Dövlət
proqramlarının uğurlu icrası kənd
təsərrüfatının ayrı-ayrı sahələrinin
inkışafına da təkan verib
Respublikamızda
baramaçılığın inkişafı istiqamətində
atılan addımlar müsbət nəticələr verməkdədir
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə iri şəhərdə cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.
Bir sözlə, tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Əgər bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdisə, həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Müasir standartlar səviyyəsində qurulan aqrar-sənaye komplekslərində buraxılan məhsullar respublikamızın qeyri-neft məhsulları ixracının əsasını təşkil edir. O da əlamətdar haldır ki, ölkəmizin regionlarında buraxılan kənd təsərrüfatı məhsulları yüksək keyfiyyəti ilə fərqlənir və onlara xarici bazarlarda böyük tələbat var. Qarşıya isə regionlarda buraxılan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını yeni ixrac bazarlarına çıxartmaq vəzifəsi qoyulub.
Beləliklə, ölkəmizin bölgələrində geniş potensiala malik aqrar sektorun üstün inkişafına hər cür maliyyə və texniki dəstək verilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Regionlarda aqrar sektora hərtərəfli dəstək verilməsi, öz növbəsində, bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib.
Bu istiqamətdə baramaçılığın inkişafı üçün atılan addımları da xüsusi qeyd etmək yerinə düşər. Bu da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixrac tutumlu məhsul istehsalının genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən biri də baramaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Beləliklə, regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilir. Çindən və İrandan gətirilən barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilib. Çin Xalq Respublikasından gətirilən 800 qutu və İran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Aprelin 27-də stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub.
Eyni zamanda, ötən ilədək bir kiloqram yaş baramanın qiyməti 3 manat idisə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarından sonra cari ildən etibarən 1 kiloqram yaş baramanın tədarük qiyməti 8 manata qaldırılıb. Bu isə o deməkdir ki, baramaçılıqla məşğul olan ailələr çox qısa müddətdə - cəmi 40 gün ərzində böyük gəlir əldə etmək imkanı qazanırlar. Bu addımlar da öz müsbət bəhrəsini verib. Verilən məlumatlara görə, respublikanın baramaçılıq ənənələrinə malik Ağcabədi, Ağdaş, Bərdə, Sabirabad, İmişli, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdam, Ağstafa, Balakən, Ağsu, Tərtər, Qax, Qazax, Şəki, Şəmkir, Tovuz, Füzuli və İsmayıllı rayonlarında tut ipəkqurdlarının bəslənilməsi istiqamətində intensiv işlər görülüb. Bunu ayrı-ayrı rayonların timsalında əldə edilən nəticələr də təsdiqləyir.
Daha dəqiq desək, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə Ağdaş fermerləri də həvəslə qoşulublar. Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən Ağdaş kümçüləri barama tədarükünü uğurla başa çatdırıblar. Kümçülərin yetişdirdikləri məhsul əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən öz evlərində qəbul edilib.
Ağdaş rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən verilən məlumata görə, uzun fasilədən sonra 2016-cı ildə rayonun 25 yaşayış məntəqəsində baramaçılığın inkişafı üçün tədbirlər görülüb. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu Ağdaşa gətirilərək 34 kümçüyə paylanılıb. Kəndlilər keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilib. Kümçülər çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razıdırlar.
Rayon kümçüləri 2027 kiloqram barama tədarük edərək “Şəki İpək” ASC-nin nümayəndəsinə təhvil veriblər. Kümçülər gələn il daha çox barama istehsal etmək üçün bu ilin payız aylarında boş torpaqlarda tut bağlarının genişləndirilməsi üçün tədbirlər görəcəklər.
Uzun fasilədən sonra bu il Ağstafada 574 qram ipəkqurdu bəslənilib. On altı kümçü tərəfindən yetişdirilən barama hazırda “Şəki ipək” ASC-yə satılır. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, 2000 kiloqram barama təhvil verilib.
Zaqatalada da barama tədarükü artıq yekunlaşmaq üzrədir. Kümçülər bu günədək “Şəki İpək” ASC-yə 5930 kiloqram barama təhvil veriblər. Barama istehsalı ilə bağlı cari il üçün nəzərdə tutulan plana artıqlaması ilə əməl edilib.
Eyni zamanda, Zərdab rayonunda barama tədarükü başa çatıb. Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, bu mövsümdə 75 nəfər kümçü tərəfindən 150 qutu ipəkqurdu yetişdirilib. Qabaqcadan bağlanan müqaviləyə əsasən, kümçülər əldə etdikləri 5 ton 710 kiloqram keyfiyyətli məhsulu “Şəki İpək” ASC-yə təhvil veriblər.
Qeyd edək ki, istehsal edilən yüksək keyfiyyətli məhsul yerlərdə ASC-nin nümayəndələri tərəfindən qəbul olunub və hər kiloqram üçün baramaçılara 8 manat pul ödənilib. Rayonun təcrübəli kümçüləri, o cümlədən Bıçaqçı kəndindən Abbasəli Hacıyev, Otmanobadan Böyükkişi Mürsəlov, Dəkkəobadan Əlyusif Əliyev daha çox və keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Gələn il kümçülər bu mövsümdəkindən bir neçə dəfə çox ipəkqurdu yetişdirmək əzmindədirlər.
Kürdəmir rayonunda isə 46 kümçü tərəfindən 80 qutu ipəkqurdu yetişdirilib. Qabaqcadan bağlanan müqaviləyə əsasən, kümçülərin əldə etdikləri 3578 kiloqram keyfiyyətli barama “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən yerindəcə alınıb və hər kiloqram üçün 8 manat pul ödənilib.
Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, Kürdəmirdə ənənəvi sahə olan baramaçılığın inkişafı prioritet məsələyə çevrilib. Hazırda ipəkqurdları üçün kifayət qədər yem bazasının yaradılması diqqət mərkəzindədir. Bu məqsədlə qarşıdakı payızda 15 mindən çox tut ağacının əkilməsi, yeni bağların salınması nəzərdə tutulub.
Ucar rayonunda cari mövsümdə 40 qutu ipəkqurdu bəslənilib və 1485,4 kiloqram məhsul götürülüb. Qabaqcadan bağlanan müqaviləyə əsasən, barama “Şəki İpək” ASC tərəfindən yerindəcə qəbul edilib və hər kiloqramına 8 manat pul ödənilib. Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, vaxtilə kənd təsərrüfatında ənənəvi sahə olan və uzun illər unudulan baramaçılığa maraq yenidən artmaqdadır. Gələn il ipəkqurdu bəsləyənlərin sayının 2-3 dəfə çox olacağı gözlənilir.
Cari mövsümdə keyfiyyətli barama istehsalına nail olan təcrübəli kümçülər - Boyat kəndindən Elsevər Rəhimov, Yuxarı Şilyandan Əlmir Hətəmov, Küçəkənddən Akif İbrahimov və başqaları gələn il daha çox ipəkqurdu bəsləmək üçün indidən hazırlıq işlərinə başlayıblar. Qarşıdakı payızda yeni tut bağlarının salınması planlaşdırılır.
Uzun fasilədən sonra bu il Yevlax rayonunun 12 yaşayış məntəqəsində 40 qutu ipəkqurdu yetişdirilib. Yevlax şəhər İcra Hakimiyyətindən bildiriblər ki, barama tədarükünü başa çatdıran yevlaxlı kümçülər 1820 kiloqram məhsul götürüblər. Qabaqcadan bağlanan müqaviləyə əsasən, barama “Şəki İpək” ASC tərəfindən yerindəcə qəbul edilib və hər kiloqramına 8 manat pul ödənilib. Qeyd edək ki, Yevlax rayonunda gələcəkdə barama istehsalının artırılması üçün əlavə olaraq 93 min ədədə yaxın çəkil ağacının əkilməsi nəzərdə tutulur.
Beləliklə, görünən odur ki, baramaçılığın inkişafı istiqamətində atılan addımlar nəticəsiz qalmayıb. Daha doğrusu, kənd təsərrüfatı naziri Heydər Əsədovun dediyi kimi, baramaçılıqda nəzərdə tutduğumuz hədəfə, demək olar ki, tam nail olduq. Oğuzda jurnalistlərə müsahibəsində “bu il üçün hədəfimiz 70-72 ton yaş barama istehsal etmək olub”, - deyən nazirin sözlərinə görə, iyunun 23-nə olan məlumata əsasən, 69,7 ton yaş barama təhvil verilib və kümçülərə vəsait tam ödənilib: “Bundan sonra da bir neçə ton barama tədarük ediləcəyini gözləyirik. Sevindirici haldır ki, insanlar bu sahəyə böyük maraq göstərirlər. Baramaçılığı inkişaf etdirmək üçün gələn il daha genişmiqyaslı tədbirlər həyata keçirməyi planlaşdırırıq”.
Nadir AZƏRİ
Yeni azərbaycan.-
2016.- 5 iyul.- S.8