Luvr muzeyində istedadlı gənc rəssam Məryəm
Ələkbərlinin fərdi sərgisi açılıb
Fransanın məşhur Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalında istedadlı gənc rəssam Məryəm Ələkbərlinin Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”sinə həsr edilmiş fərdi sərgisi açılıb.
Sərgini açan qalereyanın direktoru Miryam Anone-Kastane Məryəmin yenidən bu festivalda iştirakından məmnunluğunu bildirib. O, Məryəmin yaradıcılığından söz açaraq gənc rəssamın rəng seçiminə, tablolarına heyran olduğunu bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Məryəm Ələkbərlinin fərdi sərgisinin milli bayramımıza, eləcə də ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına böyük töhfə olduğunu bildirib. O, Məryəmin Azərbaycan gənclərini təmsil etməsi ilə qürur duyduğunu qeyd edib. Diplomat gənc rəssamın əsərlərində duyulan işıq, sevinc və enerjinin onun qəlbindən axıb gəldiyini vurğulayıb.
Qeyd olunub ki, Məryəmin sərgisini Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”sinə həsr etməsi azərbaycanlı gənclərin fransız ədəbiyyatına olan marağını əks etdirir.
İncəsənət tarixçisi və sərginin təşkilatçısı Janett Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” poetik nağılı müxtəlif dünyaların iki nümayəndəsinin görüşündən bəhs edir: səhrada qəzaya uğramış təyyarəçi və başqa bir planetdən gələn balaca şahzadə. Təyyarəsini təmir etmək istəyən yaşlı şəxslə uşaq arasındakı dialoq mövqelərin dəyişməsinə gətirib çıxarır. Bu balaca şahzadə ağıllı yaşlı şəxsi öz yaradıcılıq qabiliyyətini aşkarlamağa və yenidən təyyarəsində uçmağa kömək edir.
Bu kitab müəllif ilə oxucular, tamaşaçı ilə əsər arasında görüşün metaforasıdır. Balaca şahzadənin həssaslığı və səmimiliyi Məryəm Ələkbərli kimi rəssamları xatırladır. Kövrəkliyi, başqalarının enerjisinə və dünyanın xaosuna həssaslığı ilə o, sakitlik və sükunət tələb edir.
Məryəm Ələkbərli fırçasını kətan üzərində gəzdirib ətrafında yeni sirli baxış yaradaraq dünyanı ram edir.
Məryəm Ələkbərlinin “Şahzadənin qızıl gülü” və “Qızıl gül bağı” əsərləri fırça ilə yaratdığı ecazkar bir mənzərədir, yüz minlərlə qızıl gül arasında bir qızıl gülü görməyə imkan verir. Tamaşaçı çoxluq arasında itmir və bədii surətdə ifadə olunmuş və bəslənilmiş bir gülün gözəlliyini aydın görür.
Məryəmin əsərlərində onu əhatə edən dünyanın çiçəklə təsvir edilməsi rəssamın təbiətə vurğunluğundan xəbər verir.
Bildirilib ki, səmimiliyi və həssaslığı gənc rəssamın gücüdür. O, keçirdiyi hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut edib.
Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən istedadlı gənc rəssam Məryəm Ələkbərli həyati duyğuları yaratdığı tablolarda özünəməxsus şəkildə əks etdirir.
Çıxışlardan sonra tanınmış caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar Məryəm Ələkbərlinin əsərlərinə baxıblar.
Sərgi çərçivəsində “Məryəmin sehrli dünyası” adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.
Luvr muzeyinin
Karusel qalereyasında Məryəm Ələkbərlinin
fərdi sərgisi mayın 29-dək davam edib
Yeni Azərbaycan.-
2016.-1 iyun.- S.6