Azərbaycanın
regionlarında təsərrüfat ənənələri bərpa
olunur
Hər bölgənin öz potensialına və tarixən
qazanılan təcrübəsinə uyğun
ixtisaslaşmanın aparılması sayəsində
respublikamızın ixrac imkanları daha da genişlənir
Regionlarda aqrar sektorda məhsuldarlığın artırılmasında hər bölgənin fərqli ənənələrinin və coğrafi-iqlim xüsusiyyətlərinin nəzərə alınmasının böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin aqrar sektorda məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi, bu yolla ölkəyə valyuta daxilolmalarının çoxaldılmasına nail olmaq üçün gündəmə gətirdiyi vacib məsələlərdən biri məhz hər bölgənin öz potensialına, ənənələrinə uyğun ixtisaslaşmanın aparılması və ayrı-ayrı iqtisadi zonalar üçün fərqli subsidiya paketinin hazırlanması ilə bağlıdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
Astarada çayçılığın böyük inkişaf potensialı var
Astarada gəlirli sahə olan çayçılığın geniş inkişaf perspektivləri ilk növbədə onunla şərtlənir ki, rayonda tarixən bu sahədə zəngin ənənələr formalaşıb. Bu baxımdan rayonda “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Sex çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlamaq üçün nəzərdə tutulub. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd edək ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Uzunömürlü çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında sovet dövründə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. “Astaraçay” kimi müəssisələrin istifadəyə verilməsi isə, ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Lənkəranda yeni sitrus plantasiyaları salınır
Azərbaycanın dilbər guşələrindən olan Lənkəranın sitrus bağlarının şöhrəti ölkəmizin hüdudlarından uzaqlara yayılıb. Sovet dönəmində burada yetişdirilən müxtəlif növ sitrus meyvələri keçmiş ittifaqın ayrı-ayrı regionlarına və uzaq xaricə göndərilirdi. Hazırda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq burada yeni sitrus bağları salınır. Ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və bu da 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetika, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.
Göyçayda nar bağlarının sahələri genişləndirilir
İndiki şəraitdə aqrar sektorda qarşıda duran əsas vəzifələrdən biri də xarici istehlak bazarlarına daha çox həcmlərdə meyvə çıxartmaqdan ibarətdir. Hazırda Azərbaycan özünün meyvəyə olan tələbatını 191 faiz ödəyir. Statistikadan da göründüyü kimi, respublikamız meyvəyə olan daxili tələbatı nəinki tam şəkildə daxili istehsal hesabına ödəmək iqtidarındadır, hətta bu sahədə geniş ixrac imkanlarımız da mövcuddur.
Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Gəlirli sahə olan narçılıq ənənələrə uyğun olaraq Göyçayda daha sürətlə inkişaf edir. Göyçayın tarixi narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Hazırda bu rayonda narın 67 sortu yetişdirilir. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi bu rayonun payına düşür. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3920 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. Göyçay narı dadına, tamına, növlərinin sayına, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə seçilir.
Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqələri fəaliyyət göstərir. Fərdi təsərrüfat sahibləri həmin məntəqələr vasitəsilə narı emal müəssisələrinə satırlar. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə məhsullar istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir.
Pambıqçılıqda məhsuldarlığı artırmaq üçün geniş imkanlar mövcuddur
Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılığa diqqət çəkən başqa bir amil satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var.
Artıq respublikamızın ayrı-ayrı regionlarında Prezident İlham Əliyevin verdiyi müvafiq tapşırıqlara uyğun olaraq pambıqçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülməyə başlanılıb. Hədəflərə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Ölkənin 24 rayonunda 50-55 min hektar ərazidə pambıq becərilməsi üçün torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanıb. Kənd təsərrüfatının bu sahəsində təxminən 6 min nəfər işlə təmin olunub.
Ayrı-ayrı rayonlarda pambıq əkini daha intensiv şəkildə həyata keçirilib. Pambıqçılıq sahəsində zəngin ənənələrə malik Bərdə rayonunda 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilələr bağlanıb.
Biləsuvar rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən, rayonun gəlirləri də əsasən aqrar sahədə məhsul istehsalından əldə olunur. Rayonda pambıqçılığın inkişaf etdirilməsi qərara alınıb. Cari ildə rayonda əhalinin məşğulluğunun təmin edilməsində xüsusi əhəmiyyət daşıyan pambıqçılığın inkişafı üçün 6 min hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub.
Saatlıda cari mövsümdə pambıqçılıq üçün 8 min 21 hektar sahə ayrılıb. O cümlədən uzun illərdən bəri rayonun Bəylər kəndi ərazisində, eləcə də Arazqırağı və Mil-Muğan kollektorunun ətrafında istifadəsiz qalan torpaqlar əkin dövriyyəsinə qaytarılıb. Rayonda iri fermerlərlə yanaşı, 3-4 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar. Onlar müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikaları, toxum, dərman preparatları və gübrələrlə təmin olunurlar. Gələcəkdə rayonda pambıq sahələrinin 15 min hektara çatdırılması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 4 iyun.- S.11