Azərbaycan dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biridir

 

Prezident İlham Əliyev: ...Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik

Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb və iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq. Son illərdə Azərbaycanda da gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Xüsusilə də qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafının prioritetliliyindən söhbət açarkən respublikamızda turizm sektorunun inkişaf perspektivlərini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, ölkəmizdə turizmin inkişafı daha sürətlə getməlidir. Turizmin inkişafının həm respublikanın tanınması, həm də ölkəyə daha çox valyuta daxil olması baxımından əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər”.

Azərbaycan kimi gözəl ölkə üçün turizm dayanıqlı gəlir mənbəyidir

Son vaxtlar dünyada müşahidə edilən bir sıra arzuolunmaz proseslər, o cümlədən də neft-qaz resurslarının qlobal miqyasda manipulyasiya predmetinə çevrilməsi ölkələri yeni iqtisadi inkişaf hədəfləri müəyyənləşdirməyə sövq edib. Bir daha bəlli oldu ki, neft, qaz, digər təbii ehtiyatlar ölkələr üçün yeganə inkişaf mənbəyi sayıla bilməz, mütləq alternativ və daha etibarlı istiqamətlərə üz tutulmalıdır. Ayrı-ayrı ölkələrin timsalında aydın olur ki, turizm sektoru məhz belə etibarlı və davamlı gəlir mənbəyidir. Dünyanın bir sıra ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamızda turizmin inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən il Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında hər bir ölkə, o cümlədən də gözəl təbiətə malik Azərbaycan üçün turizm sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.

Həyata keçirilən tədbirlər və yaradılan mükəmməl infrastruktur ölkənin turist cəlbediciliyini artırır

Təbii-coğrafi amillərlə yanaşı, son illərdə görülən bir sıra məqsədyönlü işlər də ölkəmizin turizm cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, respublikamızda turizmin inkişafı dövlət tərəfindən güclü şəkildə dəstəklənir. Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkədə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” müvafiq Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.

Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Şübhə yoxdur ki, haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərəcək. Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək tapşırılıb.

Azərbaycanın regionlarının turist cəlbediciliyinin artmasında həmçinin bütün turist marşrutları üzrə yaradılan mükəmməl infrastruktur da mühüm rol oynayır. Respublikamızda turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına böyük diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Prezident İlham Əliyev “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında ölkədə turizmin inkişafı üçün əlverişli infrastruktur təminatı yaradıldığından bəhs edərək deyib: “Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim, bəlkə də, ən böyük sərvətimizdir. Ona görə, bax, bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.

Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Hazırda Azərbaycanda “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt” kimi dünyada məşhur olan brend hotellər fəaliyyət göstərir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət siyasəti bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Diqqəti çəkən əsas məqamlardan bir ondan ibarətdir ki, ölkəmizdə turizm sektorunun inkişafına xidmət edən zəruri infrastrukturun yaradılmasına dövlət tərəfindən böyük məbləğdə investisiyalar yönəldilir. Prezident İlham Əliyev 2015-ci ilin yanvar ayında “Şahdağ” qış-yay turizm kompleksində daha bir yeni turizm obyektinin - “Park Chalet” hotelinin açılış mərasimindəki çıxışında Azərbaycanın turizm sahəsində dövlət siyasətinin prioritetlərini bir daha nəzərə çatdırıb: “Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə, öz növbəsində, investisiyaları təşkil edir”.

Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Bu uğur Azərbaycanın özünü turizm ölkəsi kimi təsdiqləməsinin, qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın turizm potensialının təbliğinə geniş imkanlar açır.

Dünya səviyyəli istirahət mərkəzlərinin, kurortların yaradılması qürurverici haldır

Əlamətdar haldır ki, qısa müstəqillik tarixində Azərbaycanda yüksək səviyyəli istirahət mərkəzləri və müalicəvi kurortlar yaratmaq mümkün olub. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində ölkəmizdə zəruri turistyerləşdirmə obyektlərinin yaradılmasından məmnunluğunu ifadə edərək indi Azərbaycanın dünya səviyyəli kurortlarının olduğunu xüsusi vurğulayıb: “Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var - Şahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır”.

Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqini əhəmiyyətli dərəcədə yüksəldib. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi mərhələli şəkildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur qurulub, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb.

Son illərdə Azərbaycanda turizmin yüksək sürətlə inkişaf edən istiqamətləri arasında müalicə-kurort turizminin inkişafını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın məşhur müalicəvi kurortlarından biri Naftalandır. Naftalanda çıxarılan xüsusi tərkibli neft müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Kompleksin urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinikası İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunub. Burada ən müasir tibbi avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılır.

“Qalaaltı” müalicə-istirahət kompleksində böyrək, öd kisəsi və digər xəstəliklərdən əziyyət çəkənlər şəfa tapırlar. Ötən ilin yayında istifadəyə verilən kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.

Naxçıvan möcüzəsi sayılan Duzdağın da şöhrəti getdikcə artır. Burada 1979-cu ildən Naxçıvan Respublika Fizioterapiya Xəstəxanası fəaliyyət göstərir. Naxçıvan Fizioterapiya Xəstəxanasında spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeyd olunur.

Turizmin inkişafı üçün vacib olan amillərdən biri də ölkənin tanıdılmasıdır

Turizmin inkişafı üçün zəruri olan amillər sırasında ölkənin tanıdılması mühüm əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan həqiqətlərinin, xalqımızın malik olduğu yüksək dəyərlərin dünyada təbliğ olunması məqsədilə istər dövlət səviyyəsində, istərsə də Heydər Əliyev Fondu tərəfindən görülən işlər təqdirəlayiqdir. Bu məqsədlə xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçirilir. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Ötən ilin yayında Azərbaycan dünyanın 50-dən çox ölkəsindən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Eyni zamanda, cari il iyunun 17-19-da Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışları bütün dünyada böyük maraqla izlənildi. 2017-ci ildə isə respublikamızda İslam Həmrəylik Oyunları keçiriləcək. Bundan başqa, son illərdə respublikamız bir sıra mötəbər beynəlxalq forumların keçirildiyi məkana çevrilib. Bütün bu kimi tədbirlər isə Azərbaycanın dünyada tanınmasına, imicinin yüksəlməsinə və turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Prezident İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışındakı çıxışında “Formula-1” Avropa Qran-prisini ölkəmizin turizm imkanlarını dünyaya təqdim etmək üçün ən yaxşı vasitə kimi səciyyələndirərək vurğulayıb: “Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.

Prezident İlham Əliyevin Azərbaycanın turist cəlbediciliyini artırmaq üçün gündəmə gətirdiyi vacib məsələlərdən biri də zəngin mədəniyyətimizin layiqincə təbliği ilə bağlıdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə turizmin inkişafı məqsədilə turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib: “Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir”.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 1 iyul.- S.7