“ÜNS” Yaradıcılıq Səhnəsi Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını uğurla təqdim edib

 

“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrında Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını böyük uğurla təqdim edib.

Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək bənzərsiz maestro Roman Viktyuk tamaşaçılara dramatizmi ilə ovsunlayan bir pyes təqdim edib. Əsərin müəllifi daha çox Pavel Ariye kimi tanınan Pavel Alekseyevdir. Ukraynanın ən istedadlı dramaturqlarından hesab olunan Pavel Ariyenin pyesləri rejissorlar tərəfindən yüksək qiymətləndirilir və tamaşaçılar tərəfindən sevilir.

“Zamanların əvvəli və sonundapyesi dünya miqyaslı faciədən - Çernobıl atom elektrik stansiyasındakı (AES) partlayışdan bəhs edir. Özünə (həm də bütün tamaşaçılara) ən yaxşı hədiyyə kimi Roman Viktyuk çox çətin bir əsərə səhnə quruluşu verib. Bu, mübahisəli, baxılması ağır olan, eyni zamanda, vazkeçilməz pyesdir. Bu, həyat və ölüm, sadə gün-güzəran yumoruxalq hikməti, qaçaraq, təmənnasız, nəticəsi düşünülmədən göstərilən şücaət haqqında dramatik hekayətdir.

Çernobıl AES-də qəza bir çox insanların həyat tarixçələrinə qayıdış nöqtəsi oldu. Bu, zamanların sərhədi, heç vaxt uzanıb getməyəcək “əvvəl” və “sonra” arasındakı məqam barədə tamaşadır. Həyat artıq əvvəlki kimi olmayacaq, lakin illər ötüb keçir, deyirlər ki, radiasiya səviyyəsi azalır və zaman yaraları sağaldır. Yaşayış üçün rəsmən yararsız sayılan ərazilərdə yerli əhali hələ də gün-güzəran keçirir. Bu, onların torpağıdır, torpağın dəhşətli, düzəlməz dərəcədə zəhərlənməsinin fərqinə varan yoxdur. Parlaq aktyor heyəti (Oleq İsayev, İqor Nevedrov, Lyudmila Poqorelova, Aleksandr Semyonov, Aleksandr Dzyuba) tamaşaçıları səhnədə baş verənlərə bir dəqiqə belə biganə qoymur.

Pyesdəki hadisələr Çernobıl AES-in yaxınlığında, Pripyat çayının kənarında yerləşən kəndlərdən birində cərəyan edir. Tamaşada başqaları kimi doğma yerlərini tərk etməyən, doğulduğu yurdda yaşamağa davam edən insanların keçirdiyi qorxu, sağ qalmaq və vahimə hisslərindən, psixoloji gərginlikdən söhbət açılır. Bir zamanlar həyatın coşub-daşdığı, bağların çiçək açdığı, təkcə insanların yox, hətta vəhşi heyvanların özünü rahat hiss etdiyi bu yerlər indi yadlaşmış zonadır. Amma burada təkcə mətanət və cəsarət, hətta yumor və səmimi insan sevinci hələ də qalır. Heç nəyə əhəmiyyət vermədən sağ qalmaqyaşamaq - dünyaya bundan ötrü gəlmək və getmək lazımdır...

Bütövlükdə, həyat yerində saymır və o hər yerdə mövcuddur - əvvəldə də, sonda da. Bu həyati həqiqət tamaşanın leytmotivinə çevrilir.

Heyranedici rejissor quruluşu! Əla oyun! Tamamilə ovsunedici iki saatlıq hekayət mövsümün parlaq teatr təəssüratı oldu və tamaşaçı auditoriyasının sürəkli alqışları ilə qarşılandı.

Xatırladaq ki, iyunun 1-də Roman Viktyuk Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin “Çəkməli pişik” tamaşasını göstərib. İyunun 2-də saat 20:00-da isə “ÜNS” teatrında Roman Viktyukun yaradıcılıq gecəsi keçiriləcək.

Yeni Azərbaycan.- 2016.-2 iyun.- S.8