Naxçıvanda Xocalı
soyqırımının 24-cü ildönümü
ehtiramla yad edilib
Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad edib, soyqırımı abidəsinin önünə gül qoyublar.
Tədbirin aparıcıları qeyd ediblər ki, erməni millətçiləri Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş Sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı Xocalı şəhərinə basqın edib. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilib. Bir gündə 613 nəfər işgəncə ilə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər əlil olub. 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb. Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilib, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman verilməyib, bir gecədə şəhər yer üzündən silinib.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti Ümummilli liderimiz Heydər Əliyev verib, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı ölkəmizdə “Xocalı Soyqırımı Günü” elan olunub. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibliyindən danışaraq demişdir: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.
Ulu öndərimizin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Ölkə rəhbəri Xocalı soyqırımı barədə deyib: “Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq”.
Tədbirdə vurğulanıb ki, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın törətdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində sistemli iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Bu gün yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul ediblər. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib.
Xocalı harayı, Xocalı fəryadı ürəklərdə qanayan yaradır. Bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Peru, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Honduras, Sudan, Sloveniya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb, Rumıniya, Kanada və İordaniya parlamentləri bu barədə xüsusi bəyanat qəbul ediblər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 21 ştatının qanunverici orqanı da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarıb. Uzaq Amerika qitəsində, Asiyada, Avropada, ümumiyyətlə, dünyanın hər tərəfində Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.
Bildirilib ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız işğal olunmuş torpaqlarımızda - Şuşada, Xankəndidə dalğalanacaqdır.
Bu gün gur səslə
deyir
anam Azərbaycanım:
Döyüş əmri ver mənə,
Ali Baş Komandanım!
Yolum oddan-alovdan,
yolum qandan keçsə də,
Məhv
etmək istəyirəm
o,
mənfur düşmənimi.
Bu ana torpağıma
qoy qurban olsun canım,
Döyüş əmri ver mənə,
Ali Baş Komandanım!
Hər bir oğul bu
yurdun
vuran şah damarıdır,
Vətən yoxsa, biz nəyik?
- Quru torpaq, quru
daş...
Səngərlərdə qurd kimi
marıqda dayanmasaq,
Bu yurda nə oğuluq,
nə əsgər, nə vətəndaş?!
Vətəndir canım-gözüm,
odur şərəfim,
şanım,
Döyüş əmri ver mənə,
Ali Baş Komandanım!
Qana-qandır bax bu gün
mənim andım,
şüarım,
Qanımı şərbət kimi
içsin Vətən
torpağı.
Bir milyon oğlu,
qızı şəhid
olsa da belə
Dalğalansın Şuşamda
Azərbaycan bayrağı.
Qələbədir son andım -
odur dinim, imanım,
Döyüş əmri ver mənə,
Ali Baş Komandanım!
Muxtar respublikanın rayon mərkəzlərində də Xocalı
soyqırımının 24-cü ildönümü
ilə bağlı tədbirlər keçirilib,
soyqırımına məruz qalan
xocalılıların xatirəsi ehtiramla yad edilib.
Yeni Azərbaycan.-
2016.- 27 fevral.- S.5.