazlaşdırılma prosesi uğurla davam etdirilir
Beləliklə, bölgələrdə qazlaşdırılma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, ötən il Tovuz rayonunun 45 yaşayış məntəqəsində əlavə 459 abonentə təbii qaz verilib. Bununla da təbii qaz alan abonentlərin sayı 30686-ya çatdırılıb. Tovuzun dağ kəndlərindən olan Böyük Qışlaq, Qaradaş və Molla Ayrımda qaz çəkilişləri başa çatıb. Bir neçə gün öncə isə Tovuz rayonunun Hacıhəsənli kəndinə təbii qazın verilişi bərpa edilib. 116 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 min 547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Salyan rayonunda isə “mavi yanacaq” verilən yaşayış məntəqələrinin sırasına Yeni Uluxanlı kəndi də əlavə olunub. 225 abonenti olan kənd ilk dəfə qazlaşdırılıb və bu məqsədlə birpilləli sistem əsasında 6,5 min metr polietilen, 17,7 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 225 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bütövlükdə, ötən il rayonun Bəydili, Abadkənd, Sarvan, Kürqaraqaşlı kəndlərinə “mavi yanacaq” verilib, Dayıkənd yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılıb. Hazırda daha 6 kəndin qazlaşdırılması davam etdirilir. Ağcabədi rayonunun isə təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Təzəkənd kəndi də əlavə olunub. 623 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min 337 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri kəndə qaz verilməsi münasibətilə təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bundan başqa, fevralın 19-da Zərdab rayonunun Birinci Əlicanlı və İkinci Əlicanlı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Ümumilikdə 327 abonenti olan iki kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 36 min 357 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Fevralın 23-də isə Cəlilabad rayonunun Əliqasımlı kəndinə ilk dəfə təbii qaz verilib. 501 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 min 705 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Eyni zamanda, Neftçalanın yaşayış məntəqələrinin qazlaşdırılması layihəsi çərçivəsində Yuxarı Qaramanlı kəndinə də “mavi yanacaq” verilib. 430 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3,7 kilometr uzunluğunda polietilen və 30,6 kilometr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Ümumilikdə, ötən il “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 13 kəndi təbii qazla təmin olunub. Hazırda 8 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, qazlaşdırma prosesi çərçivəsində Sabirabad rayonunun da qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. İndiyədək rayonun 74 yaşayış məntəqəsindən 48-i qazlaşdırılıb. Onların sırasına 3 min 112 nəfər əhalinin yaşadığı Nizami kəndi də əlavə olunub. 596 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7571 metr təşkil edən polietilen və 45474 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 596 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Ümumilikdə, ötən il rayonun 18 kəndinə “mavi yanacaq” verilib. Hazırda 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi davam etdirilir və işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri də təbii qazdan istifadə edəcək. Cari ilin sonuna kimi rayonun bütün qəsəbə və kəndləri qazlaşdırılacaq. Bərdə rayonunun isə təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Xəsili, Köbərkənd və Qazaxlar kəndləri də daxil edilib. Ümumilikdə, 775 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 960 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Beləliklə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir və davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 27 fevral.- S.8