Azad mətbuatın inkişafı jurnalist

məsuliyyətini daha da artırır

 

YAP Siyasi Şuranın üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə

- Vüqar müəllim, milli mətbuatımızın 141 illiyi tamam olur.  Təbii ki, mətbuatımızın inkişaf tarixindən bəhs edərkən,  dövlət müstəqilliyimizin bərpasından sonrakı dövr daha çox xarakterizə edilir.  Müstəqillik tariximizin 25 ili Azərbaycan mətbuatında  hansı mühüm hadisələrlə yadda qalıb?

- Öncə bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Bayram günlərində keçdiyimiz yola nəzər salıb, gələcəyimiz üçün bir nəticə əldə etmək  bir  ənənəyə çevrilib.  25 illik müstəqillik tariximizin ilk əvvəllərində yaşananlar hər birimizə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı  və s kimi  xalqın gələcəyə ümidini itirən məqamlar həmin illərin səciyyəvi  xüsusiyyəti idi. Dahi şəxsiyyət Heydər Əliyev  belə çətin  məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış digər sahələr kimi mətbuatın da inkişaf tarixində yeni bir mərhələnin təməlini qoydu. Məhz  ölkəmiz müstəqillik əldə  etdikdən sonra  hər il  iyul ayının 22-si,  yəni, ilk milli mətbuatımız olan «Əkinçi» qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur.  Azərbaycanın  25 illik müstəqillik tarixinin  1993-cü ilin iyun ayından başlanan inkişaf yolundan bəhs edərkən bu fikri böyük fəxr və inamla qeyd edirik ki, bu tərəqqinin, inkişafın möhkəm təməli məhz ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə qoyulub. Həmin dövrlərdə  mətbuat azad olmasa da, bütün kütləvi informasiya vasitələri vahid ideoloji xəttə xidmət edib  bu çərçivədən kənara çıxmasa da   reallıqlardan biri bu idi  ki,  həmin dönəmdə  ümummilli lider Heydər Əliyevin  fəaliyyəti nəticəsində Azərbaycanda mətbuatın maddi-texniki bazası möhkəmləndirildi, yeni peşəkar  jurnalist nəsli  formalaşdırıldı. Bu möhkəm təməl Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  növbəti uğurların əldə olunmasında çox mühüm rol oynadı. Təbii ki, möhkəm təməl üzərində qurulan binanın növbəti mərtəbələrini ucaltmaq çətin deyil. Bu gün həmin binanın ən yüksək mərtəbələrini görməyimizdən qürur hissi keçiririk. Əsas budur ki, cəmiyyətin güzgüsü olan mətbuat bu reallıqları olduğu kimi, heç bir qərəzə yol vermədən, obyektiv şəkildə ictimaiyyətə çatdırsın.

Dövlətimizin  başçısı möhtərəm İlham Əliyevin  «Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir» fikri Azərbaycan mətbuatının  dünəninə, bu gününə və gələcəyinə bir  baxış, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün əsasdır. Əvvəldə də qeyd etdiyim kimi, tarixin yaddaşı, zamanın hakimliyi fonunda  bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün  inkişafın yeni mərhələsini yaşayır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan   ulu öndər Heydər Əliyevin   Fərmanı ilə senzuranın ləğvi  demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın  inkişaf strategiyasına uyğun olaraq bugünkü inkişaf yolumuza işıq salmaqdadır. Bir sözlə,  azad mətbuatın inkişafına əngəl yaradan  süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə  mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lərlə bağlı  problemlərə operativ və prinsipial müdaxilə  edərək həllinə nail olunması ulu öndər Heydər Əliyevin azad sözə və jurnalist əməyinə  münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq,  ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.  Son 13 ildə Heydər Əliyev siyasətini və ənənələrini  müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev  cəmiyyət həyatında mətbuatın rolunu  yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası bu vacib məqam önə çəkilir ki,  müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilməsi kimi mühüm bir vəzifə durur. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatın qarşısına qoyduğu əsas tələblərdəndir.

Keçilən yolun təhlili əsasında  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olduğunu daha aydın görürük. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana  rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on üç  ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkəmizdə 4 minə yaxın  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol  oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. İnternet istifadəçilərinin sayı 75 faizdən çoxdur. Son 13 ilin mühüm hadisələri sırasında  2005-ci ildə «Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında», «Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında» sərəncamları xüsusi qeyd etməliyik.  Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması  mətbuata diqqət və qayğının göstəricilərindəndir. Azərbaycan milli mətbuatının 135  və 140 illik  yubileyləri də dövlət başçısının biri-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin sərəncamları əsasında  kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi,  onlarla jurnalistin fəxri adlar və «Tərəqqi» medalı ilə  təltif edilməsi,  mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin  tikilməsi məqsədilə  dövlət  büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında   Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  maliyyə vəsaitinin ayrılması media ictimaiyyətinin rəğbətlə qarşıladığı mühüm hadisələr sırasındadır.  Milli mətbuatın 138 illiyində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə  jurnalistlər üçün tikilən ilk bina istifadəyə verildi. Mərasimdə dövlətimizin başçısı cənab İlham Əliyevin söylədiyi «Bildiyiniz kimi, bu evdə  mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır.  Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə  ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir.  Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə  çox sağlam ab-hava vardır. Əlbəttə ki,  jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki  fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir» fikirləri ölkəmizdə mətbuatın azad, müstəqil olmasının, ən əsası hansı mövqedə olmasından asılı olmayaraq bütün mətbu orqanlara eyni yanaşmanın təsdiqidir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin 2008-ci il 31 iyul tarixli «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı, bu sənədə  uyğun olaraq  dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da azad mətbuatın inkişafına xidmət edən addımların əsas tərkib hissələrindəndir.

Məhz bu diqqət və qayğının nəticəsi olaraq dövlətimizin başçısı İlham Əliyev iki dəfə  «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən  «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. «Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir» söyləyən möhtərəm Prezidentimiz  İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq,  bundan sonra da  Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: «Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.» Ölkə Prezidenti   bir daha təsdiqləyir  ki, dövlətimiz  demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşısında duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

- Heç şübhəsiz ki,  ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə  milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Mətbuat orqanları dövlətçiliyimizin inkişafına xidmət missiyalarını hansı səviyyədə yerinə yetirirlər?

- Azərbaycanın 25 illik müstəqillik tarixinin bələdçisi olan mətbuat  bu yolun heç də hamar olmadığının şahididir. Təbii ki,  Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan özünün unikal inkişaf modeli ilə dünyanın diqqətindədir. Etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir. Dünyanın ən islahatçı, xoşbəxt ölkəsi, Cənubi Qafqaz regionunun parlayan ulduzu kimi tanınır və nüfuz qazanır.  Hər zaman bu tələb öz aktuallığını saxlayır ki, ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lər  ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdiklərini düşünməli, hər gün özünə hesabat verməlidir. Cəmiyyətin informasiya tələbatını yalan, qərəzli, heç bir mənbəyə əsaslanmayan  məlumatlarla ödəməyə çalışan mətbu orqana  inamdan danışmaq qeyri-mümkündür. Mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi əsasında   daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazıları oxucuya çatdırmaq,  verilişləri tamaşaçıya təqdim etmək olar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları  vardır. Dövlətimizin başçısı cənab İlham Əliyevin  bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif  baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir.  Hər bir normal cəmiyyətdə  bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun  vətənpərvərlik duyğuları əsasdır. 2014-cü ilin avqustun əvvəlində  Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində  müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet  resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti  dövlət orqanlarının  informasiyanın verilməsinə  məsul olan  struktur bölmələrinin öz funksiyalarını lazımi səviyyədə  yerinə yetirə bilməməsini açıq nümayiş etdirmişdir. Həmin ərəfədə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də   cəbhə xəttində  vəziyyət barədə yanlış  məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş  hərbçilərin sayının süni şəkildə  şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə  bölgəsində  yaşayan əhali  və ölkə ictimaiyyəti arasında  çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret  faktlar göstərilərək, xəbərdarlıq edilmişdir.  Bildirilmişdir ki,  dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə  edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq  məsuliyyət  yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin  «Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində  bəzi təhlükəsizlik tədbirləri haqqında» Sərəncamında da bildirilir  ki, əsassız, ictimai rəyi əks etdirməyən təxribat xarakterli   məlumatların qarşısının alınmasında güclü vasitə olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılması baxımından daha önəmlidir.

Təbii ki, bu günümüzün əsas çağırışlarından biri informasiya təhlükəsizliyinin təmin edilməsidir. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini hər zaman öndə saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin «İnformasiya təhlükəsizliyi sahəsində  fəaliyyətin təkmilləşdirilməsi haqqında» Fərmanı bu sahədə mövcud problemlərin həllində mühüm mexanizmdir.

Daim bu reallıq qeyd edilir ki, hər bir demokratik cəmiyyətdə müxalifətin olması mütləqdir. Amma müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Həqiqət çarçısı olan mətbuat dövlətçilik maraqlarını hər şeydən üstün tutmalı, Azərbaycan reallıqlarının ölkə və dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına öz töhfəsini verməlidir. Bir məqamı da unutmayaq ki,  informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçimi çətinlik yaratdığından, bu informasiyanın ictimai fikrə müsbət və mənfi təsirinin fərqində olmalıyıq.

- Vüqar müəllim, mətbuatın inkişafında əsas amillərdən biri də jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasıdır. Bu istiqamətdə görülən tədbirləri necə dəyərləndirirsiniz?

- Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışlarında daim jurnalist peşəkarlığına və məsuliyyətinə xüsusi diqqət yönəldir. Möhtərəm Prezidentimizin jurnalistlər üçün tikilmiş binada  mənzillərin paylanması  mərasimində  söylədiyi fikirləri bir daha xatırlatmaq istərdim: « Jurnalistlərin məsuliyyəti də əlbəttə ki,  daim müzakirə mövzusudur. Xüsusilə azad  mətbuat olan halda jurnalistlərin məsuliyyəti  ön plana çıxır.  Mən şadam ki,  son illər ərzində  bu istiqamətdə   müsbətə doğru  irəliləyiş  vardır, jurnalistlər  öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da  az-az rast gəlmək olur. Bu da jurnalistlərin  məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə  hər hansı bir  yalan məlumatın ömrü  uzun ola bilməz. Ona görə jurnalistlərin məsuliyyəti  hesab edirəm ki,  gələcəkdə də daim diqqət mərkəzində  olmalıdır. Bilirəm ki,  jurnalist ictimaiyyəti,  Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında  məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu  məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların  məsuliyyəti bəlkə də  daha da çox olmalıdır.» Dövlətimizin başçısı, eyni zamanda, bu inamı ifadə edir ki, media sahəsində  gələcək inkişafı müstəqil,  sözün  əsl mənasında, müstəqil medianın gücləndirilməsində  görürəm.

Jurnalist peşəkarlığının artırılması istiqamətində  addımlar davamlıdır.  Möhtərəm Prezidentimiz İlham Əliyev jurnalistlərin vətənpərvər  olmalarını ən vacib amil kimi diqqətə çatdırır: «Bütövlükdə  Azərbaycan jurnalistikası  öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Xüsusilə gənc müstəqil dövlətlərdə  vətənpərvərlik hissləri daha da güclü olmalıdır və  daim mən bu məsələ ilə bağlı  öz fikirlərimi bildirirəm. Bir daha demək istəyirəm ki,  bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz  vətənpərvərlik  ruhunda  böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın  bu sahədə  çox böyük rolu vardır.»

Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alsaq, bu gün cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərinin nədən ibarət olduğunu daha aydın görə bilərik. Möhtərəm Prezidentimizin  yuxarıda qeyd etdiyimiz fikrindən də göründüyü kimi,  ölkəmizdə jurnalist peşəkarlığı və məsuliyyəti heç də aşağı səviyyədə deyil.  Amma əgər zaman dəyişirsə,  qarşıya yeni tələblər çıxırsa,  sözsüz ki,  cəmiyyətin güzgüsü olan mətbuat da təkmilləşdirilməli,  jurnalist peşəkarlığı və məsuliyyəti daha da artırılmalıdır. Bu istiqamətdə  Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  həyata keçirdiyi tədbirlər və layihələr  təqdirəlayiqdir. Azərbaycan Mətbuat Şurasının  qarşısında duran əsas məqsədlərdən biri  jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etmələrinə ictimai nəzarətin həyata keçirilməsi, «reket jurnalistikası»na qarşı mübarizədir.  Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının  artırılması işində müsbət  nəticələr əldə etmişdir.  Dövlətimizin başçısı cənab İlham Əliyev   Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrikində bu məqamı xüsusi qeyd etmişdir ki,  Azərbaycan jurnalistlərinin I qurultayında  mətbuatın  özünütənzimləmə orqanı kimi  yaradılmış Mətbuat Şurası media-dövlət,  media-cəmiyyət münasibətlərinin  müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında  əhəmiyyətli rol oynamışdır. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə  Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında  münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından  sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun    Mətbuat Şurasının icra hakimiyyətləri və nazirliklərlə birlikdə   günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri təşkil etmələri, qaliblərin   mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə  yönəlmiş ən mütərəqqi  addımlardır. Fond  yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur. Dövlətimizin  başçısı cənab İlham Əliyev  Mətbuat Şurasının yeni binasının açılışında bildirmişdir: «Hesab edirəm ki,  peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz bu reket məsələləri də  aradan qaldırılacaqdır.  Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan  başqa məqamlar da aradan  qaldırılacaqdır.  Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır.»

- Dövrün tələblərindən biri də internet jurnalistikasının inkişafıdır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- İnformasiya cəmiyyəti elə  cəmiyyətdir ki,  burada əhalinin böyük hissəsi  müasir informasiya texnologiyalarından istifadə etməklə  informasiyanın  istehsalı,  saxlanması, emalı və  ötürülməsi ilə məşğul olur.  Artıq virtual məkanın yaratdığı imkanlar hesabına bir ölkədə yaşamaqla digər ölkədə cərəyan edən hadisələr barədə dolğun məlumat əldə etmək mümkündür.  Müasir texnologiyalar imkan verir ki, fiziki imkanları məhdud olan şəxslər də internet vasiətsilə jurnalist kimi fəaliyyət göstərsinlər. Bütün bunlar internet jurnalistikanın əhatə dairəsinin genişlənməsini, inkişafını stimullaşdıran əsas amillərdəndir. Müqayisəli təhlillər fonunda bir daha təsdiqlənir ki, zaman dəyişdikcə təkmilləşmə bir tələb kimi ortaya qoyulur. Əvvəllər  insanlarda informasiya əldə etmək üçün oxumağa, radioya qulaq asmağa,  televiziyanı izləməyə ehtiyac yaranırdısa,  bu gün artıq həyatımızın  ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında  münasibətlərin yaranmasında  xüsusi rolu olan sosial şəbəkə, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan,  cəmiyyətin hər  üzvünü hadisələr haqqında məlumatlandıran internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.  Əsas məsələ  internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların  ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında    peşəkarlığın səviyyəsini qorumaqdır.     

- Vüqar müəllim, ölkəmizin çoxsaylı mətbu orqanları sırasında öz dəst-xətt ilə seçilən «İki sahil» qəzeti bu günlərdə 25 illiyini qeyd etdi. Rəhbərlik etdiyiniz qəzetin keçdiyi yolu necə şərh edərdiniz və gələcək üçün hansı bazanı formalaşdırdığını göstərə bilərdiniz?

- «İki sahil»in yaranmasının ölkəmizdə  ictimai-siyasi  durumun gərgin olduğu, Azərbaycanın böyük faciələrlə üz-üzə qaldığı bir vaxta təsadüf etdiyini nəzərə alsaq,  dövlətə xidməti fəaliyyətinin əsas prinsipinə çevirən, «düzü düz, əyrini əyri» yazmağı qarşısına  məqsəd  qoyan mətbuat orqanı üçün hansı çətinliklərin, təzyiqlərin mövcudluğunu  aydın təsəvvür etmək mümkündür. «İki sahil» o dövrün reallıqlarını ictimaiyyətə çatdırmaqdan çəkinmədi.  Öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxdı.  Qəzetin səhifələrində Azərbaycanın bu günü və gələcəyi naminə dahi şəxsiyyət Heydər Əliyevin  hakimiyyətə qayıdışının vacibliyi qeyd olundu. Azərbaycan xalqının böyük əksəriyyətinin idarəsinin ifadəsi olan 91 nəfər ziyalının   ümummilli lider Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» sərlövhəli müraciəti qəzetimizin səhifələrində geniş yer aldı. Müraciətdə də bu fikir xüsusi qeyd olunurdu ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Aydındır ki, bu müraciətin  əsas məqsədi geniş xalq  kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiyanın yaradılması, ona ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi idi.  Müraciətdə Ulu Öndərə xitabən bu əminlik də ifadə olunmuşdu ki, yalnız Sizin rəhbərliyiniz sayəsində  yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan  xalq kütləsini  öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan  boşluğu  dolduracaq, dövlət quruculuğu işində öz layiqli töhfəsini  verə biləcək. Ümummilli Lider Azərbaycan ziyalılarının müraciətinə cavabı ilə bir daha xalqla həmrəyliyini nümayiş etdirdi.  Yaradılacaq partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirən ümummilli lider Heydər Əliyev  bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi  rol oynaya bilər.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 700 minə yaxın üzvü birləşdirən  Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranmasını zərurətə çevirən həmin dövrün reallıqları oldu.   Bütün bu keçilən yol «İki sahil» qəzetində geniş işıqlandırıldı, ictimaiyyət nümayəndələrinin fikir və mülahizələri, rəyləri dərc olundu, ümumi fikir bu oldu ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik tarixinin yeni səhifəsini yazdı. Azərbaycan parçalanmaqdan xilas oldu, yeni Azərbaycan quruldu. İllər bir-birini əvəzlədikcə Azərbaycan uğurları ilə dünyanın diqqətində dayandı. Qısa zamanda sabitlik diyarına çevrilən ölkəmiz  eyni zamanda əməkdaşlıq məkanına çevrildi.    «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» bəyan edən ulu  öndər  Heydər Əliyevin  22  il əvvəl  əsasını  qoyduğu  yeni  neft  strategiyası,  bu  strategiyanın təməlində  dayanan  «Əsrin müqaviləsi»  Azərbaycanın  bugünkü    gələcək  yoluna  işıq  saçır. Azərbaycanın zəngin təbii resurslarının  dünya  bazarlarına  çıxarılması,  neft  gəlirlərinin  ölkəmizin  hərtərəfli inkişafına,  xalqımızın  rifahının  yüksəlməsinə  sərf  edilməsi  Ulu  Öndərin  gələcəyə hesablanmış  fəaliyyətində  əsas  yer  tuturdu.  SOCAR-in təsisçiliyi ilə fəaliyyət göstərən  «İki sahil» ölkəmizin hərtərəfli inkişafının təməl daşı olan iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qazanılan uğurların təbliğatçısına çevrilərək, bu gün də  bu missiyanı uğurla yerinə yetirir.

1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə  imzalanan  «Əsrin müqaviləsi» ilə icrasına başlanan  qlobal enerji layihələri beynəlxalq əməkdaşlığı genişləndirməklə  xarici sərmayələrin ölkəyə gətirilməsi prosesini gücləndirdi. Enerji təhlükəsizliyi məsələlərinə diqqəti artırmaqla  iqtisadi yüksəlişinin təməli qoyulan Azərbaycan  müstəqil siyasət  yeritdi. Vaxtilə çoxlarına əfsanə kimi görünən   Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrilməklə, bu gün artıq regional müstəvidən çıxıb, qlobal xarakter daşıyır. Möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihələr olmasaydı, bu gun  «Cənub Qaz  Dəhlizi»ndən  söhbət gedə bilməz, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə  başqa istiqamətdə həll olunardı:  «Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda   yeni imkanlar, yeni üfüqlər  açılır.»

Uğurlar biri-birini əvəzlədikcə dövlətə və dövlətçiliyə xidmət yolunu tutan  «İki sahil» qəzetinin səhifələrndə müşahidə olunan informasiya bolluğu diqqətdən yayınmır, oxucu auditoriyası daha da genişlənir. Qəzetin hər sayında dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər rəqəmlərin dili ilə ictimaiyyətə çatdırılır. İqtisadi tərəqqinin hər bir sahənin inkişafı üçün stimul olduğu əsaslı şəkildə şərh edilir.  Bu inkişafa verdiyi töhfələri  daim yüksək dəyərləndirilən SOCAR və onun  ayrı-ayrı strukturlarının gördüyü işlər, qarşıya qoyduğu planlar qəzetimizdə xüsusi yer tutur. Bu gün adı beynəlxalq şirkətlər sırasında qeyd olunan SOCAR fəaliyyət istiqamətlərini genişləndirməklə uğurlarının davamlılığını yüksək səviyyədə təmin edir.

Təbii ki, uğurlarımız çoxdur. Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Ölkəmizin hər sahədə qazandığı uğurlar «İki sahil»in səhifələrində yer alır. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda  çətinliklərin  aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə  kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bu qayğını qəzetimiz hər zaman hiss edir, yüksək dəyərləndirir. Qəzetimizdə  mövzu rəngarəngliyi, müəyyən məsələlərə yanaşma tərzi  məsuliyyətli yaradıcı mühitin mövcudluğundan xəbər verir. 25 ildə qəzet  jurnalist fəaliyyətinə başlayanlar üçün təcrübə məktəbi oldu.  Bu gün vaxtilə qəzetin əməkdaşı olanlar ayrı-ayrı mətbu orqanlara rəhbərlik edir,  qazandıqları təcrübəni kollektivin əməkdaşları ilə bölüşürlər. Məsuliyyət varsa, peşəkarlıq da olacaq.  Bu isə özü-özlüyündə  yüksək səviyyəli  yazıların  yaranmasına yol açır. «İki sahil» 25 ildə qazandığı uğurlar fonunda gələcəyə doğru inamla addımlayır. «İki sahil»in daim yeniləşən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq geniş tamaşaçı  kütləsi qazanan «İki sahil» internet televiziyası cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz töhfəsini verməyə səy göstərir. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı  dünənki sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artsın. Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətinin önündə saxlayan mətbuat orqanı olaraq qazandığımız uğurlar dövlətimizin 25 illik müstəqillik tarixi ilə sıx bağlıdır. Qazanılan uğurlar 25 illik zaman kəsiyini xeyli zənginləşdirdiyi üçün əldə olunanları bir qəzet yazısı çərçivəsində əhatə etmək  qeyri-mümkündür.   Ötən illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi «Əməkdar jurnalist» fəxri adına və eyni zamanda «Tərəqqi» medalına layiq görülmüşdür. Etimad böyük məsuliyyətdir. Bu məsuliyyəti yüksək səviyyədə dərk edərək, müstəqil, azad  mətbuatın inkişafına öz töhfəmizi daha da artırmağımıza çalışırıq.  

 

Yeni Azərbaycan.- 2016.- 22 iyul.- S.6.