Gəncədə “Multikulturalizm çərçivəsində milli və dini icmaların
həmrəylik nümayişi” adlı tədbir
keçirilib
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 May - Respublika Günü ərəfəsində Gəncə şəhərində, “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir keçirib. “Multikulturalizm ili” çərçivəsində, Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirin məqsədi Azərbaycan xalqının mutikulturalizm və tolerantlıq dəyərlərinə verdiyi önəmi göstərmək və milli və dini icmaların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq olub.
Tədbirdə çıxış edən AGAT sədri Nərgiz Xələf Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətini vurğulayıb. N.Xələf qeyd edib ki, bu gün Azərbaycanın bütün vətəndaşları Dağlıq Qarabağ məsələsində möhkəm birlik və həmrəylik göstərir, bu məsələdə cəmiyyətimizdə heç bir fikir ayrılığı yoxdur.
Tədbirdə çıxış edən ölkəmizdə yaşayan müxtəlif icmaların nümayəndələri bildiriblər ki, Azərbaycan əsrlərlə çoxsaylı xalqların, millətlərin və müxtəlif din təmsilçilərinin sülh və qardaşlıq şəraitində yaşadığı ölkə olub. Onlar ölkəmizi öz vətənləri hesab etdiklərini söyləyib, Azərbaycana məxsus adət-ənənələrlə yanaşı öz milli adətlərini qoruyub saxladıqlarını da vurğulayıblar.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı Samirə Həsənova və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev də çıxış edərək Gəncənin Azərbaycanın mutikulturalizm dəyərlərinin təbliğinə verdiyi töfhələrdən bəhs ediblər.
Sonda Azərbaycanda yaşayan müxtəlif
millətlərin nümayəndələri və dini icmalar tərəfindən
işğal siyasətini pisləyən,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq norma
və prinsiplərinə uyğun həll
olunmasına çağıran bəyanat qəbul olunub.
Yeni Azərbaycan.-
2016.-1 iyun.- S.6
.