Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib

 

Prezident İlham Əliyev: Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır

Son illərdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Hazırda ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan, eyni zamanda, gələcək inkişaf paradiqmalarını məhz müasir dövrün yeni çağırışlarına uyğun müəyyənləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir”.

Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev bildirib ki, bərpa olunanalternativ enerji mənbələrinin yaradılması Azərbaycanda prioritet istiqamət kimi qiymətləndirilir.

Dövlət başçısının müvafiq Sərəncamı ilə 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Prezident İlham Əliyev dövlət səviyyəli müxtəlif tədbirlərdə söylədiyi nitqlərində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasının genişləndirilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.

2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə yeni layihələrin həyata keçirilməsini sürətləndirib. 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk külək elektrik stansiyasının işə salınması bunun əyani nümunəsidir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu, ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin təcəssümüdür. Prezident İlham Əliyev mərkəzin açılışında söylədiyi nitqində bunu əhəmiyyətli hadisə kimi dəyərləndirərək pilot layihənin gələcəkdə başqa regionlarda da reallaşdırılacağının mümkünlüyünü nəzərə çatdırıb: Biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik”.

Azərbaycanın əlverişli coğrafi mövqeyi alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadəyə imkan verir

Azərbaycanın əlverişli coğrafi mövqeyi alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Respublikamızda bərpa olunanalternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Bu və digər amillər də ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə olunmasının dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilməsini şərtləndirir. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə qəbul edilən Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirməkdən, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdən, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə yerlərinin açılmasını təmin etməkdən, alternativ enerji mənbələrinin hesabına respublikanın enerji gücünün artırılması və bununla ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdan ibarətdir. Dövlət Proqramına uyğun olaraq özəl investisiya mənbələrinin də bu sahəyə cəlb edilməsi istiqamətində işlər görülür. Bu investisiyalar hesabına alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə edilərək ölkənin elektrik enerjisi sisteminin gücləndirilməsi təmin olunacaq.

Dünya üzrə alternativ enerjidən istifadə: göstəricilər nəyi ifadə edir?

Ümumiyyətlə, bütün dünyada geniş istifadə olunan ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitin çirklənməsi alternativ, yaxud bərpa olunan enerji mənbələrindən istifadə məsələsinin aktuallığını artırır. Müasir dövrdə bir sıra inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin geniş istifadəsi həyata keçirilir.

Bərpa olunan alternativ enerji mənbələri dedikdə, qeyd etdiyimiz kimi, əsasən günəş və külək enerjisi, axar sular, termal sular, qabarma və çəkilmə, eləcə də biokütlə enerjisi başa düşülür. Alternativ enerji mənbələrindən daha çox elektrik enerjisinin alınması üçün istifadə olunur. Dünya əhalisinin sayının artması, tükənən enerji mənbələrindən, xüsusən də karbohidrogen resurslarından istifadənin genişlənməsi ilə əlaqədar ənənəvi enerji mənbələrinin yaxın onilliklərdə hiss olunacaq dərəcədə azalması gözlənilir. Digər tərəfdən, bəzi ekspertlərin fikrincə, ənənəvi enerji mənbələrindən istifadə nəticəsində yaranan tullantılar atmosferdə qarşısıalınmaz proseslərə gətirib çıxara, qlobal iqlimin istiləşməsinə və onun gətirə biləcəyi fəsadlara təkan verə bilər. Bu və digər amillər dünyada alternativ enerji mənbələrindən istifadə təcrübəsinin son illərdə genişlənməsinə səbəb olub. “XXI əsrdə bərpa olunan enerji siyasəti şəbəkəsi”nin ekspertlər qrupunun hazırladığı hesabata əsasən, son 3 ildə dünyada istehlak olunan elektrik enerjisinin 25 faizə qədəri bərpa olunan enerjinin payına düşür.

Bərpa olunan ehtiyatlardan topladığı enerjinin həcminə görə ilk beşlikdə ardıcıl olaraq Çin, ABŞ, Braziliya, AlmaniyaKanada dayanır. Qeyri-su mənşəli alternativ mənbələrdən toplanan enerjiyə görə isə ilk beşlikdə ardıcıl olaraq Çin, ABŞ, Almaniya, İtaliyaİspaniya yer alır. Həmçinin qeyri-su mənşəli alternativ mənbələrdən hasil olunan enerjinin adambaşına düşən payına görə isə Danimarka, Almaniya, İsveç, İspaniyaPortuqaliya ilk beşliyi təşkil edir.

Dünyada su elektrik stansiyalarının geniş yayılması və xüsusən də çayların enerjisindən geniş istifadə səbəbilə bərpa olunan enerji mənbələri dedikdə, daha çox günəş və külək enerjisindən yararlanma nəzərdə tutulur. Bu iki sahəyə investisiya qoyuluşu sürətlə artmaqdadır.

Son 10 ildə dünyada günəş enerjisindən istifadə 50 dəfəyə qədər artıb. Bu məqsədlə istifadə olunan qurğular əsasən Çin, YaponiyaABŞ-da istehsal və istifadə olunur. Külək enerjisindən istifadə isə son 10 ildə 10 dəfəyə yaxın artıb. Bu sahədə ilk yerlərdə Çin, Almaniya və ABŞ dayansa da, Braziliya, Kanada, Britaniya, Türkiyə də ilk onluqda yer alır. İndoneziya, Monqolustan, Pakistanbir sıra Şərqi Asiya ölkələri külək enerjisindən istifadə üzrə öz bazarlarını formalaşdırmaqdadırlar.

Azərbaycanın zəngin bərpa olunan enerji mənbələri mövcuddur

Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsindən böyük fayda götürülməsi üçün geniş potensial mövcuddur. Respublikamızın təbii iqlim şəraiti tükənməz alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə etməklə elektrikistilik enerjisinin istehsalını artırmağa imkan verir. Hesablamalara görə, ölkədə günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Müqayisə üçün bildirək ki, ABŞ-daOrta Asiya ölkələrində bu göstərici 2500-3000, Rusiyada isə 500-2000 saatdır. İl ərzində yer səthinə düşən günəş şüalarının miqdarına görə də Azərbaycanda günəş enerjisinin istifadəsi effektiv hesab olunur. Günəş enerjisindən istifadə Azərbaycanın bir çox regionlarının elektrik enerjisi ilə təminatında təsirli rol oynaya bilər.

Azərbaycanın coğrafi-iqlim şəraiti bir çox rayonlarda külək enerjisi qurğularının tətbiqinin böyük perspektivləri olduğunu deməyə əsas verir. Araşdırmalar göstərir ki, Azərbaycan illik 800 MVt-a yaxın külək enerjisi ehtiyatına malikdir. Hesablamalara görə, bu ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə öz növbəsində, ildə bir milyon ton şərti yanacağa qənaət, habelə ətraf mühitin külli miqdarda tullantılarla çirkləndirilməsinin qarşısının xeyli dərəcədə alınması deməkdir. Öz maya dəyərinə görə digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gələn külək enerjisi qurğularının yerləşdirilməsi üçün ən münasib bölgələr Abşeron yarımadası, Xəzər dənizi sahili zolağında və hövzənin şimal-qərb hissəsində yerləşən adalar hesab olunur. Abşeron yarımadasında uzunmüddətli küləyin orta sürəti 6 metr/saniyədən artıqdır ki, bu da küləyin enerjisindən geniş şəkildə yararlanmağa imkan verir. Nisbətən az küləkli olmasına baxmayaraq, Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində də külək elektrik qurğularından istifadə etmək mümkündür.

Elektrik enerjisinin istehsalında istilik elektrik qurğuları ilə müqayisədə su elektrik stansiyaları ekoloji cəhətdən əlverişliliyi ilə fərqlənir. Qeyd edək ki, respublikada ümumi enerji sistemində SES-lərin istehsal gücünün ümumi çəkisi 17,8 faiz təşkil edir. Hidroenergetika ehtiyatlarının, başqa sözlə, su enerjisinin mənimsənilməsinə əsaslanan kiçik SES-lərin sayının artırılması iqtisadi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda saatda 6300 MVt elektrik enerjisi istehsal olunur ki, bunun da böyük hissəsi SES-lərin payına düşür. Azərbaycanda SES-lərdən istifadə sahəsi üzrə xeyli inkişaf və irəliləyiş əldə olunub.

Bundan əlavə, digər enerji mənbələri qismində biokütlə və termal enerjidən də istifadə edilməsi mümkündür. Əsas etibarilə, yanma qabiliyyəti olan sənaye, ağac emalı, kənd təsərrüfatı məhsulları, üzvi birləşmələrin, məişət və kommunal sahələrin tullantılarından ibarət olan biokütlənın yandırılmasından alınan enerjinin binaların, məktəblərin qızdırılmasında istifadəsi təcrübəsindən bir sıra ölkələrdə istifadə edilir. Azərbaycanın termal sularla zəngin olan BöyükKiçik Qafqaz dağları, Abşeron yarımadası, Kür çökəkliyi ərazilərində geotermal enerji mənbələrinin istifadəyə cəlb edilməsilə məişət və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsinin təmin edilməsi mümkündür.

Alternativ enerjidən istifadə üzrə ardıcıl işlər görülüb

Alternativ enerji mənbələrinin bir çoxu üzrə Azərbaycanda ekoloji mühitə zərər vermədən enerji hasilatı mümkündür. Bu məqsədlə Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq olunub. Qeyd etdiyimiz kimi, bu proqramda elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi, Azərbaycanda alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi kimi vəzifələr qarşıya qoyulub. Alternativ enerji mənbələrindən istifadə prosesinin daha səmərəli və sürətlə aparılması üçün dövlət başçısının Fərmanı ilə 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılıb. Bununla belə, sözügedən dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə özəl investisiya mənbələrinin cəlb olunması da münasib addım hesab olunur.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin bir qismi konkret müddətləri əhatə etsə də, bəzi tədbirlər mütəmadi qaydada həyata keçirilir. Həmin tədbirlərə bərpa olunan enerji mənbələrindən istifadə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması, ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması və payız-qış mövsümlərində kənd təsərrüfatı məhsullarının istehsalı üzrə istixanaların qızdırılmasında geotermal su mənbələrindən istifadə edilməsi daxildir. Bu tədbirlərin həyata keçirilməsi üçün ABOEMDA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər müvafiq dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyəti təmin edilir.

Bərpa olunan enerjinin inkişafını təmin etmək üçün ABOEMDA alternativ və bərpa olunan enerji mənbələri üzrə təcrübi hibrid poliqonunu inkişaf etdirməkdədir. Bundan əlavə, külək və günəş enerjisindən istifadənin genişləndirilməsi məqsədilə beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində qarşıdakı illərdə bir sıra layihələrin reallaşdırılması da nəzərdə tutulub.

Prezident İlham Əliyevin 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında imzaladığı Sərəncamda deyilir ki, müasir dövrdə enerji resurslarına tələbatın daim artması, enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər, dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə genişlənməsi regionalqlobal enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolunu əhəmiyyətli dərəcədə artırır.

Ümumiyyətlə, dövlətin bu sahəyə diqqətini nəzərə alsaq, yaxın gələcəkdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadə sahəsində mühüm praktik nəticələrin əldə olunacağını söyləmək mümkündür.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2016.- 2 iyun.- S.1-2