14 İYUL -
BÖYÜK İNKİŞAF YOLUNUN BAŞLANĞICI
Ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
gəlişinin 47 ili tamam
olur
Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.
Öncə isə onu vurğulamaq lazımdır ki, Ulu öndər Heydər Əliyev təkcə müstəqillik illərində deyil, eyni zamanda, Sovet dövründə də milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ümummilli liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada ilk olaraq Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.
Azərbaycan tarixinin dönüş nöqtəsi
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların önündə gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il 14 iyul plenumunda Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması Azərbaycanın Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən amilə çevrildi.
Belə ki, sənayinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, müəssisələrin maddi-texniki bazası yaxşılaşdırıldı, çoxsaylı yeni komplekslər, emal zavodları istifadəyə verildi. Bunlar isə yüngül və yeyinti sənayesinin inkişafına təkan verdi. Sənaye sahəsinin inkişaf etdirilməsi, öz növbəsində, aqrar sektorun da tərəqqisinə təkan və töhfə verən əsas oldu. Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.
Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.
Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi.
Həyata keçirilən islahatlar sayəsində Azərbaycan SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi
Sözügedən dövrdə ümummilli inkişafın strateji detallarını aşkar etmək üçün sosial-iqtisadi tərəqqinin fonunda müxtəlif sahələrin dinamik inkişaf tempinə nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, təhsil sektorunda ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı gənclər Moskva, Leninqrad (indiki Sankt-Peterburq - red.), Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər ayrıldı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda Azərbaycan sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas xüsusiyyətləri idi.
Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi
Eyni zamanda, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.
Bütövlükdə, Ulu öndər Heydər Əliyevin bəhs olunan mərhələdə Azərbaycana rəhbərlik etdiyi dönəm tarixə inkişaf tendensiyaları ilə daxil oldu. Eyni zamanda, qeyd etdiyimiz kimi, siyasi-ideoloji müstəvidə həyata keçirilən işlər milli həmrəylik və bütövlüyümüzün təminatçısı rolunda çıxış etdi.
Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra da həyata keçirilən sistemli tədbirlər sayəsində Azərbaycan tənəzzüldən xilas oldu, dirçəliş yoluna qədəm qoydu. Bu sırada təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması xüsusilə qeyd edilməlidir. Bunlarla yanaşı, bu dövrdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Bundan sonra vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətini stimullaşdırdı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq-demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə, öz növbəsində, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Bundan başqa, səmərəli xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndi, ölkəmiz dünya siyasətində etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Ümummilli liderin əsasını qoyduğu siyasət uğurla davam etdirilir
Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bununla yanaşı, həyata keçirilən siyasət sayəsində Azərbaycan Respublikasının siyasi sisteminin inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Prezident İlham Əliyevin siyasi kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu da ölkəmizdə fərdlərin siyasi iştirakçılıq səviyyəsini artırmaqla yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə, siyasi-hüquqi islahatların davamlı xarakter daşımasına, ümumiyyətlə, müstəqilliyin möhkəmlənməsinə təkan verir.
Bununla yanaşı, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırır. Bütövlükdə, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
“Yeni
Azərbaycan”ın
Analitik Qrupu
Yeni Azərbaycan.-2016.- 14 iyul.- S.3.