Azərbaycan öz milli, dini dəyərlərinə
hər zaman sadiqdir
Prezident İlham Əliyev: Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil
Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, fərqli zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir.
Bunlarla yanaşı, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud dəyərlərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib. İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edilib ki, İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır: “Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Azərbaycanda vicdan azadlığı təmin edilib
Onu da qeyd etmək lazımdır ki, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu faktlar təsdiqləyir. Belə ki, son 12 il ərzində respublikamızda 250-yə qədər məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Gəncədəki İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilib. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq dini abidələrin bərpasına, həmçinin yeni məscidlərin inşasına böyük diqqət göstərilir.
Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi isə respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır. Bu, ölkəmizin gücünü, inkişaf dinamikasını göstərməklə yanaşı, həm də Azərbaycanın öz milli, dini ənənələrinə möhkəm bağlı olduğunu təsdiqləyir.
Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Bununla yanaşı, qeyd etdiyimiz kimi, Azərbaycan dinlər və sivilizasiyalararası dialoqun təşviqində, inkişafında müstəsna rol oynayır və dövlət tərəfindən bu istiqamətdə görülən işlər təqdir edilir. Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Dini, milli və mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət yetirilir
Eyni zamanda, Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir: “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.
Bütün bunlara paralel olaraq xalqımız öz adət-ənənələrində, həyat tərzində dünyəvi və milli-mənəvi dəyərlərlə yanaşı, İslam dini dəyərlərini də yaşadır, mühafizə edir. Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz öz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik və bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti”.
Prezident İlham Əliyev həmçinin milli-mənəvi dəyərlərimizin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əhəmiyyətini vurğulayaraq deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
Paralel olaraq onu da qeyd edək ki, Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Dövlətimizin başçısı qeyd edib ki, bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz, sadəcə olaraq, memarlıq abidələri deyil: “Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır...”
Azərbaycan dünyaya yeni tolerantlıq və multikulturalizm modeli bəxş edib
Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərisə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır...”.
Ümumiyyətlə, müasir beynəlxalq
münasibətlər sisteminin əsas tendensiyaları,
hazırkı beynəlxalq durum deməyə əsas verir ki,
multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər,
sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus
töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar
öz mədəniyyətləri və mənəvi dəyərlərini
inteqrasiya etdirir, mövcud mədəni sərvətlər
sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər
kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə
olaraq özünütəcrid mövqeyi seçən xalqlar və
dövlətlər nəinki inteqrasiya prosesindən kənarda
qalırlar, eyni zamanda, bəşəri dəyər və
normalardan təcrid olunurlar. Prezident İlham Əliyev bu məsələylə
əlaqədar bildirib ki, multikulturalizmin müasir dünyada
alternativi yoxdur: “Çünki dünya ölkələrinin
mütləq əksəriyyəti çoxmillətli ölkələrdir.
Əgər
multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola
bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır,
islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli
meyillərə qarşı öz səsimizi
ucaltmalıyıq. Əlbəttə ki,
bunu, ilk növbədə, dövlətlər etməlidirlər.
Amma, eyni zamanda, dövlətlərin bu siyasətini
böyük dərəcədə hər bir cəmiyyətin
siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən
edir... Biz Azərbaycanda
çalışırıq ki, yaşadığımız
bölgədə regional əməkdaşlıq inkişaf
etsin, millətlərarası münasibətlər daha da
yaxşılaşsın, dinlərarası dialoq güclənsin.
Bizim imkanımız var. Çünki bizim
keçmişimiz, dediyim kimi, imkan verir ki, bu məsələlərə
böyük diqqətlə yanaşaq. Biz
bu məsələləri bilirik. Çünki həm Azərbaycan
özü çoxmillətli, çoxkonfessiyalı ölkədir,
həm də keçmişdə müxtəlif dinlərin
nümayəndələri Azərbaycanda birgə
yaşamışdır... Biz istəyirik ki, daha
da çox əməkdaşlıq, qarşılıqlı
anlaşma olsun. Biz bundan sonra da öz
rolumuzu bunda görürük”.
Bir sözlə, xalqların daim tolerantlıq şəraitində
və təhlükəsizlik mühitində
yaşadığı Azərbaycan ayrı-ayrı dinlərin,
millətlər və toplumların inteqrasiyasında müstəsna
rol oynayıb.
Dövlətimizin başçısının
vurğuladığı kimi, biz Azərbaycan olaraq ölkələr
arasındakı əlaqələrin inkişafı
üçün humanitar aspektlərə daim böyük diqqət
göstərmişik: “Çünki bizim tarixi
keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda
çoxkonfessiyalı, çoxmillətli cəmiyyət
formalaşıb, mövcuddur və müstəqillik
dövründə bu müsbət meyillər daha da gücləndi.
Azərbaycanda bütün xalqlar dostluq,
mehribanlıq şəraitində, bir ailə kimi
yaşayır. Heç vaxt Azərbaycanda
dini, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir.
Çünki hər bir ölkənin
gücünü, əlbəttə ki, bir neçə amil
müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni
zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam
mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi
çox müsbətdir və biz öz işimizlə
dünyada gedən proseslərə müsbət töhfəmizi
veririk”.
Beləliklə, dünya miqyasında multikultural dəyərlərin
ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə
Azərbaycan özünü bütün mədəniyyətlərə
və dinlərə tolerant ölkə kimi təsdiqləyir. Azərbaycan
öz üstünlüyünü ölkənin çoxmədəniyyətli
və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin
bərpasına dövlət vəsaiti ayrıldığı
kimi, digər dinlərlə bağlı abidələrə də
eyni yanaşma tətbiq olunur. Ölkəmizdə
dövlət, həmçinin rus pravoslav, katolik, alban kilsələrinin
tikintisinə və bərpasına da öz dəstəyini
göstərir.
Azərbaycanın
ən böyük məscidində sünni və şiə
müsəlmanların vəhdət namazı qılması cəmiyyət
daxilindəki birlik və ahəngdarlığı
nümayiş etdirdi
Nəticə etibarilə, Azərbaycanda dini etiqad və
vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə
çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir,
hər kəsin dini ayinləri sərbəst şəkildə
yerinə yetirməsi üçün zəruri şərait təmin
olunub. Eyni zamanda, müxtəlif dinlərə mənsub
şəxslərin ibadəti üçün yaradılan
şərait yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu istiqamətdə
görülən tədbirlər ardıcıl səciyyə
daşıyır. “Çoxqütblü dünyaya
doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi
açılışındakı çıxışı
zamanı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Ötən ay biz
müsəlman dünyasının ən müqəddəs məkanlarından
olan İmamzadə Dini-Tarixi Kompleksinin yenidənqurma və bərpadan
sonra açılışında iştirak etdik. Yeri gəlmişkən, bu kompleks Gəncədə,
Nizami Gəncəvinin vətənində yerləşir.
Azərbaycan xalqı bu abidəni VIII əsrdən
bəri qoruyur. Ərazidə yeni məscid
də inşa edilmişdir və mən Azərbaycanın
müxtəlif bölgələrindən olan insanları ora dəvət
etmişdim. Orada mənimlə
yanaşı çıxış edənlərin arasında
Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri
olmuşlar - Azərbaycan müsəlmanlarının, Azərbaycanın
Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın
Katolik kilsəsinin rəhbərləri. Onlar
bu tədbirdə yalnız iştirak etməmiş, həm
çıxış etmiş və həm də yeni inşa
edilmiş məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub.
Bu, bizim cəmiyyətimizə, xalqımıza və
dünyaya olan mesajımızdır”.
Prezident
İlham Əliyev əlavə edib ki, bir neçə ay bundan
öncə Azərbaycanın ən böyük məscidində
sünni və şiə müsəlmanlar bir yerdə namaz
qılmışlar və bunu vəhdət namazı
adlandırmışlar: “Bu da bir daha real vəziyyəti əks
etdirir. Burada nə müsəlman icması
daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə
fərq qoyulmur. Bu, Azərbaycan
reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir
və uğurlu inkişafımızın zəmanətidir.
Çünki bu konsensus, bu birlik olmadan biz
uğur əldə edə bilmərik. Biz
daha da böyük nailiyyətlər əldə etməkdə,
ölkəmizi müasirləşdirməkdə davam etmək
istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm
kimi birgə dəyərlərə əsaslanaraq nail ola bilərik”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni azərbaycan.-
2016.- 6 iyun.- S.8